Orxan Camalı öldürən şəxsin kimliyi AÇIQLANDI - SENSASİYALI ARAŞDIRMA

10/01/2019 - 23:03 14 401 0   0  

Mixail Xodorkovskinin “Dosye” araşdırma mərkəzində beş ay ərzində Mərkəzi Afrika Respublikasında “Təhqiqatların idarə edilməsi mərkəzi” çəkiliş qrupunun qətlinin təfərrüatlarının öyrənilməsinin nəticələri açıqlanıb. Araşdırmaçılar cinayətin törədilməsində əli olan şübhəli kimi yerli jandarmı göstərirlər – o, jurnalistləri izləyib, onlarla, onların sürücüsü və Yevgeni Priqojinin şirkətlərindən birinin əməkdaşı ilə daim əlaqədə olub.

2018-ci ilin iyul ayının 30-da jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko MAR-da qətlə yetiriliblər. Onlar Afrikada rusiyalı muzdlular barədə araşdırmanın çəkilişləri üçün bu ölkəyə getmişdilər.

“Dojd” telekanalı xəbər verir ki, iyulun 30-da – qətllərinə az qalmış jurnalistlər Sibu şəhərindən keçiblər. “Dosye” mərkəzi FACA-nın (MAR-ın hökumət ordusu) şəhərin çıxışında növbətçilik etmiş iki hərbçisi ilə söhbət etməyə müvəffəq olub. Onlar bildiriblər ki, jurnalistlərin cipinin blokpostdan keçməsinə 20 dəqiqə qalmış buradan üç silahlı ağ adamın və iki mərkəzi afrikalının olduğu maşın keçib. Onların arasında jandarm Emmanuel Tuaquende Kotofio da olub. Bu adamlar hərbçiləri xəbərdar ediblər ki, “arxalarınca içərisində ağ adamlar olan daha bir maşın keçəcək”, xahiş ediblər ki, onları da maneəsiz buraxsınlar və izahat veriblər ki, “onlar dostlarımızdır”. Jurnalistlər şəhəri yerli vaxtla saat 19:00-da tərk ediblər; “Dosye”nin məlumatına görə, bir saatdan sonra onlar öldürülüblər.

“Dosye” bildirir ki, jandarmın olduğu maşın Sibuya təsadüfən gəlməyib. Kotofionun telefon zənglərindən məlum olur ki, jurnalistlərin MAR-da olduqları bütün 3 gün ərzində - Banqadakı hava limanına gəldikdən Sibuya getdiklərinə qədər, - o, daim yaxınlıqda olub: ya qonşu küçədə, ya da ən uzağı həmin rayonda.

Bütün bu vaxt ərzində jandarm daim jurnalistlərin sürücüsü Byenvenü Duvokama ilə əlaqə saxlayıb. Billinqin göstəricilərinə əsasən, iyulun 28-dən 30-na qədər Duvokama Kotofioya 47 dəfə zəng edib. “Dosye”nin mərkəzi afrikalı jurnalistlər arasından olan hömsöhbəti iddia edir ki, Duvokama özü də əvvəllər jandarmeriyanın əməkdaşı olub.

Sürücü və jandarm birdən-birə iki nömrə ilə zəngləşiblər: iyulun 28-i saat 11:00-a qədər Duvokama Kotofioya şəxsi nömrəsindən, sonradan isə yalnız hansısa Toma Mariananın adına qeydiyyatdan keçirilmiş yeni sim-kartdan zəng edib. Jurnalistlərin hava limanına gəldiyi gün Duvokamaya yeni telefon da verilir: “Dosye”nin araşdırdığı İMEİ (International Mobile Equipment Identity — telefonun unikal identifikasiya nömrəsi) göstəricilərinə görə, o, əvvəlcə həmin telefona özünün köhnə nömrəsini daxil edib, sonra elə həmin telefonda yeni sim-kartı aktivləşdirib.

“Dosye” mərkəzində belə hesab edirlər ki, bütün bunlar hazırlanmış xüsusi əməliyyatdan xəbər verir.

Telefon zəngləri barədə məlumatlara əsaslanaraq “Dosye” mərkəzi Emmanuel Kotofionu MAR-da işləyən rusiyalılarla əlaqələndirib. 2018-ci ilin iyul-avqust aylarında jandarm Yevgeni Priqojinin strukturları ilə bağlılığı güman edilən Aleksandr Sotovla 98 dəfə əlaqə saxlayıb. MAR-da bu şəxs “M-Finans” şirkətində “xarici müşahidə, cəlbetmə və agentura işi təlimatçısı” kimi rəsmi olaraq işləyir. Bunlar “Dosye”yə şirkətin daxili sənədlərindən məlum olub. Bu şirkət Priqojinlə keçmiş baş direktoru Yevgeni Xodotov vasitəsilə bağlıdır.

Araşdırmanın nəticələrinə görə, Sotovun rəsmi rəhbəri MAR prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Valeri Zaxarovdur. “Fontanka” yazır ki, Zaxarov Priqojinin maraqlarına xidmət edən strukturların təhlükəsizlik xidməti ilə əməkdaşlıq edib. 2018-ci ilin iyul-avqust aylarında onlar, billinqə əsasən, 100 dəfədən çox zəngləşiblər.

Mərkəzi Afrikadakı telefon nömrəsini Aleksandr Sotov hansısa Trevis Hemmondun saxta ABŞ pasportu ilə qeydiyyatdan keçirib.

“M-Finans”ın əməkhaqqı hesabatlarında Sotov “M-5661” şəxsi nömrəsi ilə qeyd olunur – eyni formatlı jetonlar, KİV-lərin dəfələrlə yazdıqlarına görə, “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) döyüşçülərinə də verilir.

“Dosye” mərkəzinin fikrincə, “Rusiya izi” MAR-dan Moskvaya – Priqojinlə əlaqələndirilən RİA “FAN”ın (Federal xəbərlər agentliyinin) xüsusi müxbiri Kiril Romanovskiyə uzanır. “Meduza” yazırdı ki, məhz Romanovski MAR-a yollanan çəkiliş qrupu üçün “fikser”i (media aləmində “fikser” dedikdə, həmin regionda bütün problemləri həll edə bilən, yaxşı əlaqələri olan şəxs başa düşülür – virtualaz.org) – “BMT-də işləyən Martin”i tapıb. Məhz “Martin” jurnalistlərə həmin sürücünü məsləhət görüb. “Dosye”nin məlumatına görə, sürücü MAR jandarmeriyasının əməkdaşı ola bilər.

BMT missiyasının təmsilçiləri bildirirdilər ki, təşkilat həlak olmuş jurnalistlərlə əlaqədə olmayıb. “Dosye” mərkəzi hesab edir ki, “fikser Martin”, sadəcə olaraq, uydurulmuş şəxsdir.

“Martin”in “fikser” kimi fəaliyyəti də şübhə doğurur: bütün iyul ayı boyunca o, çəkiliş qrupuna bildirib ki, Bambaridədir və onlar üçün qızıl mədənlərində çəkiliş təşkil edəcək, lakin telefon zənglərinin göstəricilərinə görə, “Martin” həmin vaxt Bangidə olub.

Romanovski “Martin”in əlaqə nömrəsini çəkiliş qrupuna verən zaman məsləhət görüb ki, onunla “səsli danışmaqdansa, yazışmaq daha yaxşıdır”.

Kiril Romanovski “Dojd” telekanalına operativ şəkildə şərh verə bilməyib. Aleksandr Sotov telekanalın mesajını cavabsız qoyub.

Virtualaz.org