XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-III yazı

01/04/2019 - 00:34 17 419 0   0  
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir. 
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”...

Mütəşəkkil dəstə ilə üz-üzə qalan şairə dövlət başçısına müraciət edir.

Yerli əhali müəyyən obyektiv və subyektiv səbəblərdən yenə də öz ticarətlərini davam etdirmək üçün “Kolxoz Bazarı”na üstünlük verir. Ticarət və alver üstündə başlayan bu savaş iki il çəkir. Bu iki il ərzində başına gələn müsibətləri Nəcimə xanım öz şerlərində belə ifadə edir:

Hücumda bir dəstə tək mənə qarşı, 
Dəstə tək mənimlə girib vuruşa, 
Məqsəd əldən almaq mülkümü-çarşı,
Tanrım, sən də təksən, kömək ol təkə.
Tamahı baş yaran, əl çəkə bəlkə.

Kişi geyimində neçə nakişi,
Hiyləylə, məkrlə qururlar işi.
Mənə hələ batmır çoxunun dişi,
Tora düşməyəndə bir aqil insan,
Onu məhv edirlər, iş olsun asan.
XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-III yazı
Bildirək ki, əslində illərlə bütün media və cəmiyyətə, bazarın sahibəsi kimi təqdim olunan Nəcimə Babayeva, sıradan bir iş adamı olmayıb. O həm də Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının qurucularından biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yaşadığı müddətdə bir neçə şer kitabı dərc olunub, regionda yeganə tənqidçi şairə kimi tanınıb. Sözsüz ki, onun qətlini cəmiyyətə sıradan bir sadə adamın ölüm hadisəsi kimi təqdim etmək, həm də jurnalist və digər yazarların ölümlərindəki statistika sayını azaltmağa, beynəlxalq təşkilatların təzyiqindən yaxa qurtarmağa hesablanmışdı. İnsafən demək lazımdır ki, əslində bəzi şəxslər bu istəklərinə çatmaqda çətinlik çəkməyiblər. Çünki, bu gün də, cəmiyyətin təsəvvüründə, sıradan bir iş adamının hansısa məişət zəminində qətli kimi özünə yer tutan bu sifarişli sui-qəsd, hər kəs tərəfindən laqeydliklə qarşılanır.
Səbəb isə budur ki, qatilinin “tapılmadığı” bu illər ərzində də, Nəcimə Babayeva hər kəs üçün bir iş adamı, yalnız sıradan bir bazar müdirəsi kimi təqdim olunub. Halbuki, qeyd etdiyimiz kimi, Nəcimə Babayeva regionun ən sərt tənqidi şerlər yazan şairəsi kimi daha çox məşhurdur. Bu şerlərinə görə dəfələrlə məhkəmələrə verilən şairə xanım, sonda öz evindəcə qətlə yetirilib.
Bütün bunlara növbəti yazılarda ətraflı toxunacağımıza görə, indi bu məsələnin üstündə fikri çox yayındırmadan əsas mətləblərə keçməyə üstünlük veririk.
İki ildə Nəcimə xanımın rəhbərlik etdiyi bazara gedən yollara beton daşlar düzülür, ora gələn əhali müxtəlif bürokratik əngəllərlə rastlaşır, ancaq nəticədə yenə də heç bir faydası olmur, yerli camaat yenə də ticarətlərini köhnə bazarda davam etdirir. Bütün bu maneələrin nəticəsiz olduğunu görən rayonun icra başçısı “Əbiş” ləqəbli, Əbülfəz Hüseynov yerli bələdiyyənin vasitəsilə Nəcimə xanımı məhkəməyə verdirir. Iddia isə bundan ibarət olur ki, guya Nəcimə xanım bələdiyyə torpaqlarını zəbt edib. Uzun sürən məhkəmə prosesləri Nəcimə xanımın xeyrinə həll olunduğu üçün bu dəfə rayon rəhbərliyi başqa yola əl atır.

Nəcimə xanım “xəyanətkar” məmurların hədəfində

2002-cü ilin sonunda, Xaçmazın “Xaç Atası” kimi tanınan Adıgözəl Tağıyev, Azərbaycan Respublikası İstehlak Cəmiyyətləri İttifaqı “Azərittifaqın” Xaçmaz Rayon Kooperativ Cəmiyyəti “RKC”-nin müdiri vəzifəsinə öz yaxın dostu və etibarlı adamı olan Azad Yaqubovu təyin etdirir. Adıgözəl Tağıyev ona bazarı Nəcimə xanımın əlindən almaq üçün “xüsusi” tapşırıqlarını verir. Azad Yaqubov da öz növbəsində bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışır. Hətta onun “Azərittifaqın” Xaçmaz Rayon Kooperativ Cəmiyyəti “RKC”- ə rəhbərlik etdiyi dövrdə demək olar ki, Nəcimə xanım ancaq məhkəmələrdə cavabdeh qismində çıxışlar edir, özünü və əmlakını müdafiə etməli olur.
Maraqlıdır ki, Azad Yaqubov sonradan 2003-cü ildə keçirilən Prezident Seçkilərində 8 saylı Dədəli kənd seçki məntəqəsində, nəticələri İsa Qəmbərin xeyrinə, İlham Əliyevin əleyhinə saxtalaşdırdığı üçün həm YAP sıralarından qovulur, həm də o dövrdə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həsən Əliyev tərəfindən bu əməlinə görə həbs olunaraq, xeyli döyülür. Sonradan Adıgözəl Tağıyevin köməkliyi ilə, (Adıgözəl Tağıyev bir çox yüksək vəzifəli məmurun, həmçinin Abel Məhərrəmovun, deputat İlham Əliyevin yaxın dostudur) və özünün də təbiri ilə desək, “bir meşok pul verərək”, polisdən birtəhər canını qurtarmağı bacaran A.Yaqubov, dərhal ölkəni tərk edərək, Sankt Peterburqda yaşayan qardaşı Fərhad Yaqubovun himayəsinə sığınır. 
Dövlət başçısı İlham Əliyevin 2004-cü ildə Qusar rayonuna səfəri zamanı şairə xanım Nəcimə Babayeva, min bir əziyyətlə prezidentlə görüşüb, şəxsən onun özünə, başına gətirilən bu müsibətlər barədə şikayət məktubu verə bilir. Bu məktubun nəticəsində çox keçmədən Prezident Əbülfəz Hüseynovu icra başçısı vəzifəsindən azad edərək, onun yerinə Şəmsəddin Xanbabayevi təyin edir.
P.S. Ömrünü rayon rəhbər və vəzifəli şəxsləri ilə məhkəmələrdə, mübahisələrdə keçirən Nəcibə xanım, günlərin birində, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən, xüsusi amasızlıqla, vəhşicəsinə qətlə yetirilir. Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır. 
2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür. 
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir. 
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”...

(ardı var...)

Cəmil Məmmədli

XAÇMAZDA AMANSIZ QƏTL: AĞLASIĞMAZ DETALLAR-III yazı