Ziya Məmmədov, Fazil Məmmədov,Səlim Müslümov... – Onların taleyini yaşayan doğmaları

27/10/2018 - 00:59 2 389 0   0  

Ziya Məmmədov, Fazil Məmmədov,Səlim Müslümov... "Kəpəz” Futbol Klubunun prezidenti Elmir Vəliyev istefa verib. O, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Xatırladaq ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Suveren.az azxeber.com-a istinadən xəbər verir ki, ataları və doğmaları yüksək vəzifədən azad edildikdən sonra özləri də yola salınan keçmiş nazir övladları və doğmaları ilə bağlı araşdırma aparılıb.

Nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad edildikdən sonra oğlu Anar Məmmədov uzun illərdir rəhbəri olduğu Azərbaycan-Amerika Alyansının fəaliyyətini dayandırdı. Keçmiş nazirin deputat qardaşı Elton Məmmədov növbəti seçkilərdə deputatlığa namizədliyini irəli sürmədi. Nazirin qudası Heydər Əsədov Nazirlər Kabinetinin yeni tərkibində yer almadı. Uzun müddət Hesablama Palatasına rəhbərlik edən H.Əsədov sonuncu iş yerini – Kənd Təsərrüfatı naziri vəzifəsini də itirdi. Sabiq nazirin 66 saylı "Tərəqqi” liseyinin direktoru işləyən bacısı Məhbubə Məmmədova da vəzifəsindən azad edildi.

Vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra kürəkəni Xaləddin İsgəndərov Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Keçmiş nazirin daha bir kürəkəni Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsindən, qudası Namiq Əliyev Vergilər nazirinin müavini vəzifəsindən, bacısı oğlu Elnur İsgəndərov (Xaləddin İsgəndərovun oğlu) Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifələrindən xaric olundu.

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardınca qohumları da öz vəzifələri ilə vidalaşdı. Sabiq nazirin əmisi oğlu Yalçın Müslümov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, dayısının kürəkəni Fuad Əlizadə Dövlət Əmək Müfəttişliyinin rəisi, bacısının həyat yoldaşı Əsgər Əsgərov Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin müdiri vəzifələrindən azad edildi.