PROFESSORUN ŞAH İSMAYILA BİABIRÇI HÜCUMU…

20/11/2018 - 12:10 2 542 0   0  

Azərbaycan tarixini nə qədər çək-çevirə salmaq olar? Adam utanır. Belə çıxır ki, tariximiz başdan-ayağa saxtalıq üzərində qurulub və milli mənsubiyyəti şübhə doğuran, qanı qarışıq şəxslər Azərbaycan adlanan məmləkətə hökmranlıq ediblər.

Təəssüf ki, bu biabırçı tendensiya son illər bizim öz araşdırmaçı (?) alimlərimiz tərəfindən daha böyük şövqlə müzakirə mövzusuna çevrilərək insanlarımızda tarixi şəxsiyyətlərimizə qarşı inamsızlıq və bir az da sərt ifadə etsəm, nifrət hissi aşılamaq məqsədi daşıyır.

Bu cür gərəksiz söhbətlər hətta ölkə telekanallarınadək gəlib çıxmışdır. Millətə dərs keçənləri başa düşmək olmur. İlin-günün bu vaxtında zərərli mühakimələr, “elmi” yanaşmalarla cəmiyyətin onsuz da çarmıxa çəkilən səbri ilə niyə oynayırsınız? Fikirlərimdə yanılmaq istərdim, lakin sapı özümüzdən baltaların tariximizi iki şaqqıya bölməsinə biganə qala bilmədim. Düşmənə bundan artıq “elmi” hədiyyəni bəxşiş etməyin adını tapa bilmirəm. Ermənilərin gecə-gündüz iddia etdikləri də budur ki, Azərbaycanın dürüst tarixi olmayıb və guya yazılanlar da bütünlüklə şişirtmələri, həqiqətdən kənar yalanları özündə ehtiva edir.

Məni bu qeydləri Ankarada xəstəxanada həyəcanla qələmə almağa vadar edən tətqiqatçı ədəbiyyatşünas alım kimi yaradıcılığına həmişə hörmətlə yanaşdığım və etibarlı oxucusu oldugum professor Nizaməddin Şəmsizadənin tarixin hansısa pas atmış arxivindən uydurma bir “sənədə” əsaslanaraq Şah İsmayıl Xətai haqda heç bir ölçüyə sığmayan iddia ilə çıxış etməsi oldu. Təpəmdən tüstü çıxardı. Əvvəlcə səhhətimə zəhər qatıb özümü narahat etmək istəmədim. Professorun Şah İsmayılın milliyyətini şübhə altına almasına sadəcə dözə bilmədim.

1465535148_7

Xətainin həyat və yaradıcılığını azdan-çoxdan oxuyan və Səfəvi hökmdarının dövlət idarəçiliyindəki
fəaliyyətinə müəyyən dərəcədə bələd olan birisi kimi Nizaməddin müəllimin “tapıntılarını” ilk dəfə idi ki, eşidirdim. Sən demə, Xətai təmiz azərbaycanlı olmayıb, qanı qarışıq düşüb. Tədqiqatçı onun yunan qarışığı olduğunu irəli sürsə də, əslində erməniliyə işarə etdiyini hiss etmək çətinlik yaratmır. Alimin xətrinə dəyməsin, deyəsən, elə onun özü Şah İsmayıla nifrət edənlərin başında dururmuş!!!

Görün nə deyir:

- Xətai təmiz müsəlman deyildi, onun damarlarından xristian qanı axırdı…

Bununla kifayətlənməyən N.Şəmsizadə Səfəvi hökmdarını qəddar, intiqamçı, başkəsən, qaniçən kimi təqdim edərkən bundan rahatlıq tapdığını gizlətməyə çalışsa da, vurğularından hər şey çılpaqlığı ilə nəzərə çarpır.

Hələ yaxşı ki, Hitlerin Şah İsmayılın törəməsi olduğunu dilə gətirməyib. Tədqiqatçı Səfəvi hökmdarını dini dövlət ideologiyasına çevirməkdə də günahlandırıb. Burada müyyən həqiqət vardır. Lakin professorun bu məsələni xüsusi qabartması çox maraq doğurur. Tarixdə bundan daha təhlükəli dini cərəyanlar, xiristianlığın dövlət ideologiyası səviyyəsinə qaldırıldığı dövrlər də olub. Yəqin N.Şəmsizadə tarixin qaranlıq səhifələrində gömülmüş 4 qanlı Səlib müharibəsini xatırlamamış deyildir.Yürüşün kimlərin üzərinə tuşlandığı və haralara qədər gedib çıxdığı tarixin yaddaşından silinməyib. Birinci Xaç yürüşündə qərbi Avropa ölkələrinin orduları Yaxın Şərqdə Qüdsə, Fələstinə qədər gedib çıxmışdı…

Bu gün Azərbaycana olan basqılarda da oxşar motivləri – ərazilərimizin işğalında hansı dinin daşıyıcısı olan dövlətlərin rolunu və yardımını görə bilərik. Dinlərin müharibəsinin əsas bünövrəsi məhz Səlib yürüşlərindən sonra qoyulmuşdur. Ona görə də İslamın ideoloji səviyyəyə yüksədilməsində Şah İsmayılın hədəfə alınmasını ədalətsizlik hesab edirəm. Lakin bu məsələdə müəyyən mənfi meylləri tam inkar da edə bilmərik.

Ümumiyyətlə, Xətai dövrünün bəzi ziddiyyətli tərəfləri barədə danışa, hətta mübahisəli məqamlar üzərində dartışa da bilərik. Ancaq hörmətli Nizaməddin Şəmsizadənin Azərbaycan tarixinin böyük və şərəfli parçası olan Səfəvilər dövrünü və Şah İsmayılın özünü yerdən-yerə vurmasını heç bir halda qəbul edə bilmərik.

Eldar Sabiroğlu
Ankara – Yaşam xəstəxanası.
20 noyabr, saat 2.19