VƏKİLLƏR MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ GƏLDİ - Biri təqsirləndirilən, digəri xüsusi ittihamçı oldu

18/07/2024 - 22:23 1 795 0   0  

Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə tanınmış vəkil Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova, onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası keçirilib.

Ceyhun Yusifov şikayətində həmkarının onu ağır cinayətdə ittiham etməklə böhtan atdığını, şərəf və ləyaqətinin alçaltdığını, işgüzar nüfuzuna zərbə vurduğunu yazıb.

Məhkəmə vəkil Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova qarşı şikayətini icraata qəbul edib.

Ceyhun Yusifov həmçinin Adəm Məmmədovun təsisçisi olduğu saytlara qarşı da iddia qaldırıb.

Xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili və nümayəndəsi Asim Abbasov Musavat.com-a deyib ki, Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR Cinayət Məcəlləsinin 147.2- Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və 148-ci -Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məmmədovlar barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanıb. Məhkəmə iyulun 25-də davam etdiriləcək.