Terrorun təşkilatçılarını və icraçılarını ədalət mühakiməsinə təslim edin... - ADP İRANA ÇAĞIRIŞ ETDİ

31/01/2023 - 12:21 2 670 0   0  

ADP İdarə Heyəti regionda və ölkədə baş verən bir sıra ictimai-siyasi hadisələrin müzakirəsinə həsr olunan növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Suveren.az-a verilən məlumata əsasən, müzakirələrdə bir daha Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumuna diqqət çəkilib.

Qeyd edilib ki, İran dövləti ona yönələn ittihamları nəzərə alaraq baş vermiş terror hadisəsini obyektiv şəkildə araşdırmalı, bu qanlı cinayətin təşkilatçılarını və icraçılarını ədalət mühakiməsinə təslim etməli və Vyana Konvensiyasına qoşulmaqla səfirliklərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Müzakirələrdə, həmçinin, baş vermis hadisə ilə bağlı Azərbaycan dövlətinin və cəmiyyətinin ehtiyatlı davranmağının, İranda 40 milyona yaxın cənublu soydaşlarımızın yaşamasının nəzərə alınmasının, bu baxımdan iki yaxın qonşu və müsəlman dövləti arasında münasibətlərin qorunub saxlanılmasının vacibliyi də qeyd edilib.

İdarə Heyəti son zamanlar Azərbaycanın xarici dövlətlərdəki diplomatik korpuslarına qarşı edilən hücumları nəzərə alaraq hakimiyyəti xaricdəki səfirlik və konsulluqlarımızın təhlükəsizlik tədbirlərinin daha effektiv və etibarlı şəkildə təmin edilməsi ilə bağlı addımlar atmağa çağırıb.

İdarə Heyəti eyni zamanda İranın bir çox hərbi obyektlərinə ötən həftə ərzində edilən hücumlar ətrafında da fikir mübadiləsi aparıb. Baş verənlərin beynəlxalq hüquq normalarına zidd olduğu, eyni zamanda regionun təhlükəsizliyini təhdid edən geniş miqyaslı hərbi toqquşmalara gətirib çıxara biləcəyi nəzərə alınaraq, dünya dövlətlərinin bu tipli addımlardan çəkinməsinin vacibliyi qeyd edilib.

İdarə Heyəti Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində yaşayan ermənilərin blokadada olduğunu bəhanə edərək, həmin əraziyə beynəlxalq missiyanın gətirilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi bəyanata da münasibət bildirib. İdarə Heyəti bildirib ki, Paşinyanın bu bəyanatı beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Azərbaycanın daxili işlərinə qarışmaq, mövcud problemin həll olunmasını uzatmaq, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin bağlanmasından yayınmaq cəhdidir.

Müzakirələrdə Laçın dəhlizində Azərbaycan vətəndaşlarının ölkəmizin suverenliyi və ərazi bütövlüyünə yönələn hərəkətlərə qarşı keçirdiyi dinc aksiyanın blokada kimi qələmə verilməsinin yolverilməzliyi bildirilib.

İdarə Heyəti korrupsiyaya qarşı mübarizə adı altında həbs olunan bir çox dövlət məmurlarının son zamanlar müsadirə olunmuş korrupsiya yolu ilə əldə etdikləri əmlaklarını məhkəmə qaydasında geri almalarını müzakirə edib və baş verənləri korrupsiyanın dövlət səviyyəsində müdafiə olunması kimi dəyərləndirib.

İdarə Heyəti Rusiya-Ukrayna müharibəsinin son durumunu da müzakirə edib. Müzakirələrdə son zamanlar bir çox Avropa və Qərb dövlətlərinin Ukraynaya yeni müasir tankların tədarük olunması ilə bağlı verdikləri qərar müsbət dəyərləndirilib. Eyni zamanda bu dağıdıcı müharibənin Ukraynanın ərazi bütövlüyü və Rusiyanın təhlükəsizlik qayğılarının təmin olunması ilə daha tez bitməsinin vacibliyi qeyd olunub.

İdarə Heyətində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 20 gündən artıq keçirdiyi aclıq aksiyası da müzakirə edilərək, onun səhhətində baş verə biləcək problemlərdən narahatçılıq ifadə edilib.

ADP İdarə Heyəti dünyada və bölgədə gedən hadisələrin gərginləşməsi, Azərbaycanla Ermənistan arasında münaqişə riskinin artdığı bir dönəmdə ölkədə milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyi və milli problemlərimizin həllinin asanlaşdırılması baxımından hakimiyyəti siyasi məhbusların azad olunması, insan hüquq və azadlıqlarının bərqərar olunması istiqamətində addımlar atmağa çağırıb.

Suveren.az