TEHRANA NÖVBƏTİ SARSIDICI ZƏRBƏ – İranın Haniyənin qətlinə cavabı nə olacaq?

31/07/2024 - 12:52 1 217 0   0  

Bu gün bütünlükdə dünya mətbuatının və siyasətinin manşet xəbəri HƏMAS lideri İsmayıl Haniyənin İranda, özü də paytaxt Tehranda, öz iqamətgahında qətlə yetirilməsidir.

Çoxları bunu İsrailin bacarığı, “əlinin uzun olması” ilə izah etsələr də, əslində bu hadisə İsrailin gücündən daha çox İranın bir dövlət kimi, o cümlədən də onu idarə edən rejimin bir hakimiyyət kimi zəifliyindən, çürüklüyündən, onun təhlükəsizlik xidmətlərinin, güc strukturlarının yarıtmazlığından xəbər verir.

Belə çıxır ki, bu ölkədə heç kim, heç vaxt bu cür sui-qəsdlərdən sığortalanmayıb. Belə çıxır ki, İsrail, yaxud başqa bir güc paytaxt Tehranda Haniyənin iqamətgahını vura bilirsə, deməli İranın yeni Prezidentinin andiçmə mərasimini belə oradakı qonaqlarla, xarici ölkə liderlərilə birgə vura bilərdi.

Dünyaya “meydan oxuyan”, Yaxın Şərqdə hegemonluq iddiasında olan, özü üçün “Hizbullah”, husilər və s. bu kimi proksi qruplaşmalar yaradan, onları silahlandıran və maliyyələşdirən İrandakı molla rejimi ən yaxın müttəfiqlərindən biri elan etdiyi, dəstəklədiyi HƏMAS kimi böyük bir təşkilatın liderini öz paytaxtında müdafiə etmək qabiliyyətində deyil. Haniyə bir neçə il idi ki, Qətərin paytaxtı Dohada yaşayırdı. Yeri gəlmişkən, fələstinlilər onu bu ölkədə lüks həyat sürməkdə qınayırdılar. Ancaq hər halda, İrandan qat-qat kiçik və zəif sayılan bu ölkədə onun “burnu da qanamadığı” halda, “şir kimi nərildəyən” İrana ayağı dəyər-dəyməz qətlə yetirildii. İndi yenə Xamanei hansısa fətva verəcək, yenə fələstinlilər qırğına veriləcək və yenə hər şey bir müddət sonra unudulub gedəcək...

Bir qədər konspiroloji səslənsə də, yenə sual yaranır: Doğrudanmı, Tehran rejiminin bu hücumdan öncədən xəbəri olmayıb? Olubsa da pis, olmayıbsa da. Olubsa, deməli ortada xəyanət var və molla rejimi həmişəki kimi ikibaşlı, riyakar oyunlar oynayır. Olmayıbsa, deməli bu rejim öz təhlükəsizlik xidmətlərilə birgə çürümüş, tükənmiş, bərbad bir haldadır. Onun başında duran Xamenei isə öz ölkəsinin, vətəndaşlarının, müttəfiq elan etdiyi qonaqlarının təhlükəsizliyi ilə məşğul olmaq əvəzinə Ermənistana can yandırır və son görüşündə əzizi, doğması kimi qarşıladığı işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyana “Zəngəzur dəhlizi Ermənistanın maraqlarına uyğun deyil” deyir. Sanki Ermənistanın maraqlarının xidmətində durmaq onun boynunun borcudur. Guya öz dövlətinin, öz vətəndaşının təhlükəsizliyini, marağını çox qorudu, qaldı Ermənistanın marağı və təhlükəsizliyi...

Özü kimi dünyanın müasir texnologiyalarından, elmindən, inkişafından geri qalmış işğalçı Rusiyaya primitiv “Shahed”lər verərək, onun işçğalçılığına dəstək göstərməklə dövlət olmaq olmur. Normal, güclü bir dövlət öz paytaxtındakı andiçmə mərasiminə qonaq çağırdığı, guya müttəfiq elan etdiyi, dəstəklədiyi böyük bir təşkilatın liderinin başqa bir dövlət tərəfindən açıq-aşkar qətlinə yol verməzdi...

Bu hadisə bir daha göstərir ki, İrandakı rejimin gücü dini məzhəbçiliklə ələ aldığı, aldatdığı və öz çirkin maraqları üçün istifadə etdiyi fələstinlilər və digər region xalqlarının fanatik mübarizliyində, əzmkarlığındadır. Bu rejimin gücü uzun illərdir əzdiyi öz xalqına və qonşu kiçik dövlətləri qarışdırmağa, ora-bura “burun soxmağa” çatır.

Suriyada İranın yüksək vəzifəli generallarının İsrailin raket zərbələrilə qətlə yetirilməsindən sonra İranın xeyli müddət “dala-qabağa” gedəndən sonra İsrailə “möhtəşəm hücumu” hələ yaddan çıxmayıb. O zaman bütün dünya bildi ki, İran zərbəyə hazırlaşır. Az qala raketlərin sayı və kordinatlarına qədər hər şey məlum olandan sonra “tarixi hadisə” nəhayət ki, baş verdi və bir dənə də İran raketi İsrail ərazisinə düşüb, hansısa ciddi xəsarət yetirə bilmədi. Yaxud, Qasım Süleymaninin qətlindən sonrakı İranın “qisas əməliyyatı”nı xatırlayın. Trampın da dediyi kimi, əvvəlcədən ABŞ-yə xəbər ötürüb, sonradan İraqdakı ABŞ bazasının həndəvərinə “xala xətrin qalmasın” formasında bir-iki sınıq-salxaq raket atmaqla Süleymaninin “qisası alındı”. Budur İrandakı rejimin əsl “gücü”. Bunlar ancaq alçaq şəkildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu təşkil etmək kimi miskin, rəzil əməliyyatlar yerinə yetirə bilirlər...

Bütün bunlardan sonra indi çoxları sual verir ki, İranın Haniyənin qətlinə cavabı nə olacaq? Cavab: Heç nə!

Cəlal Məmmədov