“Qazprom” Ermənistanın dövlət qurumunu yalan məlumat yaymaqda ittiham etdi

14/11/2018 - 19:15 16 186 0   0  

Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlanması barədə əsassız məlumat yayıb. Suveren.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Qazprom-Ermənistan”ın bəyanatında deyilir.

“Şirkətdə kompleks yoxlama oktyabrın 1-də başlayıb və bu günə kimi davam edir. İndiyə qədər komitə vergi qanunvericiliyinin müddəalarının pozulması haqqında hər hansı epizod təqdim etməyib”, - şirkətdən bildirilib.

“Heç bir sübut göstərilməyib. Komitənin bu cür fəaliyyəti şirkətin işgüzar nüfuzuna xələl gətirə və fəaliyyətinin normal axarını poza bilər. Ermənistanın ən iri vergi ödəyicisi olan “Qazpom-Ermənistan” hər zaman vergi qanunvericiliyi çərçivəsində fəaliyyət göstərib”, - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazpom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlanması haqqında məlumat yayıb.