ZİYA MƏMMƏDOV VƏ ZAKİR QARALOV HAQDA ARAŞDIRMA TƏLƏB EDİLDİ – “Bakı-Quba yolunun tikilməsi sabotaj xarakterli olub”

17/05/2022 - 11:37 3 511 0   0  

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin müzakirəsinə həsr olunan növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçılıq siyasətini müzakirə edib. Müzakirələrdə Rusiyanın Ukraynada bir çox müharibə cinayətlərinə - mülki əhalinin öldürülməsinə, mülki obyektlərin dağıdılmasına, qadağan olunmuş silahlardan istifadəyə yol verdiyi bildirilib, baş verənlər Beynəlxalq Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması kimi dəyərləndirilib.

İdarə Heyəti bildirib ki, Rusiya öz qoşunlarını təcili olaraq Ukrayna ərazisindən çıxarmalı, beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tanımalı, Ukraynaya vurulan maddi ziyan ödənilməli, müharibə cinayəti törətmiş şəxslər beynəlxalq məsuliyyətə cəlb olunmalıdır.

ADP İdarə Heyəti son zamanlar Ermənistanda baş verən hadisələri də müzakirə edib. Müzakirələrdə Ermənistanda yaşanan hadisələrin Rusiyanın təhriki ilə törədildiyi qeyd edilib və bu, Rusiya Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşündə əldə olunan razılaşmaları pozmaq niyyəti daşıyır. Eyni zamanda Brüssel görüşündən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün təşkili və bu görüşün nəticəsiz başa çatması Rusiya tərəfinin Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin bağlanmasında maraqlı olmadığı vurğulanıb, Azərbaycan və Ermənistan nümayəndələrinin Rusiyanın iştirakı olmadan münasibətləri yoluna qoymaq istiqamətində cəhdlərinin davam etdirilməsinin vacibliyi bildirilib.

İdarə Heyəti Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra İsveç və Finlandiyanın NATO-ya inteqrasiya olunması ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirib, eyni zamanda bu məsələ ilə bağlı qardaş Türkiyə dövlətinin haqlı iradlarının da nəzərə alınmasının vacibliyini qeyd edib.

İdarə Heyəti Litva parlamentinin Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətləri soyqırım kimi tanıması ilə bağlı qəbul etdiyi qətnaməni müzakirə edərək təqdir edib, eyni zamanda bütün dünya dövlətlərini Rusiya KİV-lərində Ukrayna xalqına qarşı açıq-aşkar genosid siyasətinin həyata keçirilməsinin təbliğ olunmasına və Rusiyanın Ukraynada törətdiyi qanlı müharibə cinayətlərinə siyasi qiymət verməyə çağırıb.

İdarə Heyəti Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti ilə bağlı bir daha müzakirə aparıb. Müzakirələrdə Rusiyanın Ukraynada, Moldovada və Gürcüstanda apardığı işğalçılıq siyasətinin Azərbaycanın Qarabağ bölgəsində aparmaq istədiyi, Rusiyanın Azərbaycandakı sülhməramlı qüvvələrinin Ukraynadakı işğalçı qüvvələri arasında heç bir fərqin olmadığı qeyd edilib. İdarə Heyəti Azərbaycan hakimiyyətini tezliklə Xankəndi iqtisadi zonasının öz suverenliyinə qaytarılması, Rusiya “sülhməramlıları”nın ölkədən çıxarılması istiqamətində ciddi addımlar atmağa, bu məsələdə beynəlxalq ictimaiyyəti isə Azərbaycan xalqına və dövlətinə dəstək verməyə çağırıb.

İdarə Heyəti son zamanlar pensiyaların ciddi ədalətsizliklərlə və qeyri-bərabər şəkildə təyin olunması ilə bağlı cəmiyyətdə yaranan haqlı narazılıqları bölüşdüyünü bildirib, Azərbaycan hakimiyyətini bu sahənin qanunvericilik bazasında köklü islahatlar aparmağa çağırıb.

İdarə Heyəti Şuşada keçirilən “Xarı bülbül” festifalına da münasibət bildirib. Şuşada beynəlxalq tədbirlərin keçirilməsini məqsədə müvafiq hesab edib və Şuşada bu tipli mədəni-kütləvi tədbirlərin ardıcıl şəkildə keçirilməsinin vacibliyini qeyd edib.

İdarə Heyəti ölkə başçısı İlham Əliyevin Türkiyənin Rizə-Artvin Hava limanında iştirakına da diqqət çəkib, bu hadisəni iki qardaş xalqlar arasında olan münasibətlərin yeni səviyəyə qaldırılması istiqamətində növbəti addım kimi dəyərləndirib.

İdarə Heyəti may ayının 14-də Bakı şəhərinin mərkəzində ictimai fəalların təşkil etdiyi aksiya ilə bağlı müzakirə aparıb. Müzakirələr zamanı əvvəlki aksiyalardan fərqli olaraq polis zorakılığının kütləvi hal almaması sərbəst toplaşmaq azadlığının təmin olunması istiqamətində irəliyə doğru atılmış addım kimi dəyərləndirib. İdarə Heyəti hakimiyyəti aksiyada insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qaldırılan tələblərə diqqət etməyə çağırıb.

İdarə Heyəti son zamanlar Qərb və Azərbaycan arasında təmasların intensivləşməsi məsələsini də müzakirə edərək, bu təmaslarda insan hüquq və azadlıqları ilə bağlı çağırışların Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməsinin zəruriliyi qeyd edilib və hakimiyyəti indiki mürəkkəb situasiyada Rusiyadan məsafə saxlamağa çağırıb.

İdarə Heyəti son zamanlar işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın formalaşmasında yol verilən nöqsanlara diqqət çəkib, bu məsələdə həmin rayonlardan olan sahibkarlara üstünlük verilməsinin vacibliyi qeyd edilib, digər işbazların və sahibkarların həmin ərazilərdə güzəştsiz şərtlərlə sahibkarlıq fəaliyyti ilə məşğul olmasına şərait yaradılmasını ədalətsiz hesab edib.

İdarə Heyəti son zamanlar Bakı-Quba yolunun dağılması ucbatından həmin yolda ölümlə nəticələnən çoxsaylı yol-nəqliyyat hadisələrinə də diqqət çəkib. Müzakirələrdə qeyd edilib ki, ölkədə həyata keçirilən bir çox infrastruktur layihələri kimi Bakı-Quba yolunun da tikilməsi sabotaj xarakterli olub, həmin tikintidə nəhəng yeyintilərə yol verilərək dövlətə külli miqdarda ziyan vurulub. Müzakirələrin yekunu olaraq İdarə Heyəti Baş Prokurluğu və DTX-ni keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun rəhbərliyi dövründə keçmiş Baş Prokuror Zakir Qaralovun rəhbərlik etdiyi “Akkord” şirkətinin Bakı-Quba yolunun tikintisində yol verdikləri iqtisadi cinayətkarlıqla bağlı təcili araşdırmalara başlamağa və dövlətə vurulan ziyanın ödənilməsi ilə tədbirlər görməyə çağırıb.

Suveren.az