Yuxuyla bağlı doğru bildiyimiz səhvlər

21/04/2019 - 11:22 12 925 0   1  

Araşdırmaçılar yuxu haqqında populyar fikirlərin səhhətimizə və ovqatımıza zərər verdiyini, hətta ömrümüzü qısaltdığını bildirirlər.

Nyu-York Universitetinin ekspertlər qrupu keyfiyyətli gecə yuxusuyla bağlı internetdə dərc edilmiş tövsiyələri toplayaraq "Yuxu sağlamlığı" adlı elmi verilişdə bu tövsiyələrlə elmi həqiqətləri müqayisə ediblər.

Ekspertlər hesab edirlər ki, yuxu mövzusunda doğru məlumatlandırma bizim fiziki və ruhi vəziyyətimizi yaxşılaşdırar.

Beləliklə, yuxuyla bağlı 6 yanlış fikir:

Beş saatdan az yatmaq kifayətdir

Bu, tezliklə dəyişməyəcək fikrə bənzəyir.

İngiltərənin keçmiş baş naziri Margaret Thatcher-in hər gecə sadəcə 4 saat yatdığı deyilirdi. Almaniyanın baş naziri Angela Merkel də buna bənzər bir fikir söyləmiş, yuxuda keçən zamanın işə sərf edilməsini uğur qazanmağın əsas şərtlərindən biri olaraq göstərmişdi.

Amma araşdırmaçılar deyirlər ki, 5 saatdan az yuxunun yetərli olduğu iddiası yanlışdır və bu rejim orqanizmə ciddi zərər vurur.

Araşdırmacı Dr. Rebecca Robbins qeyd edir ki, gecə 5 saat və daha az yatmaq sağlamlıq problemlərini ciddi səviyyədə artırır.

Məsələn, ürək tutmaları və infarkt kimi ürək-damar xəstəliklərinin yaranması riskini artırır, ömrü qısaldır.

Dr. Robbins hər gecə 7 və ya 8 saat yatmağın vacib olduğunu vurğulayır.

Yatmazdan əvvəl spirtli içki içmək yuxunun keyfiyyətini yaxşılaşdırır

Yatmazdan əvvəl bir qədəh şərab, viski və ya bir şüşə pivə içməyin yuxunun keyfiyyətinə yaxşı təsiri barədə deyilənlər də doğru deyil, araşdırmaçılar bildirir.

Viski

"O, yuxuya getməyi asanlaşdıra bilər, amma (spirtli içki) həmin gecə dincəlmək keyfiyyətini əhəmiyyətli şəkildə azaltmış olacaq" - dr. Robbins belə deyir.

Spirtli içkilər xüsusilə də yaddaş və qavrama üçün vacib olan REM yuxusuna zərər verir.

Yəni spirtli içki içəndə daha rahat yuxuya getsəniz də, yuxunun bəzi faydalarından məhrum olursunuz.

Spirtli içkilər həm də sidikqovucu xüsusiyyətə malikdir.

Yataqda TV izləmək rahatlıq verir

"Yatmazdan əvvəl rahatlanmaq istəyirəm, bir az televizora baxacam" dediyiniz olubmu?

Halbuki xəbərləri izləmək və son baş verənləri öyrənmək yuxunuzu qaçıra bilər.

Dr. Robbins qeyd edir ki, yatmazdan əvvəl xəbərlərə baxmaq rahatlıq əvəzinə yuxusuzluq və stress yaradır.

Televizorlar, ağıllı telefonlar və planşetlərlə bağlı daha bir problem ondadır ki, bu cihazların ekranlarındakı mavi işıq yuxu hormonu olan melatoninin ifrazını geçikdirir.

Yuxuya gedənə qədər yataqda qalın

Yuxuya getmək üçün o qədər əlləşdiniz ki, ölkədəki bütün qoyunları saydınız.

Bəs, bu da kömək etmədisə? Qoyunları rahat buraxın və yataqdan qalxın.

Dr. Robbins: "Yataqda çox eşələnmək olmaz, çünki beynimiz yatağı və yuxusuzluğumuzu eyni çərçivəyə salır. Normal halda yuxuya getmək 15 dəqiqədən artıq zaman almamalıdır. Bu baş verməyəndə, yataqdan qalxın, başqa otağa keçin, beyninizi çox da yormayacaq məşğuliyyət tapın. Məsələn, corablarınızı qatlayın".

Zəngli saatın ertələmə düyməsinə basmaq

Çoxumuz yataqda daha uzun müddət qalmağa çalışaraq hər səhər telefondakı oyanma saatının vaxtını dəyişirik.

Amma araşdırmaçılar bunun da yanlış olduğunu, zəng çalan kimi yataqdan durmaq lazım gəldiyini bildirirlər.


Dr Robbins: "Bəli, nəticədə daha yuxusuz oluruq, amma yenidən yatmağımızın da bir faydası yoxdur. Çünki bu, dərin olmayan və çox aşağı keyfiyyətli yuxudur".

Ən doğrusu dərhal qalxıb pərdələri açın ki otağa mümkün qədər çox işıq düşsün.

Xoruldamağın heç bir zərəri yoxdur

Xoruldamaq orqanizmə zərər vurmaya bilər, amma unutmaq olmaz ki, o, həm də yuxu təngnəfəsliyi xəstəliyinin əlamətidir.

Bu xəstəlik yuxu zamanı boğaz divarlarının yumşalıb daralmasına yol açır və qısa müddətə də olsa, nəfəs kəsintisi yarana bilir.

Yuxu təngnəfəsliyi olan şəxslərdə yüksək təzyiq, ürək ritmində nizamsızlıq, ürək tutması və infarkt riskləri artır.

Yüksək səslə xoruldamaq da xəstəliyin əlamətlərindən biridir.

Dr. Robbins son olaraq qeyd edir ki, "səhhətimizi, ovqatımızı yaxşılaşdırmaq, ömrümüzü uzatmaq üçün elə bu gecə edə biləcəyimiz ən vacib şey yuxudur"./BBC