“Vaqner”-in “öldürdüyü” ukraynalı general sağdır – Priqojinin yalanı üzə çıxdı

03/05/2023 - 11:46 3 933 1   0  

Bir neçə gün əvvəl “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Ukrayna Ordusu Ərazi Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Tantsuranın məhv edildiyini bəyan etmişdi. Priqojinin dediyinə görə, guya general Tantsuranın olduğu zirehli hərbi avtomobil Çasov Yar şəhərindən Baxmuta doğru hərəkət edərkən “Vaqner” tərəfindən vurulub və general həlak olub. O, hətta vurulmuş zirehli texnikanın fotosunu da paylaşıb.

Suveren.az xəbər verir ki, “Vaqner” başçısının bəyanatından bir qədər sonra Ukrayna mətbuatı Priqojinin yalan danışdığını, general Tantsuranın sağ olduğunu yazıb. Daha sonra isə Ukrayna Ordusu Ərazi Müdafiə Qüvvələrinin sözçüsü Denis Zelinski mətbuata açıqalmasında bildirib ki, general sağdır və komandanlıqdan heç kim, heç bir istiqamətdə xəsarət belə almayıb.

Bunun ardınca Priqojinin özü də yaydığı məlumatın səhv olduğunu etiraf edib və Zelinskinin açıqlamasını təsdiqləyib.

Qeyd edək ki, general-mayor İqor Tantsura ötən ilin may ayında Prezident Volodimir Zelenski tərəfindən Ukrayna Ordusu Ərazi Müdafiə Qüvvələrinə komandan təyin olunub.