Qüdrət Həsənquliyev: “Keçmişi qara olan kim çıxıb bunlara əl uzatsa, böyük məmnuniyyətlə o əli sıxacaqlar”

02/04/2019 - 00:45 12 355 0   0  
Ölkə prezidentinin iqtisadi islahatlarla bağlı atdığı addımlar geniş ictimaiyyət tərəfindən təqdir olunur. Anonslardan belə görünür ki, prosesin ardınca hüquqi və siyasi islahatlarla bağlı da çox mühüm addımlar atılacaq. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu mövzuda “Yeni Müsavat” qəzetinə geniş müsahibə verərək, maraqlı fikirlər söyləyib. 
 
Suveren.az  müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, dövlət başçısı 2019-cu ilin ilk rübündə islahatlarla bağlı bir sıra addımlar atdı, qərarlar verdi. Amma əksəriyyət əmindir ki, proses davamlı xarakter daşıyacaq. Bundan sonra nələr gözlənilir. Sizdəki informasiyalar, gözləntilər nədən ibarətdir?
 
- Azərbaycan prezidenti bəyan etdi ki, ölkədə iqtisadi, sosial və məhkəmə islahatları, o cümlədən siyasi islahatlar aparılacaq. Bir neçə gün əvvəl birinci vitse-prezident Mehriban xanım Əliyeva da səfirlərin həyat yoldaşları ilə görüşdə söylədi ki, Azərbaycanda sosial- iqtisadi islahatlar aparılır və bu islahatlar genişləndiriləcək. Bu da onu göstərir ki, artıq ölkənin siyasi rəhbərliyində islahatlarla bağlı tam fikir formalaşıb, qəbul olunmuş ciddi qərarlar var. Mən hər zaman islahatları dəstəkləmişəm və bəyan etmişdim ki, Azərbaycan müxalifəti də bu islahatlara ciddi dəstək verməlidir. Müxalifətin əsas vəzifəsi hazırkı mərhələdə bu iqtidari dəyişmək yox, cəmiyyətin yenilənməsi, dövlət idarəetməsinin modernləşdirilməsi  olmalıdır. Biz modern dövlət, cəmiyyət qurmalıyıq. Azərbaycanda indiyə qədər görülən işlər artıq o bazanı yaradıb. İndi biz cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməliyik. Bu istiqamətdə də addımlar atılmalıdır. Ölkənin gələcəyini  yalnız hakimiyyət dəyişikliyində görən müxalif qüvvələr də var. Bu qüvvələr əsasən, ayrı-ayrı xarici dairələr tərəfindən yönləndirilir, idarə olunur. Onların əsas məqsədi bu islahatlara mane olmaqdır. Öz açıqlamaları ilə iqtidarı qıcıqlandırmağa çalışırlar ki, “siz qorxdunuz, geri çəkildiniz, bu islahatlara gedilməsi bizim mübarizəmizin nəticəsidir”. Həmçinin islahatlara dəstək verən şəxsləri aşağılayırlar. Əslində səmimi olaraq dəyişik istəyən qüvvələr bu islahatları dəstəkləməlidirlər və çalışmalıydılar ki, daha çox insan islahatları dəstəkləsin. Bu  islahatlara daxildən də  müqavimət göstərən qüvvələr var. Bu qüvvələr daha mühafizəkar, hər şeyin əvvəlki kimi qorunub-saxlanmasını istəyənlərdir. 
 
- Amma prezidentin və birinci vitse-prezidentin iradəsi ortadadır və bu maraqların əksinədir...
 
- Bəli, ona görə də sizə açıq deyirəm, strateji əhəmiyyət daşıyan postlarda olan və bu islahatlara dəstək verməyən insanlar vəzifələrindən kənarlaşdırılmalıdırlar. Mən bilirəm ki, onları dəyişdirmək də çətindir. Həmin adamlara portfelsiz seromonial vəzifələr də verilə bilər. Amma o insanlar real hakimiyyət səlahiyyətlərindən məhrum olunmalıdır. Radikal müxalifətin bir qismi xaricdən idarə olunur və onlar hazırda canlandırılıblar. Bəzi xarici güclər hökumətə təzyiq edib ondan nəsə qoparmaq istəyir, bəziləri də təzyiq yolu ilə hökuməti islahatlardan çəkindirmək istəyir. Onlar çox istəyirlər ki, Azərbaycan Türkmənistan kimi yarı quldar, yarı feodal dövlət olsun və yalnız təbii sərvətlərin satılması hesabına yaşasın. Yəni bu dövlətin həm beynəlxalq imici zədəli olsun və  həm də  ölkənin iqtisadiyyatı inkişaf edə bilməsin. İqtisadiyyatı güclü olmayan ölkə də müharibəyə başlaya, torpaqlarını azad  edə bilməz. Azərbaycanı bu cür görmək istəyən yaxın və uzaq dövlətlər var, onlar islahatlara bütün gücləri ilə mane olmağa çalışacaqlar. Mən verdiyim müsahibələrdən birində demişdim ki, islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək.
 
 “Biz bazar iqtisadiyyatına keçmişik, amma ölkəmizdə normal fəaliyyət göstərən birja yoxdur”
 
- Sonuncu, “Diqlas” yanğınında təxribat izi ola bilərmi?
 
- Son sözü istintaq deyəcək. Amma mən o variantı da istisna etmirəm. Əminəm ki, hüquq-mühafizə orqanları o variantı da araşdıracaqlar. Təxribatları bəzi hallarda peşəkarlar, xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edirlər və çalışırlar ki, bu zaman heç bir iz buraxmasınlar, tamam başqa görüntü yaransın. Onun üçün böyük peşəkarlıq lazımdır ki, məsələnin əsl mahiyyətini üzə çıxartmaq mümkün olsun.
 
- Fakt budur ki, dövlət başçısının bu yanğın olayına operativ reaksiyası və verdiyi qərarlar xeyli qüvvələri məyus elədi, elə deyilmi?
 
- Tam haqlısınız. Mən bu fikirdəyəm ki, iqtidar kənardan deyilən “ay qorxdu, biz məcbur  etdik, xalq öz hüquqlarını tələb etməyə başladı, ona görə də hökumət geri çəkildi” kimi psixoloji hücumlardan nə pərişan olmalı, nə də bundan narahatlıq keçirməlidir. Xalq hərəkatında olmuş, müstəqillik dövründə ölkənin ictimai-siyasi həyatında yaxşı mənada özünü ekspert, ictimai-siyasi fəal kimi göstərmiş insanların hesabına hakimiyyət komandası  gücləndirilməlidir. Radikal müxalifətə, Avropadan söyüş söyənlərə  gizli dəstək verən iqtidar nümayəndələri ifşa olunub qovulmalıdır. 
 
- Yəni belə şəxslər hakimiyyətə transfer olunmalıdır?
 
- Bəli. Daha çox geniş ictimai dəstəyi təmin etmək, radikal müxalifətin sıralarını seyrəltmək, həm də onları ictimai dəstəkdən məhrum etmək üçün bu, çox vacibdir. Düşünürəm ki, iqtidar özündə cəsarət tapıb bu addımları da atmalıdır. Bu şəkildə formalaşan hökumət həm də milli etimad hökuməti xarakteri alacaq. Sizi əmin edirəm ki, geniş xalq kütlələrinin dəstəyi ilə prezident nəzərdə tutduğu islahatları daha ağrısız və daha asanlıqla həyata keçirə biləcək. Prezidentə qarşı olan qüvvələr də iri miqyaslı təxribatlardan qorxub-çəkinəcəklər. Öz təcrübəmdən çıxış edərək əminliklə deyirəm ki, mənim yaxınlarım, islahatlara dəstək verən insanlar ən müxtəlif təzyiqlərə və təxribatlara məruz qalırlar. İslahatları dəstəkləyən hökumət üzvlərinin də borcudur ki, onları müdafiə etsin. Yəni qoymasın ki, bu insanlar irticaçı qüvvələrin hücumlarına məruz qalsın. Ona görə ki, bu insanlar qorxudulsa, yaxud onları prezidenti müdafiədən çəkindirsələr, o halda islahatlar müdafiəsiz qalacaq.
 
- Bu yaxınlarda YAP-ın rəhbər şəxslərindən biri Siyavuş Novruzov demişdi ki, müxalifət müraciət etsə, hakim partiya dialoqa hazırdır. Siz indiki durumda dialoq zərurəti hiss edirsinizmi və bu təklifə münasibətiniz necədir?
 
- Dialoq təşəbbüsü iqtidardan gəlməlidir. O halda  dialoqun da hansısa bir nəticəsi olar. Vaxtilə mərhum prezident Heydər Əliyev hüquqi islahatların aparılması məqsədilə bir komissiya yaratmışdı, həmin komissiya hələ də ləğv olunmayıb, amma onun tərkibində kimlərin olması da artıq yaddan çıxıb. Bax, o komissiya yenidən formalaşdırıla, bu, iqtidardan, müxalifətdən, müstəqil şəxslərdən ibarət ola bilər. İqtisadi islahatlarla bağlı da eyni qaydada. Siyasi partiyalarla danışıq aparmaq olar. Yəni bu, çox normal bir şeydir. Biz bu addımları atmaqla həm də islahatlara beynəlxalq dəstəyi təmin edəcəyik və dünya görəcək ki, doğrudan da bu ölkədə islahatların imitasiyasından yox, real islahatlardan söhbət gedir. Əlbəttə, barışmaz müxalifət var ki, iqtidarın legitimliyini tanımır, onlarla oturub nəyi müzakirə edəcəksən? Amma o qüvvələr ki, iqtidarla əməkdaşlıq etməyə hazırdir, onlarla danışmaq lazımdır. Yəni bu istiqamətdə intensiv iş aparılmalıdır, zaman gözləmir. Artıq prezident seçkilərindən bir ilə yaxın vaxt keçir, bu, böyük müddətdir. Zaman çox sürətlə keçir. Ona görə də hökumət daha çevik olmalıdır.
 
- Görünən budur ki, yenə də proseslərə prezident nəzarət edir və operativ qərarlar verir. Hətta Vyana səfərindən bir neçə saat əvvəl yanğın müşavirəsi keçirməli oldu. Sizcə, komanda necə davranmalıdır?
 
- Mən sizi əmin edirəm ki, islahatlara yön verən prezident və birinci vitse-prezidentdir. İndiki durumda birinci vitse-prezidentin rəhbərliyi ilə ölkədə islahatların genişləndirilməsi istiqamətində komissiya yaradıla bilər, variantlardan biri budur. Ora millət vəkilləri də, müxalifət partiyaları da daxil ola bilər. Yaxud ayrı-ayrı sahələr üzrə komissiyaların yaradılması da mümkündür. Bu, işləri daha da sürətləndirərdi. Mehriban xanımın böyük imkanları var ki, bu islahatları sürətləndirsin.
 
Dünən biz “Mediasiya haqqında” qanun qəbul etdik. Bu qanunun qəbulu ölkənin beynəlxalq nüfuzunun artırılmasına da töhfəsini verəcək. Əlbəttə, qanun cilalanmalıdır, layihəyə mənim də ciddi iradlarım oldu, yəqin ki, zaman keçdikcə, cilalanacaq. Bu da hüquqi islahatlar istiqamətində atılan bir addımdır. Artıq ölkədə böyük özəlləşdirməyə də start verilib. Mətbuatdan oxudum ki, Bakı fəhləsi Neft Maşınqayırma  Zavodu artıq investisiya müsabiqəsinə çıxarılıb. Artıq iri müəssisələrin özəlləşdirməyə çıxarılması islahatlar istiqamətində atılan əhəmiyyətli addımlardır. Amma bu proses davamlı olmalıdır. Biz güclü məhkəmə hakimiyyətini qura bilməsək, qanunun aliliyini təmin edə bilməsək, ölkəyə heç vaxt böyük miqyasda xarici  investisiya cəlb edə bilməyəcəyik.
 
-Partiya olaraq islahatlarla bağlı başqa nə kimi təklifləriniz var?
 
- Biz bazar iqtisadiyyatına keçmişik, amma ölkəmizdə normal fəaliyyət göstərən birja yoxdur. Dünyanın hər yerində iqtisadiyyata investisiya cəlb etməyin ən gözəl yollarından biri birjadır. İri şirkətlər öz səhmlərinin ən azı 30 faizini çıxarıb birjalarda satırlar və ordan böyük pullar götürürlər ki, istehsalatı genişləndirsinlər. Son vaxtlar görün nə qədər azərbaycanlı gedib qardaş Türkiyədə ev, yaxud Çexiyada, başqa ölkələrdə daşınmaz əmlak alırlar. Sizi əmin edirəm, bizdə birja normal fəaliyyət göstərsə, vətəndaşlar gedib o şirkətlərin səhmlərini alarlar.  İldə bir dəfə Türkiyəyə gedəcək, iki gün o evdə qalacaq, ya qalmayacaq, amma o mənzili alıb, qoyub orda.  O pullar bizim iqtisadiyyatımıza daha çox xeyir verər. Çoxlu bank bağlandı və insanlar pullarını bankda saxlamağa risk etmirlər. Vətəndaş düşünür ki, hökumət Neft Fondunun pullarını ölkə banklarında saxlamırsa, mən niyə saxlayım? Ona görə də ya evdə saxlayırlar, ya da daşınmaz əmlaka yönəldirlər. Bir dənə birjanın normal fəaliyyətini təmin etməklə çox böyük dəyişikliklərə nail olmaq mümkündür.  Biz xidmət sahələrini ya özəlləşdirməli, ya da əməli idarəetməyə verməliyik. Başqa mühüm detal: çar Rusiyasında vaxtilə İkinci Nikolayın apardığı islahatlar ona görə süquta uğradı ki,  hamı başa düşürdü ki, müharibələri  uduzan və torpaqlar itirən, alçaldılmış  ölkədə narazılıq gün-gündən artır, hamı dəyişiklik istəyir. Elita bunu başa düşürdü, amma heç kim imtiyazlarından imtina etmək istəmirdi. İmtiyazlardan imtina etmədən həyata keçirilən islahatlar Çar Rusiyasında qanlı inqilabla nəticələndi və mövcud azadlıqlar da tamamilə  itirildi. İnsanlar mülkiyyətindən məhrum oldu, dalınca böyük bir repressiya gəldi. İndi bizim radikal müxalifət guya daha ali dəyərlərə söykənəcək dövlət qurmaq haqqında, qanunun aliliyindən danışır, amma baxırsan ki, korrupsiyaya görə ittiham olunmuş, keçmişi çox qaranlıq olan insanları nəyinsə xatirinə müdafiə edirlər.
 
- Kimi nəzərdə tutursunuz?
 
- Ad çəkmək istəmirəm, hamı bilir söhbət kimlərdən gedir. Bir nəfər deyil, iki nəfər deyil. Keçmişi qara olan kim çıxıb iqtidar əleyhinə bir söz desə, böyük məmnuniyyətlə onun əlini sıxacaqlar. Belə çıxır ki, məqsəd daha sivil dövlət quruculuğundan yox, sadəcə olaraq hakimiyyətə gəlməkdən ibarətdir. Vətəndaşlarımızı kiminsə hakimiyyətə  gəlib rəqibindən qisas alması yox, evində qazanının  qaynaması, uşağını oxutdura bilməsi, ona paltar ala, özü normal yaşaya bilməsi, hüquqlarının qorunması, ildə bir dəfə gedib normal dincələ bilməsi maraqlandırmalıdır.
 
- Qüdrət bəy, ölkədəki islahatları müdafiə etdiyinizə görə vaxtaşırı sizə yönəlik də ittihamlar səsləndirilir, sosial şəbəkədə hədəfə alınırsınız. Bu kimi hallara münasibətiniz necədir?
 
- İndi iqtidara nifrət o qədər körüklənib və müəyyən mənada cəmiyyəti o qədər parçalayıblar ki, bəzi insanları sağlam düşüncə yox, emosiya idarə edir. Bir qrup insan idarəetmənin sivil yolla dəyişməsini istəyən qüvvələri o qədər də yaxşı qarşılamır. Bu vəziyyət məni narahat etsə də hesab edirəm ki, mən özümü mövcud vəziyyətə uyğunlaşdırmalı deyiləm. Mövcud durumun dəyişməsi istiqamətində çalışmalıyam  ki, ictimai rəy qisasçıları, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyənləri yox,  idarəetmənin dəyişməsini istəyən insanları dəstəkləsin.
 
Yoxsa 5-3 dənə tərbiyəsiz, nifrət və qisas hissi ilə alışıb-yanan, yaxud istifadə olunan insanlar, yaxud iqtidardakı keçmişin tör-töküntüləri məni söyəcək, yaxud söydürəcək ,təhqir və təxribatlar  edəcək, mən bundan qorxum, çəkinim, mövqeyimi dəyişim ki, onlara xoş gəlim, bu yol tutulmamalıdır.  Hesab edirəm ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün də gözəl bir şans yaranıb. Onlar bu çətin keçid dövründə cəsarətli və ağıllı qərarlar qəbul etməklə adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yaza bilərlər. Düşünürəm ki, onlar bu şansı həm özləri üçün, həm Əliyevlər nəslinin davamçıları üçün, həm xalqımız üçün qaçırmayacaq və Azərbaycanı modern, güclü bir dövlətə çevirəcəklər.