AZƏRBAYCAN AVROPANI RUSİYADAN ASILILIQDAN XİLAS EDİR... – Moskvanın rəsmi Bakıya adekvat cavabı nə ola bilər?

19/07/2022 - 12:50 3 165 0   0  

Ölkəmizin mühüm hadisələrə imza atdığı vaxtda bizi gözü götürməyən dövlətlərin hər an təxribata əl atacağı gözləniləndir. Xüsusilə də son nəfəsinin yetişdiyini, can verdiyini anlayan və bunu anladıqca da daha çox yırtıcılaşan Moskvanın və Ermənistanı tabeliyində olan vilayəti gözündə görən, eyni münasibəti bizə də tətbiq etməyi ürəyindən keçirən Tehranın simasında bu iki dövlətin Azərbaycana qarşı hər vəchlə təxribata əl ata biləcəyinin sübutlarını dəfələrlə görmüşük...

Rusiya ilə Qərbin mübarizəsi fonunda yaşanan qaz çəkişməsi daha geniş vüsət almaqdadır. Gündəmdə Avropanın özünü təminat altına almaq üçün alternativ qaz resursları əldə edə biləcək ölkələrə yönəlməsi mühüm yer tutur. Əlbəttə, qaz müharibəsinin arxa planındakı niyyət təkcə Avropanı rus qazından asılılıqdan xilas etməklə yanaşı, həm də Cənubi Qafqazın Rusiyanın təsirindən çıxarılmasıdır. Azərbaycanın isə əsas iki məqamı - Avropa ilə qaz sazişi bağlayaraq beynəlxalq arenada həm enerji ticarətində mühüm oyunçu olmaq, həm də regional geosiyasi üstünlüyümüzü təmin etmək məqsədini qeyd etmək yerinə düşər.

İlk öncə deyək ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana planlaşdırılmayan səfəri baş tutdu. Ağ Ev rəsmisi bu səfər çərçivəsində baş nazir Nikol Paşinyanla da görüşdü. Bu, sıradan hadisə deyildi. Sözsüz ki, ABŞ-ın baş kəşfiyyatçısının Ermənistana səfəri ən çox Kremlə mesajdır. Görüşün məqsədində açıqlanan rəsmi variant kimi tərəflərin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə etməsi təqdim olundu.

Bundan əvvəl isə "diplomatik trafik" çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı yenə bölgəyə göndərmişdi. O, İrəvanda görüşlər bitirdikdən sonra Bakıya gəldi və Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının nümayəndəsini qəbul etdi. 

ABŞ-ın bu Tiflis görüşünə reaksiyası həm də dövlət katibi Entoni Blinkenin, “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atıblar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, açıqlamasıyla ifadə olundu.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tiflis görüşünün ardınca ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin ölkəmizin XİN başçısı Ceyhun Bayramovla görüşü də keçirildi. Görüşdə Karen Donfrid Bakı ilə İrəvan arasında birbaşa ünsiyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Həmsöhbətlər həmçinin regionda situasiya və xüsusilə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin getməsi haqda fikir mübadiləsi aparıblar.

Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun başlanmasının əhəmiyyəti “regional çərçivə”dən qat-qat artıqdır və qlobal əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, üç-dörd stulda eyni vaxtda oturmaqla manevr etməyə çalışan İrəvan fürsətdən istifadə edərək Minsk qrupunu diriltmək arzusunu dilə gətirsə də, rəsmi Bakının regional geosiyasi mövqeləri çox güclüdür. Söhbət Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmasına uzun müddət hazırlığın getdiyi qaz sazişindən gedir. Sözsüz ki, AB ilə yeni enerji sazişinin imzalanması, Avropa Komissiyanın sədri Ursula von der Leyenin ölkəmizə səfəri Avropanın Rusiyadan qaz asılılığının bitirilməsində Azərbaycanın hansı önəmə sahib olduğunu vurğulayır. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirildi və Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Avropalı rəsmi, “Azərbaycan Prezidenti İlham Əliyevlə enerji və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin vəziyyətini müzakirə etdik”, - deyə tviterdə yazdı.

“İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, - deyə Ursula von der Leyenin gəlişinin məqsəd və məramını da ifadə etdi.

Azərbaycan prezidenti İlham Əliyevin isə, "Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir” açıqlaması strateji sazişin vəd etdiyi gözləntiləri təsvir edir.

Əslində, avropalı rəsminin açıqlamasından qaz sazişinin fəaliyyət istiqamətlərini müəyyən etmək olar. “Bu gün imzalanan memorandum əməkdaşlığımızı daha da gücləndirəcək. Bu sənəddən üç məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik". Birinci məqamdan yola çıxaraq deyə bilərik ki, Azərbaycanın müəllifi olduğy Cənub Qaz Dəhizinə Qazaxıstanla Türkmənistanın qoşulması layihənin tutumunu və gücünü daha da artıracaq. 

"Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir", - deyən Ursula von der Leyenin fikirləri Avropanın Azərbaycana bərpa olunan eneri mənbələrinə investisiya yatıracağı ehtimalını da yaradır.

"Nəhayət, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”, - deyə Avropa Komissiyasının prezidenti bildirib. Bu isə o deməksdir ki, Azərbaycanın qaz sahəsində görəcəyi istehsal işləri daha yüksək standartlara çatacaq. 

Bildirək ki, gözlənilən qaz sazişi tək Azərbaycanın deyil, bölgəmizin də qorunmasını, önəmini artıracaq və bizi gözü götürməyən ölkələrin təşəbbüsü ilə yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Söhbət Azərbaycanın başının üstünü ala biləcək təhlükələrdən, xüsusən də milli təhlükəsizliyimizə təhdidlərdən gedir. Başqa sözlə, qaz sazişi Cənubi Qafzaqda sülhün bərqərar olması və qorunması üçün “qoruyucu qalxan” olacaq.

Digər tərəfdən, bu saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək. İlk növbədə qaz gəlirləri artacaq, bundan başqa iqtisadi sahədə ölkəmizin Qərbə bağlantısını möhkəmləndirəcək və Bakını "vazkeçilməz partnyor" mövqeyinə gətirəcək. Söyləntilərə görə, uzun müddət idi ki, Azərbaycan ilə AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedirdi. Ola bilsin ki, indi imzalanan qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, yəni yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də gözlənilə bilər. Necə deyərlər, iqtisadi maraqlar siyasi maraqları doğurur və "siyasət ticarətə don geyindirir". Yəni siyasi maraqlar iqtisadi maraqları müəyyən qəlibə salır və siyasi maraq iqtisadi maraqlardan irəli gələn zəruri addımları atmağa vadar edir.

Xatırlayırsınızsa, Azərbaycanın müəllifi olduğu və irəli sürdüyü Cənub Qaz Dəhlizi təşəbbüsü hələ sabiq ABŞ prezidenti Donald Trampın xeyir-duasını almışdı və bu məqsədlə layihənin açıqlandığı foruma o, ABŞ-ın dəstəyini vəd edərək təbrik mesajı yollamıışdı. Layihə planlaşdırılan dönəmdə Qazaxıstan və Türkmənistanın da Rusiyadan yan keçməklə bura qoşulacağı gözlənilirdi və artıq bu gözləntilər özünü doğrultmaqdadır. Avropa İttifaqının enerji məsələləri üzrə vitse-prezidenti Maros Şefoviç Azərbaycanın əsas oyunçu olduğu Cənub Qaz Dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsində Aİ-nin həddindən artıq maraqlı olduğunu bəyan etmişdi və hazırda rəsmi Bakı Avropanın enerji təhlükəsizliyində əsas rol oynamaqdadır.     

Yeri gəlmişkən, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə çevrilmə strategiyası çərçivəsində addımlar atır. Belə ki, BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin bildirdiyinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin ötürücülük qabiliyyətini sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırmaq imkanı var. Aslanbəyli həmçinin bildirib ki, "Şahdəniz" yatağından qaz hasilatı ilin sonuna kimi 26 milyard kubmetr qazın pik həddinə çatacaq. O əlavə edib ki, hasilatın bu səviyyəsi yaxın bir neçə il ərzində də saxlanılacaq. Bundan başqa, rəsmi Bakının elektrik enerjisinin ixracını ildə 5 min MVta çatdırmaq iddiası da var. Azərbaycan elektrik enerjisinin potensial alıcı ölkələri Gürcüstan və Türkiyədir. Həmçinin, Qara dənizin dibi ilə Rumıniyaya kabel çəkilişi layihəsini və Rusiya-Azərbaycan-İran xətti boyunca sistemlərin sinxronlaşdırılmasını nəzərə almaq lazımdır. Eləcə də Bərpa Olunan Enerji Mənbələri hesabına yeni enerji gücünün artması gözlənilir. Mövcud enerji gücünün yarısını aşan elektrik enerjisinin ixrac ehtiyatlarının yaradılması vəzifəsi də qarşıya qoyulub.

Əlbəttə, Azərbaycanın qarşısına qoyduğu hədəfləri fonunda Ermənistanın əhəmiyyəti, yaxud əhəmiyyətsizliyi daha sönük görünür. Qərbin əsas məqsədi Rusiyanın əlindəki təsir dairələrini ondan qoparmağa, təşəbbüsü Kremlin əlindən almağa nail olmaqdır. Bəs Qərbin qarşıdan gələn qış soyuğundan qorunmasında mühüm rol alan Azərbaycan qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrlə kimi qıcıqlandıra bilər, yaxud kimin ayağını tapdalamış ola bilər? Ötən həftənin mühüm açıqlamalarından biri də Azərbaycanın quru sərhədlərinin açıqlamayacağının bir daha təsdiqlənməsi oldu. Ölkəmizin mühüm hadisələrə imza atdığı vaxtda bizi gözü götürməyən dövlətlərin hər an təxribata əl atacağı gözləniləndir. Xüsusilə də son nəfəsinin yetişdiyini, can verdiyini anlayan və bunu anladıqca da daha çox yırtıcılaşan Moskvanın və Ermənistanı tabeliyində olan vilayəti gözündə görən, eyni münasibəti bizə də tətbiq etməyi ürəyindən keçirən Tehranın simasında bu iki dövlətin Azərbaycana qarşı hər vəchlə təxribata əl ata biləcəyinin sübutlarını dəfələrlə görmüşük. Azərbaycanın bu iki fitnəkar dövlətə qarşı sinə gərərək öz iqtisadi layihələrini həyata keçirməklə inkişaf yolunu tutması, bu layihələrə paralel olaraq öz təhlükəsizliyini zəmanətə alması, zərgər dəqiqliyi ilə ölçülmüş xarici siyasəti Moskva ilə Tehranı qeyzləndirir.

Lap bu yaxın günlərdə Rusiyanın Tovuz rayonunun sərhədində yerləşən Tavuş vilayətinin Berd rayonunun Aygepar kəndi yaxınlığında, keçmiş hava limanının ərazisində bir aydan çox müddətdə hərbi bazanın aktiv tikintisi aparıldığı haqda xəbər verilmişdi. Məhz dövlət sərhədinin bu hissəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı tarixə “iyul döyüşləri” kimi düşən təxribatlar həyata keçirilib. Bu döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və digər hərbçilərimiz şəhid oldu.    

Məsələ ondadır ki, Azərbaycanın Qarabağı bu gün Rusiya qoşunlarının özünün hüdudlarından kənarda “aktiv mövcudluğu” zonalarından biridir. Onların mövcudluğu 44 günlük müharibənin nəticələrinə görə 2020-ci ilin noyabrında imzalanan razılaşma ilə şərtlənir və 5 illə məhdudlaşır. Bununla belə, “Rusiya sülhməramlıları”nın pərdəsi altında Azərbaycan ərazilərində bitməmiş erməni separatçıları, terrorçuları və revanşistləri yerləşdilər ki, onlar, yeri gəlmişkən, Bakı üçün deyil, İrəvan üçün də problemlər yaradır.

Gec-tez Azərbaycan Konstitusiyası bütün ölkə ərazisinə, o cümlədən Xankəndinə yayılacaq. Azərbaycandakı “Artsax” separatçılarının müttəhim kürsüsünə düşmək perspektivlərindən başqa variantları yoxdur. Digər məsələ isə bu separatçıların Ermənistana bəxş etdikləri töhfədir. Paşinyan hökuməti nəinki onlara dözmək məcburiyyətindədir, hətta onları təchiz etmək, eləcə də onlara Ermənistan siyasətinə təsir imkanları vermək məcburiyyətindədir. Baxmayaraq ki, Xankəndində “rus sülhməramlıları”nın himayəsində olan “Qarabağ klanı”ndan olan revanşistlər İrəvanda hakimiyyəti dəyişmək, indiki hakimiyyətin "qolunu bükmək" niyyətlərini belə gizlətmirlər.

Rusiya sülh sazişinin şərtlərinə nəinki əməl edərək separatçı dəstələri tərksilah etmir, əksinə, onlara açıq-aşkar havadarlıq edir. Amma hələ ki, 2020-ci ilin noyabrında Rusiya qoşunlarının Qarabağda olması ilə bağlı üçtərəfli sazişin imzalanmasından sonra 5 illik müddətin başa çatmamasının müəyyən “sülhməramlı legitimliyi” var. Rusiya ordusunun Gürcüstan ərazisində Abxaziya və Tsxivali bölgəsində, xüsusən də Ukraynada müharibə etməsi barədə də eyni şeyi demək olar. İstər Ukraynada, istərsə də Gürcüstanda Rusiya separatçılardan təcavüz və işğal üçün bəhanə kimi istifadə edir.

Ermənistanla Azərbaycan arasında sülh bağlanana və birbaşa dialoq olmayana qədər Rusiyanın regionda “əsas selektiv” rolu qalır. Bu səbəbdən təsadüfi deyildi ki, ABŞ-ın baş kəşfiyyatçısı Vilyam Börns XİN naziri ilə görüşmək üçün İrəvana gəldi. Vaşinqton İrəvandakı Paşin rejiminin “əsas sponsoru” kimi Ermənistan hakimiyyətini Rusiyanı bu dialoqdan "ofsaytda saxlayaraq" Azərbaycanla birbaşa dialoqa sövq edir. Nəticə etibarilə gündəmin nəbzini tutan Azərbaycan Avropanı Rusiyadan enerji asılılığından qurtararaq, qlobal gəlişmələrin axarını öz xeyrinə dəyişir. Bu elə Azərbaycanın Qarabağın üzərində legitimliyinin tanınmasına bir zamanlar qarşı olan həm Rusiyanın, həm də Qərbin üzərində siyasi qələbədir.

Ülviyyə ŞÜKÜROVA