“Tofiq Yaqublının azadlığa çıxması ölkənin mənfilikdən təmizlənməsi yolunda humanist addım olacaq” - XALQ RƏSSAMI AZƏRBAYCAN ZİYALILARINA MÜRACİƏT ETDİ

17/09/2020 - 10:49 6 318 0   0  

Azərbaycanın Xalq Rəssamı, YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, "Sülh Səfiri"beynəlxalq diplomunun sahibi Əşrəf Heybətov Müsavat fəalı Tofiq Yaqublunun həbsi ilə bağlı ölkə ziyalılarına müraciət edib. Suveren.az Ə.Heybətovun müraciətini olduğu kimi dərc edir:

“TOFİQ YAQUBLUYA dəstək olaraq MÜDAFİƏ sözü söyləmək çağırışı ilə mədəniyyət xadimlərinə müraciət edirəm

Sivil ölkələrdə dövlət özünün hər bir vətəndaşının həyatını xilas edir. Axı hamı başa düşür ki, hökm haqsız yerə amansız və ədalətsiz olub. Hakim açıq-aydın kimi razı salmağa çalışıb, məlum deyil, ama hakimiyyətə zərbə vurub.

Əgər Azərbaycan demokratik ölkədirsə və ya biz demokratiyaya doğru gediriksə, Tofiq Yaqublının azadlığa çıxması ölkənin mənfilikdən təmizlənməsi və yeniləşməsi yolunda humanist addım olacaq.

Hər bir vətəndaşın öz şəxsi fikrinə malik olmaq hüququ var, lakin bu, təqib və həbs etmək üçün bəhanə olmamalıdır.

Tofiq Yaqublı öz fikirlərini çoxlarından daha cəsarətlə və ucadan söyləyib və mən onu “müxalifətçi” hesab etmirəm.

O, Vətənpərvərdir, bizim torpaqlarımız uğrunda vuruşub. O susanların yerinə danışıb. O, kimdən qorxublarsa onları ittiham edib.

O, indi baş verən müsbət dəyişikliklərin bir hissəsinə çevrilib, onları yaxınlaşdırıb.

Onun azad edilməsi təkcə vətəndaş cəmiyyətinin qələbəsi olmayacaq,  həm də köhnə sistemdə islahatlar aparmaq kursunu götürmüş hakimiyyətin qələbəsi olacaq.

Tofiq Yaqublı öz aclığı ilə bir daha sübut etdi ki, o, mərdlik nümunəsidir (bu, hamıda yoxdur). Və onun “azadlıq və ya ölüm” sözləri boş deyil. Odur ki, ona AZADLIQ verin!