ABP Cümhuriyyətin 105-ci ildönümünü möhtəşəm bayram tədbiri ilə qeyd etdi - FOTOLAR

28/05/2023 - 12:00 3 749 0   0  

AMEA Cümhuriyyət şöbəsinin müdiri Kamran İsmayılov: "Novruz bayramından daha öncəlikli bayramımız 28 May Cümhuriyyət günüdür…”

Azərbaycan Bütövlük Plarforması (ABP) Cümhuriyyətin 105-ci ildönümünü möhtəşəm bayram tədbiri ilə qeyd etdi. Suveren.az xəbər verir ki, Cümhuriyyət gününə həsr olunan bayram törənində aydınlar, siyasilər və gənclər iştirak edib.

Bayram törənini qısa giriş nitqi ilə açıq elan edən ABP sədri Bəhram İsmayıl məruzə üçün sözü M.Ə.Rəsulzadənin nəvəsi prof. Rəis Rəsulzadəyə verib.

Çoşqulu alqışlarla salamlanan R.Rəsulzadə Cümhuriyyət gününün önəmindən, qurucu babalarımızın fəaliyyətindən danışıb.

Daha sonra məruzə üçün söz alan AMEA Cümhuriyyət şöbəsinin müdiri, prof. Kamran İsmayılov Rəsulzadə və silahdaşlarının çox çətin şərtlər altında ağlasığmaz fəaliyyətindən, Cümhuriyyətin tariximizdə rolundan bəhs edərək, bu bayramın xalqımızın həyatında və düşüncəsində ən önəmli bayram statusu almalı olduğunun zəruriliyini vurğulayıb:

"Xalqımızın, Cümhuriyyət bayramını novruz bayramından  daha təmtəraqlı keçirilməsinə nail olduğumuzda qurucu babalarımızın dəyərini vermiş olacağıq".

Kamran İsmayılov onu da əlavə edib ki, Novruz bayramından daha öncəlikli bayramımız 28 May Cümhuriyyət günüdür: “Xalqımız 28 may bayramını daha təmtəraqlı qeyd etməli, xanımlarımız mütləq bu təqvimdə bayram aşı bişirməlidir”

Tədbirdə KXCP sədri, keçmiş millət vəkili Mirmahmud Mirəlioğlu, böyük şair Rüstəm Behrudi, tanınmış türkoloq və hüquqşunas İbrahim Xəlil, ADR sədr müavini Rüfət Muradxanlı, AMİP-dən professor Vidadi  Bəşirov, keçmiş DİN rəhbəri Siyavuş Mustafa, keçmiş millət vəkili və ABH İH-nin üzvü Fərəc Yusifbəyli, ÜMİD Partiyası İcra Aparatının sədri Taleh Əliyev, tarixçi Nəcəfalı Cahangirli,  içtimai fəallardan Zəfər Cəfərli, Elmira Rüstəmova və başqaları Cümhuriyyətin xalqımızın tarixindəki önəmindən və qurucu babalarımızın fəaliyyətindən danışıblar.

Bayram törəni xatirə fotolarının çəkilməsi ilə başa çatıb.

Suveren.az