Ərəblər İsrailə qarşı neft embarqosundan imtina edirlər

27/11/2023 - 12:20 3 305 0   1  

Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyətə həsr olunmuş son sammitlərində Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş və Bəhreyn nümayəndələri İsrailə neft embarqosu tətbiq etmək və diplomatik əlaqələri dayandırmaq haqda ideyanı dəstəkləməyiblər.

Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzet məqaləsində qeyd olunur ki, ərəb ölkələrinin say və iqtisadi üstünlüyünə baxmayaraq, 10 milyona yaxın əhalisi olan İsrail ərəb liderlərinin təzyiqlərinə tab gətirə bilib.

“Neft embarqosu, İsrail təyyarələrinin ərəb hava məkanına daxil olmasına qadağa qoyulması və bütün əlaqələrin dondurulması kimi maddələrin yer aldığı təklif Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş və Bəhreyn tərəfindən rədd edilib”, materialda qeyd edilir.

“Hürriyet” qəzeti bu ölkələrin liderlərini İsrailin Qəzza zolağında “soyqırım” adlandırdığı hərəkətlərinə qarşı danışmaq istəmədiklərinə görə tənqid edib.

“İsrailin baş naziri Netanyahu ərəb ölkələrinin liderlərini İsrailin hərəkətlərinə cavab olaraq susmağa çağırıb”, Türkiyə qəzeti iddia edir. Qəzetin məlumatına görə, İsrailin baş naziri vurğulayıb ki, öz maraqlarını və güclərini qorumaq üçün ərəb liderləri hər hansı bəyanatlardan qaçmalı və susmalıdırlar.