"Putin kosmosa çıxsa da rus imperiyasının dağılmasının qarşısında dura bilməyəcək"-Cahandar BAYOĞLU.

06/07/2020 - 20:09 6 553 1   1  

Rusiya Federasiyası xalq oylamasıyla Anayasa dəyişgənliyinə gedərək, Putinə 36 ilədək prezident olma şansı tanıdı. Yəni çar statusu verdi və mərkəzləşmiş idarəçiliyi güçləndirərək, federasiya subyektlərinin yetkilərini daha da azaltdı.

Moskva təbliğat maşını dərhal təlimatlar hazırlayıb, tezisləri Rusiyada və postsovet məkanında olan çetelərinə göndərdi ki, “SSRİ yenidən bərpa olur”. Çete kuklaları da bunu geniş şərhlərlə basında yayınlatmağa başladı.

Putin özünü dünyanın ağası elan etdirsəydi və 150 milyonluq Rusiya əhalisinin 50 milyonu ona səs versəydi, “Putin dünyanın sahibimi olacaqdı”?

Əziz oxucu, Rusiya imperiyasının 2021-ci ildə 300 ili tamam olur və imperiya çökməkdədir. Heç bir imperiya çöküşündə yenidən dirçəlməyib. Putin Rusiyası nəyi dəyişsə də, Putin kosmosa çıxsa da bu təbii prosesin qarşısında dura bilməyəcək. Necə ki, “SSRİ” adında rus imperiyası əridi, eləcə də onun qalığı Rusiya Federasiyası olan imperiyanın çöküşünün qarşısında da heç nə dura bilməz.

Sadəcə, Putin və Putin Rusiyasının atdığı bu addımlar nostalji hissindən başqa bir şey deyildir. SSRİ dağılandan varis Rusiya Federasiyası dünyanın her yerində, səddamlarını, əsədlərini, haftarlarını itirərək, nüfuz dairələrini daraltmışdır. Krım təxribatına gedərək slavyan təsübkeşliyini darmadağın etmişdir. Qonşu dövlətlərlə imperiya dili ilə danışdığından etibarını itirmişdir, iqtisadiyyatı tənəzzülə uğramışdır. Müttəfiqi Çin və Şimali Koreyanı da itirərək, yalnız qalmışdır. Tək dostları, qara bazar baronlarıdır ki, onlar da hər an bundan üz döndərə bilər. Bir də, "bəlkə qaytardılar" düşüncəsiylə yaşayan, "Moskva" adı gələndə dədələrini unudan imperiya kuklalarıdır ki, postsovet məkanında dəridən-qabıqdan çıxırlar. Bu zavallılar Putindən çox “putinçi”, rusdan çok “rusçu”dular. Arada qalan yazıq rus millətidir.

Dünya millətləri özünün milli dövlətini gücləndirir, rus millətinin hələ də milli dövləti yoxdur. Hamı rus milləti adından oyun oynayır, ondan yararlanaraq çox şey qazanır, amma rusun heç nəyi yoxdur.

Mən inanıram ki, rus adından istifadə edərək şovinistçiliklə onu məhv edənlər deyil, rus millətinin gerçək övladları bu zavallı millətə dövlət quracaqlar. Rus milləti də dünya millətləri kimi, Tatarıstan, Başkurdistan, Yakutiya, Tuva, Altay, Xakasiya, Qazaxıstan, Ukrayna... dövlətləri ilə qonşuluğun, insanlığın kefini yaşayacaq. Belə olduğu halda milli haqlarını əldə edən rus milləti, bəşəriyyətə yararlı olmasından zövq alacaq.

Cahandar BAYOĞLU,

Turan Partiyası GK Başqanı