Rusiya Müdafiə Nazirliyi bu raketlərin Azərbaycana satışına icazə vermədi

05/12/2018 - 20:57 13 804 0   0  

Rusiya “Bal-E” sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina edib. Suveren.az xəbər verir ki, bu barədə “Kommersant” hərbi-sənaye dairələrindəki mənbələrə istinadən yazıb.

Səbəb isə budur ki,  həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağını hesab ediblər. Habelə Rusiya istəmir ki, bu raketlər Qarabağda istifadə olunsun.

Azərbaycanın Rusiyadan “Bal-E” raket komplekslərini almaq niyyəti barədə məlumatlar hələ bir neçə il əvvəldən yayılmışdı. Daha sonra tərəflərin müqavilə bağladığı, yaxud müqavilə bağlamaq ərəfəsində olduğu bildirilirdi. Ancaq qəzet yazır ki, tərəflər bu raket komplekslərinə dair qəti qərara gəlsələr də Müdafiə Nazirliyi yekun müqavilənin imzalanmasına qarşı çıxıb. Bu raketlərin Azərbaycana verilməsini “məqsədəuyğun” hesab etməyib. Hərbçilər belə qənaətə gəliblər ki, raketlərin hətta ixrac modifikasiyası Xəzərdəki Rusiya gəmiləri üçün potensial təhdid yaradacaq.

“Bal-E” sahil mənzilli raket kompleksi ərazi sularına nəzarət, bazaların, sahilyanı infrastrukturun və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin tərkibinə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqəsi, gəmilər əleyhinə raketlər daşıyan özüyeriyən

buraxılış qurğusu, nəqliyyat-doldurucu maşınlar daxildir. Kompleksin daşıdığı raketlərin atəş məsafəsi 120 kilometrdir.

“Kommersant”ın məlumatına görə tərəflər əvvəlcə Azərbaycana o qədər də böyük olmayan partiyada “Bal-E” komplekslərinin və onlarla 3M24 raketinin təchizatına dair müqaviləni paraflayıblar. Bu raketlər “Bal-E” komplekslərinin Rusiya ordusu üçün nəzərdə tutulan X-35E raketlərinin ixrac versiyasıdır. Lakin tərəflər müqaviləni imzalaya bilməyiblər, çünki Müdafiə Nazirliyi etiraz edib.

“Bu arqumentlə mübahisə etmək faydasızdır, ona görə də paraflanmış müqavilə masanın üzərindən götürüldü, bizim mövqeyimiz eşidildi” - hərbi mənbələrdən biri deyib.

Müdafiə Nazirliyindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən və “Rosoboroneksport”dan isə şərh vermək istəməyiblər.

Yüksək rütbəli mənbənin sözlərin görə, “Bal-E” raketlərinin Azərbaycana təchizatı “olduqca həssas geosiyasi nüansla bağlı” hazırda müzakirə olunmur. Çünki son illər X-35 tipli raketləri nəinki dəniz hədəflərinin, eləcə də yerüstü hədəflərin vurulması üçün modernləşdiriblər. Moskva isə istəmir ki, Bakı bu silahı Dağlıq Qarabağda tətbiq etsin.

“X-35 raketləri hazırda yerüstü hədəfləri də vura bilir. Biz istəməzdik ki, Azərbaycan bu raketi Qarabağda tətbiq etsin” -  mənbə deyib.

Hazırda “Bal-E” kompleksləri ancaq Rusiya və Vyetnam ordularının silahlanmasında yer alır.

Azərbaycan bu komplekslərə 2014-cü ildə maraq göstərməyə başlayıb və azı bir diviziyon “Bal-E” kompleksləri almaq istəyirdi.

Belə demək olar ki, Rusiyanın “Bal-E” komplekslərini Azərbaycana satmaqdan imtina etməsi silahlanma baxımından Bakı üçün ciddi itki deyil. Çünki Azərbaycan öz ordusunun silah təchizatını çoxdan şaxələndirib və taktiki-texniki göstəricilərinə görə “Bal-E” komplekslərini əvəzləyən müasir raket kompleksləri əldə edib. Məsələn, İsrail Azərbaycana artıq “Barak-8” zenit-raket komplekslərini satıb. Bu komplekslərin gəmilər və dəniz hədəflərinə qarşı modifikasiyası da mövcuddur, Azərbaycana isə İsraildən həmin modifikasiyalı raketləri almaqla bağlı heç bir problemi ola bilməz.

Yaxud elə bu günlərdə açıqlandı ki, Fransa Azərbaycana Aster-30 SAMP/T zenit-raket komplekslərinin satışına icazə verib. Bu komplekslərin dəniz hədəflərinə qarşı nəzərdə tutulmuş modifikasiyası (Aster-15 raketləri ilə təchiz olunmuş) da mövcuddur və istisna deyil ki, Bakı komplekslərin hər iki modifikasiyasını nəzərdən keçirir.

Lakin o başqa məsələdir ki, Rusiya Müdafiə Nazirliyində “Bal-E” komplekslərinin Azərbaycana verilməsini Xəzərdəki Rusiya hərbi gəmiləri üçün potensial təhdid hesab ediblər. Axı Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir və onların arasında Xəzərdə potensial hərbi toqquşma ehtimalı ağlasığmazdır.

Qarabağda istifadə məsələsinə gəldikdə isə Azərbaycan onsuz da son illərdə Belarus, İsrail və digər ölkələrdən daha uzaqmənzilli, daha böyük dağıdıcı gücə malik raket-artilleriya sistemləri alır. Yəni “Bal-E” raketləri olmadan da Azərbaycan işğal altındakı ərazilərinin istənilən nöqtəsinə dəqiq raket zərbələri endirmək potensialındadır.

 

Virtualaz.org