​Putin seçki saxtakarlığını asanlaşdırdı – QANUNA DÜZƏLİŞ EDİLDİ

14/11/2023 - 14:36 3 606 0   2  

Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri haqqında qanuna saxtakarlıqların monitorinqini çətinləşdirən düzəlişləri təsdiqləyib.

Bu barədə Rusiyanın müxalif mediası yazır.

Dəyişikliklərə əsasən, yalnız qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin redaksiyalarında rəsmi işləyən jurnalistlərin seçki komissiyalarının iclaslarında iştirakına icazə veriləcək.

Eyni zamanda, yalnız "Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq hüququ olan" şəxslər seçki prosesində fotoşəkil çəkə və ya lentə ala biləcəklər. Çəkiliş səsvermə sirrini və sənədlərdəki şəxsi məlumatların məxfiliyini pozmamalıdır.

Həmçinin, hərbi hissələrdə yerləşən məntəqə seçki komissiyalarında çəkilişlərə qadağa qoyulub. Çəkilişlər bölmənin rəhbərliyi ilə razılaşdırılmaqla, yalnız akkreditə olunmuş media nümayəndələri tərəfindən aparıla bilər.

Dəyişikliklərə əsasən, Rusiyada bloklanan bütün resurslarda təşviqat aparılmasına qadağa qoyulub. Həmçinin, hərbi vəziyyətin tətbiq olunduğu Rusiya Federasiyasının təsis qurumlarında federal seçkilərdə səsvermə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının Müdafiə Nazirliyi, FSB və müvafiq rayonun rəhbəri ilə məsləhətləşmələrinin nəticələrinə əsasən mümkündür.