TÜRKİYƏNİN YENİ KAMİKADZE “ALQAPU” DRONLARI – Hədəfi tam dəqiqliklə vurur

25/06/2020 - 17:58 6 529 0   0  

Türkiyənin müdafiə sənayesi yeni kamikadze dron olan “Alqapu”nun istehsalına hazırlaşır.

“Alqapu” çəkisinin yüngüllüyü, sürəti, mühüm hədəflərə nöqtəvari dəqiq zərbə vurmaq imkanları ilə seçilir. Kiçik ölçüsünə və yüngüllüyünə rəğmən, hədəfi zərərsizləşdirə biləcək qədər partlayıcı daşıya bilir. Onu bir əsgər asanlıqla daşıyıb xidmət meydanında çox sürətli şəkildə istifadə edə bilər. Süni intellektə, təsvirləri analiz qabiliyyətinə malikdir, səssiz işləyir, partlayıcı yükünü hədəfə tam şəkildə yönəltməklə gözlənilməz hücumlar edir. Son testlərin çox qısa müddət ərzində başa çatdırılması və ilin sonuna doğru “Alqapu”nun Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına verilməsi gözlənilir.

Dünyada “Alqapu” Silahlı Pilotsuz Uçuş Aparatına bənzər olan cəmi 2 model mövcuddur. Ağırlığı 2 kiloqramdan yüngül olan olan “Alqapu” dronlarından dəstə şəklində istifadə edilə bilir, bu kamikadze PUA ən müxtəlif platformalara inteqrasiya edilə bilməsi ilə rəqiblərindən seçilir. Həm tək bir əsgər tərəfindən istifadə edilə bilən “Alqapu”nun zirehli texnika vasitəsilə atıla biləcək versiyaları da hazırlanır. Həmçinin, 10 kiloqramdan böyük olmaqla, daha böyük hədəfləri vura biləcək versiyalar üzərində də iş gedir.

Bu il başlanacaq istehsal prosesinin gələn ildən “Alqapu” ailəsinin istehsalı ilə davam etdirilməsi planlaşdırılır./Hurriyyet.org