Rusiyada "Qızılca" epidemiyası yayılıb

28/01/2019 - 23:29 5 908 0   0  

Rusiyanın Vladimir vilayətində qızılca epidemiyası tüğyan edir. Güman olunur ki, regiona virus Azərbaycandan bir uşaq vasitəsilə gətirilib.

“Laborator müayinələr nəticəsində 51 yoluxma halı təsdiqlənib”, - virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı jurnalistlərə Rospotrebnadzordan (Rusiyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumu – red.) bildiriblər.

Bir həftə bundan əvvəl xəstələnənlərin sayı 49 nəfər olub. Vilayət administrasiyasının məlumatına əsasən, xəstələnənlərin hamısı köç və miqrasiya edən əhalinin nümayəndələridir ki, onlara qızılca əleyhinə peyvənd vurulmayıb.

Qızılca epidemiyası ilə əlaqədar Vladimir vilayətinin qubernatoru Vlamidir Sipyagin regionun səhiyyə departamentinin direktoru Aleksey Mozalyova “xəstəliyin lokallaşdırılması üçün bütün tədbirlərin görülməsini” tapşırıb.

Bununla birlikdə, epidemioloqlar qeyd edirlər ki, hazırda vilayət üzrə epidemioloji vəiyyət nəzarət altındadır. Fövqəladə vəziyyətin tətbiqi üçün lüzum yoxdur.

Daha öncə bildirilirdi ki, Rospotrebnadzor Snovitsa qəsəbəsinin sakinləri arasında qızılcanın yayılmasını qeydə alıb. O zaman 25 yoluxma halı qeydə alınmışdı ki, xəstələnənlərin 5-i uşaq, 20-si yaşlı adam idi. Xəstəliyin ilkin ocağı qəsəbə məktəbi olub. Güman edilir ki, infeksiyanı qəsəbəyə Azərbaycandan gəlmiş uşaq gətirib.

Xəstələnənlərin böyük hissəsi qaraçılardır. Sanitar-epidemioloqlar güman edir ki, epidemiya qaraçı taborunun bütün üzvlərinə sirayət edəcək, belə ki, onlar  peyvənd olunmayıblar. Snovitsa qəsəbəsindəki qaraçı taborunda, Rospotrebnadzorda olan məlumata görə, cəmi 78 nəfər var.