Xəstələri qul kimi işlədən dispanserin adı növbəti rüşvət qalmaqalında - Video/Şok faktlar

28/10/2018 - 19:27 7 807 0   0  

Xəstələri qul kimi işlədən dispanserin adı növbəti rüşvət qalmaqalındaSabirabadın Cavad kənd sakini Səxavət Zayıdov Şirzad oğlunun başına oyun açıblar. O, Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasının 13-cü kişi şöbəsinin müdiri Nihad Məmmədovu ittiham edib.

Suveren.az cahan.info-ya istinadən xəbər verir ki, kənd sakini şöbə müdiri N.Məmmədovla anlaşaraq tanışlarına əlillik statusu əldə edə edəcəyini söz verib. Şöbə müdiri Muradova Həbibə Zabir qızının sənədi üçün 1100, Abdullayev Samid Ağamusa oğlunun sənədi üçün 1200, Novruzov Fəyyaz Məhərrəm oğlunun sənədi üçün 1300, Mikayılova Nuranənin sənədi üçün 1500 manat alıb.

Pulları alarkən söz verib ki, düzəltdiyi epikrizlərlə həmin şəxslər əlillik statusu qazanacaqlar. Lakin sənədlər status qazanma üçün yetərli sayılmayıb.

Şikayətçinin sözlərinə görə, adları çəkilən şəxslər həkimin tələb etdiyi rüşvəti vermək üçün zinət əşyalarını girov qoyublar, sələm götürüblər, artıqlaması ilə qaytarmaq məcburiyyətində qalıblar. Üstəgəl, xeyli yol xərci çəkiblər.

Xeyli çək-çevirdən sonra Nihad həkim aldığı pulları ona qaytarıb. Verdiyi sənədlərin də əslini geri alıb. Amma vətəndaşlar ödədikləri əlavə sələm pullarını itirməklə barışmaq istəmirlər və ondan almaq istəyirlər.

H.Muradova 300, S.Abdullayev 300, F.Novruzov 350, N.Mikayılova 400 manat əlavə xərcə düşüblər. Zayıdov üst-üstə 1350 manat məbləğ təşkil edən həmin pulun baş həkim N.Məmmədovdan alınıb vətəndaşlara verilməsi üçün məsələnin KİV-də ictimailəşdirilməsini xahiş edib.

Bir sözlə, vətəndaşlar rüşvətlə epikriz almağa cəhd göstəriblər, baş həkim də bu saxtakarlığın altına imzasını atıb. Alınmayanda isə pulları geri qaytarmalı olub.

Şikayətçi qeyd edir ki, əlillik statusu əldə etmək istəyən həmin vətəndaşlar əslində psixi cəhətdən tam sağlamdırlar, xəstəlikdən əziyyət çəkmirlər.

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə vətəndaşın şikayətini işıqlandıran nyus.az-a açıqlamasında ittihamları təkzib edib. Şöbə müdiri N.Məmmədov isə bildirib ki, problem həll olub, məsələ bağlanıb gedib.

Şöbə müdiri tərəfindən ört-basdır edilə bilər, qanun isə əsla etməz. İndi həm rüşvəti alan, həm verən tərəflər məsuliyyət daşıyır. Odur ki, məsələ hüquqi müstəvidə araşdırılmalıdır.

Cahan.info mediaya istinadla xəbər verir ki, az əvvəl baş həkimin müalicə alan xəstələri qul kimi işlədib onlara küçə süpürtməsinin videosu yayılmışdı.

Dispanserin baş həkimi Ağahəsən Rəsulov isə yeni müəssisənin tikintisinə fəhlə briqadası cəlb etmək, həyətdə səliqə-sahman üçün qulluqçular işlətmək əvəzinə, ruhi xəstələri qul kimi işlədir.

Bununla həm tikintiyə fəhlələr üçün ayrılan puldan silinir, həm də xəstələr feodalizm quruluşundakı kimi istismar edilirlər. Yəqin, baş həkim müalicənin “metod”larından biri kimi xəstələrə həyəti süpürtməyi, tikintidə işləməyi görür.

Bu xəstələrin yaxınları onları dispanserə yerləşdirir, pul xərcləyir ki, onlar müalicə olunsunlar, reabilitasiya keçsinlər, cəmiyyətə qayıtsınlar, normal insan psixikası ilə adaptasiya olsunlar. Amma dispanserin baş həkimi fironluq edərək onları həyətdə işlədir, Misir fironlarının dövründə olduğu kimi “qullar xəstəxanası” açıb.

Bu videonun ardınca rüşvət ittihamları ilə dolu şikayətçinin video müsahibəsi dispanserdə ciddi şəkildə araşdırmalar aparılmasını zəruri edir. Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları A.Rəsulovun fəaliyyətini yoxlamalıdırlar.

Xeyli müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yaşanan biabırçılıqlar, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib.

Düzdür, hər dəfə dərc olunan açıqlamalara qarşı tərəf hansısa “don geyindirməyə” çalışıb və belə bir addımları ilə də, sanki ictimaiyyəti çaşdırmağı bacarıblar.

Məsələn, əksər media qurumlarında dərc olunan məqalələrdə qeyd olunur ki, adı çəkilən səhiyyə müəssisəsində müalicə olunan bəzi xəstələrin əməyindən lazımınca istifadə olunur.

Yəni, həmin şəxslər xəstəxananın həyət-bacasında fiziki işlərə cəlb olunurlar ki, bu da əksər hallarda narazılıq hissinin baş qaldırmasına səbəb olur. Hələlik digər olayların varlığı haqda nəsə danışmırıq.

Nihad Məmmədov beş nəfər şəxsdən aldığı 5100 manat pulu və düzüb-qoşduğu sənədlərin əsasını geri qaytarır, özü də işin həll olduğunu etiraf edir, baş həkim Ağahəsən Rəsulov isə yaşananları inkar edir.

Bütün bunlar da onu sübut edir ki, həqiqətən də şöbə müdiri belə bir addımlarını atıb. O halda sual oluna bilər ki, nədən dörd nəfər zərərçəkən şəxs və şöbə müdiri vəzifəsini daşıyan Nihad Məmmədov yaşananları təsdiq edirlər, amma Ağahəsən Rəsulov isə, baş verənləri tamamilə inkar edir.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.