Qafqazda münaqişələri kim alovlandırır və ya Rusiya erməniləri dəstəkləməklə Azərbaycan və Gürcüstanı "sülhə necə məcbur edir?"

27/06/2020 - 23:17 6 727 0   0  

Bütün ölkələrin başının koronavirus mövzusu ilə məşğul olduğu bir vaxtda Ermənistanda da eyni problemlər olmasına baxmayaraq, Rusiyanın dərin qatlarına hopmuş və kök salmış erməni lobbisi Qarabağın işğalını de-fakto tamamladıqan sonra hazırki mərhələdə Gürcüstanın Cavakx bölgəsinin ondan qopardılması üzərində fəaliyyətini cəmləməkdədir. Görünür dövlətləri ətalətə qərq etmiş koronavirus mövzusu onları ləngidə bilmir. Gürcüstanın erməni millətindən olan “xeyirxahları” heç cür sakitləşə bilmirlər və Samtsxe-Cavaxetiyanın Gürcüstandan ayrılıb Ermənistana birləşməsi naminə regionda eməni üsyanını planlayırlar. Rusiyanın “Ekspress-qazeta” nəşrindəki Vitali Kimin “Erməni-gürcü müharibəsini kim qızışdırır” adlı sifarişli məqaləsi də bu prosesi körükləmək məqsədilə hazırlanmışdı (Кто провоцирует армяно-грузинскую войну»(https://www.eg.ru/politics/896118-kto-provociruet-armyano-gruzinskuyu-vo...). Bu məqalədən bəzi sitatlar gətirək:

“NATO Gürcüstanda yeni “qaynar nöqtə” yaratmaq istəyir, ABŞ və gürcü siyasətçiləri razılıq əldə ediblər ki, Cavaxetiya regionunda Şimali Atlantika blokunun bazalarını yerləşdirsinlər. Onlar bura aviasiya bölmələrini, hətta Türkiyədəki İncirlik bazasından nüvə başlıqlarını da yerləşdirə bilərlər. Hazırda Ərdoğan ABŞ üçün stabil müttəfiq deyil. Region isə coğrafi olaraq çox əlverişlidir: həm Yaxın Şərq həm Rusiyaya yaxındır. Amma ekspertlər iddia edirlər: əgər NATO əsgərinin ayağı bu torpağa dəyərsə, onu yeni separatçılıq dalğası bürüyəcək. Gürcüstandan isə Abxaziya və Cənubi Osetiyanın ardınca daha bir ərazi qopacaq.

Cavakx-ermənilərin kompakt yaşadığı rayondur. Onlar hesab edirlər ki, bölgə nə vaxtsa Böyük Ermənistanın tərkibinə daxil olub. Ancaq gürcülər bununla razı deyil. Hazırki “qenatsvale” Rusiya imperiyasını gürcü torpaqlarında erməni qaçqınları məskunlaşdırmaqda ittiham edirlər. Ümumiyyətlə- Qafqaz üçün tipik situasiyadır. Tarixi yaddaş məsələsi 20-ci əsrin əvvəllərində bu xalqlar arasında konfliktlərə gətirib çıxardı. 1918-ci ildə Gürcüstan Demokratik Respublikasının yaranması zamanı erməni tərəfi bu torpaqları tələb etmişdi. Bir ay boyunca qanlı döyüşlər getdi. Sülh konfransında tərəflər mübahisəli əraziləri bölməyə qərar verdi. Uezdin şimal hissəsi-hazırki Cavaxetiya-Gürcüstana verildi, cənub hissəsi isə Ermənistana verildi. Sovet dövlətinin tərkibinə də bu formada qəbul olundular. Amma millətlərarası gərginlik yox olmadı. SSRİ-nin digər uclarında 80-ci illərdə milli dirçəliş hərakatı başladı. Gürcüstanda da ermənilər əleyjinə ab-hava yüksəldi. Regionda sparatçılıq meydana çıxmağa başladı. Cavaxetiya sakinləri Qərbin təsiri altında olan geridəqalmış ölkədə yaşamaq istəmədilər. 90-cı illərdə region artıq Tbilisi hakimiyyətindən daha az aslılı olaraq və əlaqə saxlayaraq öz həyatına başladı. Orada pul vahidinin rus rublu olması çox şeydən xəbər verir”.

Əvvəlcə onu deyəki ki, “erməni əleyhinə ab-hava” haqda deyilənlər yalandır, çünki Azərbaycanda olduğu kimi ermənilər Qarabağın Azərbaycandan ayrılmasını tələb etməyənə qədər və əslində Azərbaycanın qədim torpaqları üzərində yaranmış Ermənistandan azərbaycanlıları qovmayana qədər “antierməni” ab-havası mövcud deyildi. Gürcüstanda da belə əhval-ruhiyyə yox idi. İş orasındadır ki, erməni yaraqlıları Ermənistandan əhalini qovarkən azərbaycanlı əhaliyə vəhşicəsinə divan tutduqları kimi, Abxaziyada da gürcü əhaliyə eyni davranışı nümayiş etdirdilər. Elə bu gün də, ermənilər kütləvi şəkildə Gürcüstana istirahətə gedirlər, bizneslə məşğul olurlar və özlərini çox rahat hiss edirlər. Amma görünür erməni millətçiləri imkanlarından faydalandıqları xalqların “milli kimliyinə tüpürmək” üçün hər şeyi edirlər, yoxsa onların azərbaycanlıların tarixi köklərinə məxsus qədim alban kilsələrinə, gürcü kilsələrinə irəli sürdükləri iddiaları necə xarakterizə etmək olar.

Sonra isə Vitali Kim yazır:

“Mixali Saakaşvili hakimiyyətə gələn zaman, Cavakx regionunu mərkəzə-Tbilisiyə tabe etməyə və onu titullu xalqla məskunlaşdırmağa başladı. Mahiyyətcə etnik təmizləmə apardı. Bu onsuz da mürəkkəb milli məsələni bir az da mürəkkəbləşdirdi”.

Daha bir ağ yalan.

Samtsxe-Cavaxetiyada heç bir etnik təmizləmə olmayıb. Amma Abxaziyada gürcülərin etnik təmizləməsi olub. İndiyə qədər də Abxaziyadan qovulmuş gürcü qaçqınlarını ermənilər evlərinə buraxmırlar və Ermənistan BMT-nin Baş Assambleyasında bunun əleyhinə səs verir.

Daha bir şər dolu sitat: ”Regionun güclü münaqişə potensialı var və burada “qaynar nöqtə” yaratmaq çox asandır. Amerikalılar çoxdan regiona göz qoyurlar və gərginliyin sönməsinə imkan vermirlər. Yaxınlarda Vaşinqton hiyləgər provakasiya törətdi. ABŞ Koqresində Ermənistana maddi yardımın göstərilməsi barədə məsələ müzakirə olundu. Korqresmenlər Ermənistana və Cavakx ermənilərinə yardım ayırdılar. Baxmayaraq ki, bu region Gürcüstanın bir hissəsidir, hətta muxtariyyət də deyil. ABŞ nəyə görə rəsmi hakimiyyətin başı üzərindən bölgə ermənilərinə kömək göstərir-aydın deyil. Bir sıra ekspertlər əmin edirlər ki, burada ”qaynar nöqtə” alovlanarsa, bütün region yana bilər. Azərbaycanın Dağlıq Qarabağa hücumu fəallaşacaq, Gürcüstanın isə Abxaziya və Cənubi Osetiyaya. Yalnız Moskvanın sülhə məcbur etməsi onları “dayandırır”. Əgər Rusiyada qeyri-sabitlik və siyasi böhran baş verərsə, region milli münaqişələr burulğanına gömüləcək. Eynən Yuqoslaviya kimi”. Məqalədə açıqca Samtsxe-Cavaxetiyada separatçılığın alovlandırılması və regionun Ermənistan tərəfindən anneksiyası haqqında danışılır. Rusiyanın Azərbaycan və Gürcüstanı “sülhə məcbur” etməklə ərazilərini işğaldan azad etməyə imkan verməməsindən vəcdlə bəhs edən Vitali Kimin kimin sifarişini yerinə yetirdiyi aydın görünür. Bu birbaşa beynəlxalq hüququn tapdanması, münaqişələrin beynəlxalq normalar çərçivəsində həll olunmasına mane olan, BMT TŞ-nın beş üzvündən biri olan Rusiyanın siyasətində beynəlxalq hüququn yox, zorakılığın və ikiüzlülüyün, ikili standartların tərcih olunmasını açıq-aşkar ortaya qoyur.

Ülviyyə Şükürova