ÖZÜ BAKIDA YAŞAYIR, UCAR “KOMXOZ”UNDAN MAAŞ ALIR… - Ucar sakini Mətanət Qurbanova: “Onlar aylıq haqq verdikləri üçün işə gəlmirlər, amma...”

08/05/2023 - 11:22 3 649 2   0  

Ucar şəhəri, “Konserv Zavod” yaşayış evində yaşayan Qurbanova Mətanət Şahin qızı tərəfindən Suveren.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

2019-cu il tarixindən «Dost» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyirəm. İşlədiyim müddətdə daima işdə olmuşam və rəhbərlik tərəfindən verilən bütün iş tapşırıqlarını yerinə yetirmişəm. İşlədiyim ərazilərdə olan müşahidə kameralarının yaddaşındakı video kadrlara baxılsa, bu dediklərim təsdiq olunacaq.

27 aprel 2023-cü il tarixində mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Buna səbəb kimi göstəriblər ki, “işə gəlmirəm, məsuliyyətsizəm”. Bu göstərilənlər ağ yalandır. Ucar rayonu Kommunal Müəssisələri Kombinatı işə gəlməməyimlə bağlı «Dost» İş Mərkəzinə məlumat verib.

Həmin günü əmək müqaviləsinə xitam verilmiş başqa şəxslər də var. Bu şəxslər Ucar rayonu Kommunal Müəssisələri Kombinatının müdirinə və briqadirlərə aylıq haqq vermədikləri üçün «Dost» İş Mərkəzinə belə yalan məlumat veriblər. Biz daima işdə olmuşuq və verilən tapşırıqları yerinə yetirmişik.

«Dost» İş Mərkəzinin xətti ilə Kommunal Müəssisələri Kombinatında adı işdə olub, özləri işə gəlməyən şəxslər çoxlu saydadır. Onlar aylıq haqq verirlər deyə işə gəlmirlər, ancaq maaşlarını alırlar. Briqadirlərin və “komxoz”un rəhbər şəxslərinin birinci dərəcəli yaxın qohumları, pensiya alan 70 yaşlı ər-arvad, adları “komxoz”da olsa da, taksi fəaliyyəti ilə məşğul olan şəxslər, özləri Bakı şəhərində yaşasalar da adları Ucar “komxoz”unda olan şəxslər işə gəlməsələr də, aylıq haqq verdiklərinə görə maaşlarını alırlar. Araşdırma aparılsa, bütün bu yazdıqlarım öz təsdiqini tapacaq.

Qeyd edim ki, aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardım alıram. Himayəmdə iki azyaşlı övladım var. Həyat yoldaşım isə qapılarda fəhləlik edir. Bu iş də bir ayın 15 günü olur, 15 günü olmayır. Yəni daimi qazanc yeri yoxdur. Üç ildir mən işlədiyimə görə birtəhər dolanırdıq. İşimə qaytarılmasam, ünvanlı dövlət sosial yardım da dayandırılacaq. Dörd nəfərdən ibarət olan ailə necə dolanacaq, bunu fikirləşən yoxdur…

Hörmətli Mehriban xanım!

Mən, Qurbanova Mətanət Şahin qızı, mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm ki, bu müraciətimin obyektiv araşdırılaraq ciddi tədbir görülməsinə köməklik edəsiniz”.

Suveren.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.