Səbaildə böyük torpaq qalmaqalı: iki şirkət vətəndaşların sahələrini ələ keçirib – VİDEO

09/02/2023 - 10:43 2 881 0   0  

Paytaxtın Səbail rayonu, Salyan şossesi 12 ünvanında torpaq alan vətəndaşlar qanunsuzluqla üzləşdiklərini bildirirlər.

Reportyor.info-ya danışan vətəndaşların sözlərinə görə, onların əksəriyyəti həmin torpaq sahələrini Səbail bələdiyyəsinin verdiyi sənəd əsasında əldə ediblər. Onlardan yalnız biri – Alim Babayev 2006-cı ildə bələdiyyə sənədi əsasında aldığı torpağa 2018-ci ildə Çıxarış alıb.

Buna baxmayaraq, istər Çıxarışı, istərsə bələdiyyə sənədi olan torpaq sahibləri onlara məxsus ərazilərin zəbt edildiyini, daha sonra satıldığını qeyd edirlər. Vətəndaşlar deyirlər ki, bu işin başında “Dadaş – L” şirkətinin rəhbəri Nəsimi Dadaşov və Elvin Ağayev dayanır. Belə ki, E. Ağayev A. Babayevə aid torpağın ona və şirkətə aid olduğunu iddia edib. Hazırda mübahisəli ərazi ilə bağlı məhkəmə prosesi getməkdədir.
Vətəndaşların sözlərinə görə, faktiki olaraq, N.Dadaşov və digər şəxslər onların torpaq sahələrini qanunsuz ələ keçirib. Hazırda 20-dən çox vətəndaşın işi məhkəmədədir.

Bundan əlavə, məlum olub ki, “Dadaş – L” firmasının rəhbəri həmin sahələri “Atlas” MMC-yə satıb. Beləliklə, torpağın əsl sahibləri çarəsiz vəziyyətdə qalıblar. Onlar məhkəməyə, Səbail bələdiyyəsinə, Əmlak Komitəsinin reyestr xidmətinə müraciət ünvanlayıblar. Bələdiyyədən deyilib ki, iş prokurorluqda araşdırılır. Lakin məhkəmə “Atlas” MMC-nin 2015-ci ildə həmin sahələrlə bağlı Çıxarış əldə etdiyini bildirib.

Vətəndaşlar mülkiyyət hüquqlarının pozulduğunu bildirirlər və prezident İlham Əliyevdən bu məsələyə diqqət göstərilməsini xahiş edirlər. Qeyd edək ki, “Atlas” MMC barəsində kiçik axtarış apardıq, amma internet resurslarında bu adda şirkət tapılmadı, lakin “Atlas ES” MMC var, bu firma qumlama, boya sahəsində fəaliyyət göstərir. Vətəndaşların video müraciətini təqdim edirik və bu məsələ ilə bağlı yeni araşdırmalar aparmağa çalışacağıq.