NOTARİUSDAN ŞOK SAXTAKARLIQ - Vətəndaşın xəbəri olmadan evi banka girov qoyulub

30/10/2018 - 15:41 7 243 0   0  

Adına 57 min manat kredit borcu olan Şirvan sakini çarəsiz durumdadır; Vüqar Abıyev evindən çıxarılacağı təqdirdə özünü də, ailə üzvlərini də öldürəcəyini bildirir

Zərərçəkənin qayınatası: “Mən bir ata kimi qızımın, onun həyat yoldaşının və iki tələbə oğlunun taleyindən çox nigaranam, dincliyimi itirmişəm, ürəyim qan ağlayır, balamın, ailəsinin həyatı təhlükə altındadır”

Bu məqalədə sizə bir ailənin faciəsinə səbəb ola biləcək haqsızlıqdan söhbət açacağıq. Yeganə qızının və onun ailəsinin -həyat yoldaşı ilə iki yeniyetmə oğlunun taleyindən nigaran ata redaksiyamıza gələrək, bu ürəkağrıdan hadisəni göz yaşları içində bizə nəql etdi, səsinin aidiyyatı qurumlara çatdırılması üçün bizdən kömək istədi.

Təbii ki, ata qəlbinin fəryadına biganə qala bilməzdik. Odur ki, şikayətçi Valeh Cahangirovun söylədiklərini qəzetimizin səhifələrində olduğu kimi dərc edirik və ümid edirik ki, aidiyyatı qurumlar ən tez zamanda səsimizə səs verəcək, öz övladı üçün göz yaşları tökən ata ürəyi nəhayət rahatlıq tapacaq:

“Mən, Cahangirov Valeh Məhəmməd oğlu 1957-ci ildə anadan olmuşam, fəhlə babayam, taksi sürücülüyü ilə ailəmə çörək pulu qazanıram. İki oğlum bir qızım var. Danışacağım hadisə də elə yeganə qızım, gözümün nuru Günelin başına gəlib.

Bütün rahatlığımızı əlimizdən alan, qızımın və ailəsinin həyatın təhlükə altına atan həmin olay artıq 4 il bundan əvvəl başlayıb.

Belə ki, qızımın qaynı Abıyev Şamil Famil oğlu ilə “Expressbank” ASC-nin Şirvan filialı arasında 03.2014-cü il tarixli 500850-0014/14 saylı kredit müqaviləsinə əsasən Şamil Abıyevə illik 20 faiz olmaqla, 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilib. Qeyd edilən kredit müqaviləsinin təminatı qismində isə qızım Günel Abıyeva ilə həyat yoldaşı Vüqar Abıyevin birgə mülkiyyəti olan Şirvan şəhəri, Xaqani küçəsi 3, ev 124 ünvanında yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulub və bu barədə qızımın həyat yoldaşı Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanıb.

Qeyd etmək istəyirəm ki, ipoteka predmeti olan bağ evi qızımla həyat yoldaşının birgə nigah dövründə tikildiyi üçün əmlak qanunvericiliyinin tələbinə əsasən, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Bu üzdən ipoteka müqaviləsi rəsmiləşdirilərkən qızım Günel Abıyevanın da razılığı alınmalı idi, o da həmin müqaviləni imzalamalı idi. Amma qızım müqavilənin bağlandığı Şirvan şəhəri 1 saylı Notariat Kontorunda olmayıb, bu müqavilənin bağlandığından da tamamilə xəbərsiz olub.

Onu da qeyd edim ki, adıçəkilən müqavilə rəsmiləşdirilərkən qızımın həyat yoldaşı Vüqar Abıyeb Ukraynada sanatoriyada istirahət edirdi, əlimizdə bunu təsdiq edən sənəd var. Qızım Abıyeva Günel isə Bakıda, mənim evimdə olub. Odur ki, nə kürəkənimin, nə də qızımın bu işdən xəbəri olmayıb. Qızımın qaynı Şamil Abıyev hansı yollasa qızımın şəxsiyyət vəsiqəsini ələ keçirib və cinayət yoldaşı Notariat Kontorunun notariusu Kərimov Daxil Fazil oğluna (FOTO) qızımın adından saxta etibarnamə tərtib elətdirib.

Həmin etibarnaməyə əsasən, guya qızım Günel Abıyeva həyat yoldaşı Vüqar Fərman oğlu Abıyev tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, isənilən qiymətə və istənilən müddətə, istənilən bank qarşısında İPOTEKA qoyulmasına, onun tərəfindən istənilən vaxt ipoteka şərtlərinin dəyişdirilməsinə və təkrar ipotekalara yüklü edilməsinə icazə verir.

Qızımın saxta imzası ilə tərtib edilən bu “etibarnamə” notarius Daxil Kərimov tərəfindən təsdiqlənib.

Qızımın qaynı Şamil Abıyev kredit borcunu ödəmədiyinə görə, 2017-ci ilin 29 iyununda Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hakim Əliyev Ziya Müqərrəm oğlunun sədrliyi, Musayeva Arzu Tahir qızının katibliyi, iddiaçı “Ekspessbank” ASC-nin nümayəndəsi Sadıqov Ehtiram Atamalı oğlunun, cavabdehlər Abıyev Şamil Famil oğlunun və Abıyev Vüqar Famil oğlunun iştirakı ilə, iddiaçı “Ekspressbank”ASC-nin cavabdehləri Abıyev Şamil Famil oğluna, Abıye Vüqar Famil oğluna və Abıyeva Günel Valeh qızına qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşsaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb və qızımla həyat yoldaşına məxsus bağ evinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilib.

Yaşadıqları evin girov qoyulduğundan yalnız həmin vaxt xəbər tutan kürəkənim qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Ekspressbank”ASC-nin ona qarşı irəli sürdüyü iddia ərizəsindən cavabdeh qismində çıxarılmasını, ona məxsus olan bağ evinin ipotekaya qoyulmasına dair müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edib.

Buna qədərsə məhkəmədən bildiriş alan qızım Günel Abıyeva Şirvan şəhər Məhkəməsinə müraciət edərək, onun adından tərtib edilən etibarnamənin saxta olduğunu bildirib. İmzasının saxtalaşdırılıb saxtalaşdırılmadığını yoxlamaq məqsədilə ondan eksperimental xətt və imza nümunələri alınıb. Amma hansısa səbəbdən nümunələr həmin vaxt ekspertizaya göndərilmir. Sadəcə, özləri həmin nümunələri yoxlayıb belə qənaətə gəlirlər ki, qızımın imzası həqiqətən saxtalaşdırılıb və deyildiyi kimi sənəd tərtib olunanda qızımın həyat yoldaşı ölkədə olmayıb.

Məhkəmənin ilk açıq iclasında və adı çəkilən faktlar öz təsdiqini tapandan sonra iş Apellyasiya Məhkəməsinə verilir.

İddiaçı qismində çıxış edən qızım Günel Abıyeva məhkəmədən 03.09.2014-cü il tarixli ipoteka müqaviləsi rəsmiləşdirilərkən onun adından saxta ərizə yazmış şəxslərin müəyyən edilərək cəzalandırılması və qeyd edilən ipoteka müqaviləsinin ləğv edilməsinə köməklik göstərilməsini xahiş edirdi.

Apellyasiya Məhkəməsinin ilk iclasında qərar qızımın xeyrinə çıxarıldı. Sonra isə bank işi Apellyasiya Məhkəməsinə verdi və bu dəfə qərar bankın xeyrinə çıxarıldı. Bunu onunla əlaqələndirdi ki, kürəkənim Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanıb. Halbuki, məsələ tamam başqa cür olub. Kürəkənimi banka dəvət edib sənəd imzalamalı olduğunu bildirəndə səhlənkarlıq edib sənədi oxumayıb. Düşünüb ki, ona 2012-ci ildə kredit borcu götürmək üçün girov qoyduğu evin sənədlərini qaytarmaq məqsədilə tərtib edilən sənədə qol çəkdirirlər. Onu da qeyd edim ki, həmin kredit borcu son qəpiyinədək ödənib, qızım və kürəkənim tərəfindən.

Beləcə, diqqətsizliyi ucbatından tələyə düşən kürəkənimin imzasını əsas gətirərək, hakim Ziya Əliyev qərarı bankın xeyrinə verdi.

Vəziyyətin belə olduğunu görəndə mən məhkəməyə müraciət edib, qızımın imzasının saxtalaşdıran notariusun məhkəməyə dəvət edilməsini və rəsmi ekspertizanın rəyini tələb etdim.

Məhkəmə tərəfindən qızımın eksperimental xətt və imza nümunələri Bakıda bankın nümayəndəsinin iştirakı ilə xəttşünaslıq ekspertizası tərəfindən yoxlanıldı və imzanın həqiqətən saxtalaşdırıldığı təsdiq edildi. Buna baxmayaraq, bankın iddiası ilə təkrar ekspertiza keçirildi və yenidən imzanın qızıma məxsus olmadığı sübuta yetirildi.

Əslində, qızımın qaynı Şamil Abıyevin, notarius Daxil Kərimovun və “Ekspressbank” ASC-nin saxta müqaviləyə əsasən kredit verilməsinə icazə verən hüquqşünasının, eləcə də kredit götürən şəxsin aylıq gəlirini yoxlamadan ona kredit verən bank əməkdaşlarının cinayət əməli sübuta yetirildi. Amma bu dəfə də hakim Ziya Əliyev növbəti məntiqsiz qərarı ilə bizi məyus etdi. Hakim bildirdi ki, iddia ərizəsi indi qəbul edilə bilməz, çünki iddiaçı 2014-cü ildə onun adından saxta ərizə tərtib edilməsi ilə bağlı şikayət ünvanlamalı idi məhkəməyə, indi isə artıq gecdir.

Məhkəmədən sonra Ziya Əliyevin qəbuluna düşüb onunla söhbət etdim. Ondan soruşdum ki, bu cür ədalətsiz qərar verməkdə məqsədi nədir? Axı Şamil Abıyev məhkəmədə qızımın Notarial kontorda olmadığını etiraf edib, üstəlik ekspertiza da imzanın saxta olduğunu təsdiqləyib. Ortada cinayət əməli var. Cinayətkarlar cəzalandırılmalıdır, siz isə heç nədən xəbəri olmayan qızımla kürəkənimin evini əllərindən almaqla onları cəzalandırırsınız. 50 min manat məbləğində pul Şamil Abıyev, notarius Daxil Kərimov və “Ekspressbank” ASC-i arasında bölüşdürülüb, bu gün həmin borc artıq 57 min manata çatıb. Bu işdə günahı olan tərəflər isə cəzasız qalıb. Əgər siz bu cinayət əməli ilə balı heç bir təbbir görməsəniz, mən bu məsələni ictimailəşdirəcəyəm və aidiyyatı qurumlardan kömək istəyəcəyəm. O zaman cinayət məsuliyyətinə cəlb olunan şəxslərin siyahısında sizin də adınız olacaq.

Hakim isə cavabında mənə dedi ki, işi böyütməyə dəyməz. Sadəcə Şamil Abıyevi kredit borcunu ödəməyə razı salmaq lazımdır ki, bu iş bağlansın.

Evini, iki dükanını satan Şamil Abıyev isə müflisləşdiyini və ayda sadəcə 50 manat ödəyə biləcəyini söyləyir. Bunun ağ yalan olduğunu bilsək də, heç nə edə bilmirik. Bu vəziyyətdən cana doyan kürəkənim Vüqar Abıyev evdən çıxarılacağı təqdirdə özünü də, ailə üzvlərini də öldürəcəyini bildirir. Mən bir ata kimi qızımın, onun həyat yoldaşının və iki tələbə oğlunun taleyindən çox nigaranam, dincliyimi itirmişəm, ürəyim qan ağlayır, balamın, ailəsinin həyatı təhlükə altındadır”.

Aidiyyatı qurumlara müraciət edən vətəndaş xahiş edir ki, bu işdə əli olan günahkarlar haqlı cəzasını alsın, qızının ailəsi halal zəhmətlə qurulan yuvalarından didərgin salınmasın: “Onu da deyim ki, qızıma və onun ailəsinə nəsə olsa, mən də həyatıma qəsd edəcəyəm. Çünki balamın, nəvələrimin yoxluğuna dözə bilmərəm.

Aidiyyatı qurumlardan bu faciənin qarşısını almaqlarını xahiş edirəm”.

Hurriyyet.org

 

P.S. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Aidiyyatı qurumlardan cavab gözləyirik və ən tez zamandsa bu haqsızlığa son qoyulacağına ümid edirik.