“Əsasən problemli ailələrin uşaqları narkotikə meyl edirlər” – TANINMIŞ YAZIÇI-PUBLİSİST

05/05/2024 - 11:39 2 597 1   2  

Şəhla Ağbulud: “Yeniyetmə və gənclər bilməlidir ki, bu yolun sonu əzablı ölümdür”

“Həyatda uğur qazanan insanlar məktəblərə gələrək narkomaniyadan yox, iş təcrübələrindən danışsalar, daha yaxşı olar”

“Narkotik alüdəçilərinin yaş həddi getdikcə aşağı düşür. Gənclər arasında narkomanların sayı artır və son vaxtlar demək olar ki, yeniyetmələr də bu bəlaya düçar olurlar. Bununla, cinayətlərin sayı da çoxalır”.

Bu haqda Stopnarkotik.az-ın suallarını cavablandıran yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Abşeron bölməsinin sədri, “Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud bildirib.

Şəhla xanım deyir ki, Azərbaycanda da yeniyetmə və gənclər arasında narkomanların sayının artması danılmazdır: “Təəssüf ki, bu, Azərbaycandan da yan keçməyib. Bütün dünyada olduğu kimi, respublikamızda da narkomaniya ciddi narahatçılıq doğurur və bu barədə bir sıra mübarizə tədbirləri görülür. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” icra olunmaqdadır”.

Şəhla Ağbulud hesab edir ki, yeniyetmələrdə narkotik aludəçiliyi ilk növbədə ailədə düzgün olmayan tərbiyədən irəli gəlir: “Əsasən problemli ailələrin uşaqları narkotikə meyl edirlər. İmkanlı ailələrin uşaqları da çox vaxt narkotik alverçilərinin “ov”una çevrilirlər, onları aldadaraq bu yola çəkirlər. Bəzən də gənclər macəra axtarışı ilə narkotik qəbul edirlər. Vaxtında ailə, məktəb həmin uşağın narkotik istifadə etdiyini aşkarlayıb qarşısını almasa, bu yoldan geri dönüş çətin olur. Sonra həmin uşaqlar bəzən elə məktəbdə həmyaşıdlarına zərər vurur, cinayət törədirlər. Odur ki, uşaqları nəzarətdə saxlamaq, onların tanımadıqları adamlarla yaxınlıq etməməsi, onlardan heç nə almamasını tapşırmaq lazımdır”.

Şəhla xanım bildirir ki, yeniyetmə və gənclər hər zaman valideyn nəsihətinə önəm verməlidirlər: “Çox vaxt uşaqlar ata-analarının öyüd-nəsihətinə əhəmiyyət vermirlər, özlərini yeni dünyanın adamları hesab edirlər, kimlərinsə sözünə uyub, narkotik qəbul edirlər. Bununla da özlərini demək olar ki, oda atırlar. Bilmirlər ki, bu yolun sonu əzablı ölümdür.

Belə halda məktəbdə müəllimlər çox diqqətli olmalıdırlar, sinfə daxil olanda əvvəlcə bütün uşaqları nəzərdən keçirməli, şübhələndiyi şagird haqqında məktəb rəhbərliyinə məlumat verməlidirlər.

Bütün ümumtəhsil məktəblərində vaxtaşırı narkomaniya ilə bağlı görüşlər, tədbirlər keçirilir. Burada həmin rayonun nüfuzlu adamları, psixoloqlar, polis işçiləri və s. iştirak edir, məktəblilərlə söhbət aparırlar. Mənim də belə tədbirlərdə çıxışlarım olub. Lakin burada bir şeyi qeyd edim ki, belə tədbirlər keçiriləndə zalda məktəbin ən sakit, yaxşı oxuyan, ictimaiyyətçi şagirdlərini otuzdururlar. Həmin uşaqlar müəllimlərin onlar üçün əvvəlcədən hazırladıqları sualları çıxışçılara ünvanlayırlar.

Əslində, bu cür tədbirlərdə dərslərdən geri qalan, nizam-intizamsız uşaqlar daha çox iştirak etməlidirlər. Ümumilikdə isə adi söhbət etməklə çox şey əldə etmək olmaz. Narkotikaya meylli uşaqları belə söhbətlər bəzən hətta maraqlandıra da bilər.

Uşaqların dərsə davamlılığı ciddi nəzarətdə saxlanılmalıdır. Şagirdlər mütləq məktəbli forması geyinməlidirlər. Telefonları yalnız danışmaq üçün olmalıdır. Məktəbə bahalı telefon gətirməməlidirlər”.

Şəhla xanım onu da vurğuladı ki, məktəb nümayəndələri tərəfindən zaman-zaman valideynlərlə görüşlər keçirilməlidir: “Valideynlərlə söhbət aparılmalıdır. Özləri və övladları məktəbin qayda-qanunlarına riayət etməli, məktəbin ictimai həyatında fəal iştirak etməlidirlər. Heç bir uşaq kənarda qalmamalıdır. Valideynləri iştirak edə bilməyən uşaqlara digər valideynlər hamilik etməlidirlər. İmkansız ailələrin uşaqlarına məktəbli forması pulsuz verilməlidir. Vaxtaşırı həkimlər məktəbə gəlib uşaqları müayinə etməli, hər dəfə bir neçə sinifdə yoluxucu xəstəliklərdən necə qorunmaq və narkomaniyanın fəsadları barədə qısa məlumat verməlidirlər”.

Şəhla Ağbulud bu fikirdədir ki, məktəblərdə təşkil olunan tədbirlərdə cəmiyyətdə müyyən mövqe sahibi olan insanlar da iştirak etməlidir: “Uşaqların görüşünə təcrübəli iş adamları, idarə, təşkilat rəhbərləri, biznesmenlər, ustalar, kosmetoloqlar, bərbərlər, alimlər, yazıçılar və həyatda uğur qazanan bu kimi insanlar gələrək narkomaniyadan yox, iş təcrübələrindən danışsalar, daha yaxşı olar. Savadlı din xadimləri ilə görüşlərdən də uşaqlar faydalana bilərlər.

Məktəblərdə bəzən bədən tərbiyəsi, rəsm, nəğmə, əmək dərslərinə əhəmiyyət vermirlər. Bu dərslər hətta çox vaxt keçirilmir, yaxud olduqca maraqsız keçirilir. Elə uşaqlar var ki, dərslərdən geri qalır, lakin nəğmə dərsində oxumaq, əylənmək, digəri rəsm çəkməyi öyrənmək istəyir. Sənət sahibi olmaq istəyənlər də az deyil. Hiperaktiv uşaqlar var ki, çox enerjili olurlar, onlar idman dərsini xoşlayırlar. Lakin məktəblərdə idmanla necə məşğul olurlar? Bir çox məktəblərdə müəllim topu uşaqlara verib öz işini görür.

Uşaqların hər birinin istəyi və bacarığı nəzərə alınmalıdır. Yaxşı oxuya bilmədiyinə görə təhqir olunmamalıdır. Şagirdlər arasında mehribançılıq yaradılmalıdır. Hər biri tədbirlərə cəlb olunmalıdır. Bacarmasa belə, səssiz rol verilməlidir. Hamı səhnəyə çıxmalıdır. Onlarla, yüzlərlə insanın ona baxdığını görməlidir. Məsuliyyət hissi güclənməlidir. Özünə hörmət etməli, özünü gərəkli hiss etməlidir.

Uşağa birbaşa nədənsə danışıb, pisləyib, qadağan edəndə onda həmin şeyə maraq daha da güclənir. Odur ki, narkomaniyadan çox danışmaq yox, uşaqların diqqətini başqa yerə yönəltmək lazımdır”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI