İsrail Dəməşqi darmadağın etdi

26/12/2018 - 22:19 13 909 0   0  

KİV-lər İsrail aviasiyasının ötən gün dekabrın 25-də axşam Dəməşq ətrafına endirdiyi kütləvi aviazərbələrə dair yeni təfərrüatları çatdırır. Bildirilir ki, Suriya Hava Hücumundan Müdafiə qüvvələri İsrail təyyarələrini vurmağa cəhd edərkən S-200 zenit-raket komplekslərini tətbiq edib. İsrailin Hava Hücumundan Müdafiə sistemi işə düşüb və “Petriot” raketləri buraxılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə İsrailin Suriya ilə həmsərhəd bölgələrinin sakinləri ötən gecə güclü partlayışlar eşidiblər. Bunlar “Patriot” PAC-2GEM raketləri idi və Suriyanın S-200 raketlərinə qarşı buraxılmışdı.

Xəbərlərə görə Suriya raketləri Dəməşqə zərbələr endirən İsrail F-16 bombardmançılarına qarşı buraxılıb. Lakin həmin vaxt təyyarələr artıq İsrailin nəzarətində olan  Golan yüksəkliklərinin üzərində idi.

İsrailin DEBKA portalı Suriyaya hava zərbələrinin iki dalğada həyata keçirildiyini bildirir. “Etibarlı amerikalı mənbələrə” istinad edən sayt yazır ki, birinci dalğada F-16 “Sufa” bombardmançıları istifadə olunub. Onlar “Delilah” qanadlı raketləri ilə zərbələr endiriblər.

Suriya mənbələri iddia edir ki, bütün “Delilah” raketləri vurulub, hərçənd bunu təsdiq edən heç bir dəlil təqdim olunmur.

DEBKA bildirir ki, İsrail aviasiyası ikinci dalğada GB-39 “ağıllı” bombalarını tətbiq ediblər. Birinci dalğanın o qədər də uğurlu olmamasından sonra İsrail ordusu F-35 “Adir” qırıcılarını işə salıb. Məlumata görə zərbələrin əsas hədəfi “Hizbullah”a və İrana aid obyektlər yox, Suriya ordusunun obyektləri olub.

Suriya və Livan qaynaqları hücumun yarım saat çəkdiyini bildirir. Suriya qaynaqları onu da bildirir ki, İsrailin ötən gecəki hücumu çox təhlükəli eskalasiyadır. Çünki hücum nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının “çox yüksək rütbəli komandiri” öldürülüb. Lakin digər mənbələr bu məlumatı təsdiqləmir.