Yaxşı şair və yaxşı şeir - Pərvanə Bayramqızı yazır...

07/07/2023 - 15:58 3 254 0   0  

Şairlər şeirləri kimidir; yumşaq, həlim. Mehribanlıqdan yazan savaşmaz, sevgidən yazan nifrət etməz, ayrılıqdan yazan kimisə atmaz…

 
Sadəlöhv Pərvanə bu cür düşünürdü. Vaxt keçdikcə yanıldığını bildi.
 
Şair özü də "Aldanma şair sözünə" dediyi halda bilmirəm niyə şair sözünə aldanmışdım..
 
Şeirə marağıma görə məni qınayan şair statusunda şeirin gözəlliyindən bəhs edəndə xəyallardan reallığa atıldım.
 
"Niyə filan şairdən şeir paylaşırsan?" sualına "şeir özü məcbur edir" cavabı verəndə "ölən şairlərdən paylaş" kimi gülünc tələbi olan adam oxucunun doğmalığından yazır.
 
İlahi, riyakarlara istedad vermə ki, sözün gözəlliyi ilə bəzənməsinlər.
 
Ədəbiyyat mətndir, şəxsiyyət deyil. Ədəbiyyatı şəxsiyyət yaratmır, ədəbiyyatsa şəxsiyyət yetişdirə bilir. Hansısa bir bədbəxt xoşbəxt əsər yazar. Xoşbəxt əsər odur ki, okeanın o tayında doğulub, qədəmini bu tayda açıb.
 
Yeddinci sinifin ədəbiyyat kitabında qələbəyə aid şeir verilib. Şair mövzunu işləyərkən şair olduğunu unudub. Elə zəif şeirdir ki, şagird də bəyənmir. Həmin müəllif haqqında kitabda tanınmış yazıçının fikirlərini də veriblər. Mənə elə gəldi ki, bununla şeirin zəifliyini gizlədib, şairin "böyüklüyünü" önə çıxarırlar. Alınmayıb.
 
S.Vurğunun "Vaqif" dramında "Əzildi şahmarın zəhərli başı" misrası şeirdə "Əzildi zəhərli ilanın başı" kimi işlənib. Vurğundan götürməyini vurğulamıram, bildirirəm ki, təzə ifadə qıtlığı var, şair korluq çəkir.
 
Elə şeirlər var, ordan yaddaşına bir-iki misra yazılır, illərlə təsirindən çıxa bilmirsən. Həmin misradan təzədən bir hekayə yazmaq olur. Bəzən bircə dənə gülə bənzədirsən o misranı, güldanda yeri görünür, istəyirsən hər yanından ötəndə, qoxlayasan, bəzən nəğmə kimi hər gün zümzümə edirsən, hətta ümid hissinə çevrilib adamı yaşadır da. Misralar müxtəlif taleləri özündə qoruyur.
 
Yaxşı şeir nankor övlad kimidir, müəllifinin üzünə ağ olur, onu unutdurur, özü imzaya, obraza dönüb yaddaşlara yazılır.
 
Şeir oxumaq istəyirəm;
 
ilk misrası gecələr səhərin açılmasını anbaan izləyən qadının göz yaşı olsun.
 
Son misrada həmin damlalar ümidə, inama çevrilsin.
 
Hərdən elə yazı oxumaq istəyirik ki, sətirlərdə özümüzü görək. Hər cümlə fikrimizi, ruhumuzu əks etdirsin. Axtarırıq, vərəqləyirik... hər şeydə özümüzü özümüzə göstərən detallar görmək istəyirik. Bəs o mətni niyə özümüz yazmırıq? Məqsəd budur; başqasının imzasında gizlənmək. Gizlədiyimiz duyğuları kimsə ifadə etsin, oxuyub gizli ah çəkək, amma "mən yazmamışam" deyib yaxamızı kənara çəkək. Müəllifdən: "Bunu kimə yazmısan?", "Öz başına gəlib?" soruşanların əlindən adam başqasında gördüklərini də yaza bilmir ki, zorla öz boynuna qoyacaqlar.
 
Şeir, nəğmə adamın dadına yetir.
 
Özgənin yaratdığında gizlənib özümüzü görmək istəyirik. Çünki ruhən azad deyilik, hisslərimizi, duymaq istədiklərimizi yaşaya bilmirik.
 
Aça da bilmirik sirri heç kimə,
Elə gizli-gizli alışırıq biz.
Bəlkə də, bir doğru sevgi eşqinə,
Min yalan uydurub danışırıq biz.

 
Nüsrət Kəsəmənlini təkcə bir şeiri ilə yad etmək olmur. Bütün şeirlərini də yazmaq olmur. Ona görə ki, hərəsi bir tale, bir sevgi hekayəsidir. Onun şeirlərini oxuyanda hansısa bir xatirəsi təzələnməyən oxucunun olduğuna inanmıram.
 
Bir kitablıq şeiri ilə yarımçıq eşqi tərənnüm edir. Elə bil o şeirlər oxucunun həyatına da yansıyır.
 
"Dünən toyun idi..."
 
Yox, dünən deyildi, sanki dünən idi.
 
Vaxt necə ötüb keçdi...
 
Sevənlərlə bəhsə girib sevməyini yasəmən bağışlamaz.
 
"Sonuncu şöləsi titrəyən şamdan
Başqa bir şamı da yandırmaq olur" gerçəyini sevgiyə köçürmək mübahisəlidir.
 
"Kim deyir, bir dəfə sevilir insan?
Sən demə, hər zaman sevmək olarmış".

 
"Hər zaman sevmək olarmışsa", demək əvvəlcə sevməmisən.
 
Bəlkə də, şair haqlıdır, "köhnə yaraları vaxt, zaman silir".
 
Yaxşı ki, şeirlər var.
 
Yox, yaxşı ki, şairlər var.
 
Yox ee, yaxşı ki, yaxşı şairlər var, yaxşı şeirlər yazırlar.
 
Nç... alınmadı: yaxşı ki, yaxşı şeirlər yazan yaxşı şairlər var.
 
Eyni səslənsə də ayrı anlayışlardır.
 
Yaxşı şeir şairi "yaxşılaşdırır".
 
Yaxşı şeiri oxuyanda adam az qalır, onu öz adına çıxsın.
 
"Yaxşı şeirdir" deyə bildiyim şeiri paylaşmağı sevirəm.
 
Hörmətim olan yaxşı insan var, yaxşı şeir yazmır deyə yazdıqlarını paylaşmıram. Ünsiyyətimiz olmayan yaxşı şairin şeirlərini sevə-sevə oxuyuram.
 
Yaxşı şair və yaxşı şeir hamınındır.
 
Şair var, özünü, şair də var, sözünü çox istəyirsən. Yazdıqları özündən böyük olanlar söz ömrü yaşayırlar. Özü yaşayıb sözü ölənlər şair yox, şairkimilərdir.
 
"Bizim dost itirən vaxtımız deyil..."
 
Tamadalar bu şeiri elə şövqlə söyləyirlər ki, hansını dinləyəndə elə bilirsən o yazıb.
 
Şairin günü olmur, şair gün görmür, indi daha çox günün şairi var. Beş-on dənə sevgi, qadın mövzusunda öz aləmində "fəlsəfi" şeir yazır, qadınlar da bəyənir, alqışlayır, olur günün şairi. Əsl şair günsüzdür, fikri, sözü ilə özü Günəşdir – zülmətə işıq saçır. Şair qəzəblənəndə sözdən qığılcım çıxır.
 
Şair var ki, gözləyirəm görüm nə vaxt normal şeir yazacaq. Ayaz Arabaçıya isə hər şeir paylaşanda deyirəm: bircə dəfə də pis yazın. Şair var, şeir yazmaqdansa məni kimi şeir oxusa yaxşıdır.
 
“Şairi sözə bağışlamaq mümkün olsaydı...” Həbs edilən şairlər üçün yazmışdım.
 
Riyaziyyat adamlarının şeir yazması mənə həmişə maraqlı görünüb. Bu mövzuda riyaziyyatçı şairlər Vahid Aslan, Süleyman Abdulla ilə yarızarafat, yarıciddi mehribancasına mübahisələrimiz olub. Riyaziyyatla poeziyanın bir yerdə necə yol getdiklərini Hamlet İsaxanlıdan da soruşdum.
 
Görəsən, nə demişdi…
 
... bir Vətənin özü var, bir də Vətən kimi övladları. Üç şairi Azərbaycan kimi sevirəm, birincisi Almas İldırımdır. O mənimçün parçalanmış, işğal edilmiş, sərvəti talanmış Azərbaycandır. Torpağımızın gedə bilmədiyim, görə bilmədiyim hissəsidir. Almas İldırım sözünü eşitməzliyə vurub yetmiş il acıq verdiyimiz böyüyümüzdür. Onun misraları da Vətəndir. Azərbaycanı Almas İldırım kimi, bayrağı Natiq Qasımov kimi sevsək, yurdumuz var olacaq.
 
Araz kimi Məmmədimiz var… Səsi tutqun, ha çağırıb, ha yüyürüb, ha yazan, “qaynar təbim ayazdı” deyib özünə böhtan atan şair...
 
Xəlil Rza Ulutürkdən yazmaqla ürəyim soyumayacaq. Onun hisslərini duymaq, yaşamaq lazımdır.
 
Səadətlə qol-boyun olduğumuzu məqamında hiss etmirik. Nə zamansa xoşbəxt olduğumuzu bilmək üçün mütləq nəyisə, kimisə itirməli, sonra təəssüflə: "Nə xoşbəxt imişəm bir zaman, Allah!" deməliyik.
 
Ədəbiyyatın Əli Kərim olan tərəfi də bizə doğmadır. Orda özümüzü görə bilirik. Bəşəriyyətin ilk səhvini onun şeirindən anlamışıq:
 
"Yarıçılpaq qədim insan
Düşməninə bir daş atdı..."

 
Həmin daş hələ başımızdan əskik olmayıb.
 
Əli Kərim yorulanda sözün yamacına uzanır, Qulu Ağsəs varağın küncündə oturur. Şairlərin istirahət "zonası" vərəqdədir. Orda özlərinə əməlli-başlı şərait yaradırlar. Lap Robinzon Kruzo kimi.
 
Bir şair dilinin şeir tərəfinə salıb qıza deyir ki, mən dönmərəm səni kimi gözəldən, sən də sənətkara hörmət elə, axı bizim eldə şairə hörmət var...
 
Deməli, imtiyazlı şəxs olduğunu bildirib zorla sevgi tələb edir.
 
Məmməd Rahimin bu şeiri mahnı kimi çox sevilib.
 
Bu qədər şair adı var, heç hansı Ramiz Rövşənin adı kimi bir vurğu altında tələffüz olunmur. RamizRövşən – sanki iki sözün birləşməsindən yaranan mürəkkəb addır.
 
Digərlərinin adı, soyadı, təxəllüsləri səslənən zaman parçalanıb aydın olur - Bəxtiyar Vahabzadə, Gəray Fəzli, Fikrət Sadıq və s.
 
Şairlər qartalı sərgərdan qoyublar:
 
"Qartal, o zirvədən belə düş, belə!
İnsanam, zirvədə mən olmalıyam!"
B.Vətənoğlu

 
***
"Qoca qartal, nə gəzirsən
Dağlar qoynunda, qoynunda?"
M.Azaflı

 
Səməd Vurğunun "Azərbaycan" şeirinin bəsit olduğunu yazıb hərə bir irad tutur, amma Azərbaycandan danışanda hamı o şeiri söyləyir. "Azərbaycan" şeiri Azərbaycanın təbiətinin, Azərbaycana sevginin təbliğatçısıdır. Şeirdən çox vaxt təsiredici vasitə kimi istifadə etmək olur. Bütün peşələrə aid şeir yazılıb, mahnı bəstələnib. Kitabxanaya, kitabxanaçılığa aid də maraqlı bir şeir yazılsa, əla olar. Kitabxanaçı deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib onları bu sahədən xəbərdar etmək çətindir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə, yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər.
 
Bu mövzuda özüm də müsahibə vermişəm, ziyalıların da cavablarını mətnə köçürüb yaymışam. Bununla yanaşı, hekayə, məqalə, köşələr də yazmışam. Bir dəfə hətta status vasitəsilə elan vermişəm. Zarafatla qeyd etmişdim ki, gülməyi tutanlar, mənasız iş sayanlar "laqeyd vətəndaşın millətə zərəri" maddəsi ilə mənəvi məsuliyyətə cəlb ediləcəklər. İstədim ki, oxucu qıtlığından gileylənməmək, kitabxanaçılıq haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışaq. Çağırışıma üç nəfər qadın qoşuldu. Qalanlar susdular. Təəssüfləndim. Axı bizdə şairlərin sözü keçərlidir. Qaydalara tabe olmayıb, əmrə əməl etməyənlər şeirə yenilirlər. Qanunların bircə maddəsindən xəbəri olmayan azı bir bənd şeiri əzbər bilir. Qara ciyərlə ağ ciyərinin fərqini anlamayan Füzulidən qəzəl söyləyir.
 
Hamı şeir dili danışır.
Kaş dünyanı şeir xilas edə...

 
Təəssüf ki, adam-adam dünyamız, şair-şair poeziyamız yoxsullaşır. Kimi cismən, kimi mənən ölür. Ədəbiyyatsa bunlardan ayrıca yaşayır, ölməyən şeirlərin misralarıdır ədəbiyyat. Onu sevirəm.
 
Tanrım, söz dəlisiyəm,
Məskənimi çöl elə.
Məni bir də yaratsan,
Yenə sözə qul elə.

(Sabir Sarvan)

Pərvanə BAYRAMQIZI