BRÜSSEL GÖRÜŞÜ RUSİYANI QICIQLANDIRIB - Kreml Paşinyanı həm hədələyir, həm də...

09/04/2022 - 20:38 3 622 0   0  

Cənubi Qafqazda mövqelərini itirmək təhlükəsi qarşısında qalan Rusiyanın Ermənistana hərbi dəstək vermək niyyətinin rəsmi Bakı tərəfindən məmnunluq ilə qarşılanmayacağı qətiyyən şübhə doğurmur; Üstəlik, Kremlin belə davranışlarının Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə uyğun olub-olmadığı da ciddi müzakirə mövzusuna çevrilə bilər..

Qafqaz.media musavat.com-a istinadla bildirir ki, Brüssel görüşü Cənubi Qafqazda geopolitik proseslərin istiqamətini ciddi şəkildə dəyişməyə başlayıb. Kreml Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bu görüşü Rusiyanın regional maraqlarına açıq təhlükə kimi qəbul edir. Və bunu artıq qətiyyən gizlətmir.

Brüssel görüşündən əvvəl və sonra baş verən hadisələr Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq üçün hərəkətə keçmək məcburiyyətində qaldığını göstərir. Kreml ABŞ və Qərbin Rusiyanı regiondan sıxışdırmağa, geopolitik proseslərdə oyundankənar vəziyyətə salmağa çalışdığına əmindir. Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə orbitrlik imkanlarının əlindən çıxa biləcəyindən narahat olan Kreml əks addımlar atmağa başlayıb. 

Əvvəlcə Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrin aktivləşdirilməsi ilə Paşinyan hakimiyyətinə "çevriliş mesajı" verildi. Ardınca isə Paşinyan hakimiyyətinin təmsilçilərindən Brüssel görüşünə yönəlik hesabat tələb olundu. Bununla da, Ermənistana Ukrayna savaşında çətin duruma düşmüş müttəfiq Rusiyanı əvəzləyəcək yeni və daha himayədar axtarmaq niyyətində olan rəsmi İrəvan indi "odla su arasında" qaldı.

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Brüssel görüşünün nəticələri barədə geniş məlumat verib. Xüsusilə də, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesinə, eləcə də, yekun sülh sazişi imzalanması barədə anlaşmaların vacibliyinə diqqət yetirilib. Rusiya prezidenti Vladimir Putin bu proseslərə dəstək verməyə hazır olduğunu ifadə edib. Və bütün bu məsələlər ətrafında erməni baş nazirin 19 aprelə planlaşdırılan Moskva səfəri çərçivəsində müzakirələrin aparılması barədə anlaşma əldə olunub.

Belə anlaşılır ki, Kreml rəsmi İrəvana Avropa qurumlarının vasitəçiliyinə hər hansı ehtiyacın olmadığı barədə mesaj verməyə çalışır. Rusiyanın bu proseslərə təkbaşına nəzarət etmək niyyətində olduğu qabardılır. Və geri qalan məsələlər barədə "Moskvada danışarıq" xəbərdarlığı edilir.

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyanı olduqca ağır Rusiya səfəri gözləyir. Brüssel prosesinin başladılmasında erməni baş nazirin ötən ilki təşəbbüslərinin xüsusi rolu da olduğundan Kreml ondan Rusiyanı oyundankənar vəziyyətə sala biləcək davranışlarla hansı məqsədi güddüyünü də soruşa bilər. Və belə vəziyyətdə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya və Qərb arasında necə balans yarada biləcəyi maraq doğurur.

Onu da qeyd edək ki, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilmiş son görüşündə də Kremlin mövcud situasiyadan qətiyyən məmnun olmadığı diqqətdən yayınmadı.

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın üçtərəfli sazişlərin icrasına, o cümlədən, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlı kontingentinin fəaliyyətinə davam edəcəyini vurğulayıb. Eyni zamanda, Rusiya xarici işlər naziri Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması üçün də heç bir problemin olmadığını vurğulayıb. Və bu açıqlama Kremlin ciddi narahatlığından xəbər verir.

Hətta hesab etmək olar ki, S.Lavrov dolayısı ilə Brüssel görüşünə reaksiya göstərməyə çalışır. Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyənlərə "Rusiya regiondan çıxmayacaq" mesajını verməyə çalışır. Regionda bütün proseslərin Rusiyanın nəzarəti altında olduğunu qabartmaq niyyəti güdür. Yəni, S.Lavrov Rusiyanın olduğu yerdə Qərbə ehtiyac olmadığına hər kəsi inandırmağa cəhd göstərir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasında ən önəmli və maraqlı məqamlardan biri də məhz onun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bağlı dedikləridir. Belə ki, Sergey Lavrov ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin müəmmalı olduğunu etiraf edib: "Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmaslardan yayınaraq, ATƏT-in Minsk Qrupunu da ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.


 Rusiya xarici işlər nazirinin bu açıqlaması Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin dayandırılması anlamına gəlir. Üstəlik, Ukrayna savaşından sonra Rusiyanın ABŞ və Qərb ilə münasibətlərinə diqqət etdikdə heç bir faydası olmayan bu qurumun yenidən nə vaxtsa fəaliyyətini bərpa etməsi də möcüzə olardı. Və rəsmi Bakı da ümumiyyətlə, Minsk Qrupu çərçivəsində hər hansı əməkdaşlığa qətiyyən həvəsli deyil.

Hazırda Minsk Qrupu ümumiyyətlə, Ermənistandan başqa heç kimə lazım deyil. Rəsmi İrəvan Minsk Qrupu vasitəsilə Cənubi Qafqazda gedən prosesləri, daha dəqiq desək, Azərbaycan ilə danışıqları manipulyasiya etməyə çalışırdı. Paşinyan hakimiyyəti Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya, elə də yekun sülh sazişinin imzalanması proseslərini Minsk Qrupuna yükləmələ, yenə də müzakirə dövrünü illərlə uzada biləcəyinə ümid bəsləyirdi.

Rusiya xarici işlər nazirinin bu qurum barədə dedikləri əslində, Paşinyan hakimiyyətinə də dolayısı mesaj xarakteri daşıyır. Kreml rəsmi İrəvana anlatmağa çalışır ki, Minsk Qrupuna ümumiyyətlə, Qərbdə başqa hansısa quruma ümid bəsləmək tamamilə yersiz və mənasızdır. Və Ermənistanın gələcək taleyi yalnız Rusiyadan birbaşa asılıdır.

Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarının Minsk Qrupu barədə dediklərindən qətiyyən məmnun olmadığı da diqqətdən yayınmayıb. Nə qədər qəribə də olsa, erməni nazir Minsk Qrupunun həmsədri olan ölkənin xarici işlər nazirinə "Mənim Minsk Qrupu ilə bağlı aldığım məlumatlar tamamilə fərqlidir. Bu qurum regional problemlərin həllində iştirak etmək niyyətindədir" deyə cavab verib.

Belə anlaşılır ki, rəsmi İrəvan Minsk Qrupunda yaranmış vəziyyət barədə onun birbaşa üzvü olan ölkənin rəsmi təmsilçisindən daha "məlumatlı"dır. Yəni, rəsmi İrəvan artıq mövcud olmayan bir qurumdan hələ də manipulyasiya məqsədilə istifadə etmək həvəsindədir. Və bu qurumun ləğv edildiyi barədə məlumatların ictimailəşdirilməsində qətiyyən maraqlı deyil.

Ancaq görünən odur ki, rəsmi İrəvan daha bir önəmli manipulyasiya vasitəsini artıq itirib və indi Rusiya Ermənistanı tamamilə öz nəzarəti altında saxlamaq niyyətindədir. S.Lavrovun açıqlamalarda buna xüsusi eyhamlar kifayət qədər konkretdir. Rusiya xarici işlər naziri iddia edir ki, Brüssel görüşünə vasitəçilik edənlər Ermənistanın maraqlarını gözardı edirlər. Ona görə də, rəsmi İrəvanın Kremllə daha yaxından tərəfdaşlıq və müttəfiqlik etməsi Ermənistanın yeganə çıxış yoludur.

Maraqlıdır ki, Rusiya xarici işlər naziri Ermənistana açıq vədlər verməkdən də özünü saxlaya bilməyib. O, vurğulayıb ki, Rusiya Ermənistana müdafiə qabiliyyətinin gücləndirilməsi və sərhədlərin qorunmasında köməklik göstərməyə davam edəcək. Üstəlik, S.Lavrov bütün bunlar üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə qarşılıqlı məsləhətləşmə planının imzalanmasına da nail olub.

Təbii ki, burada müəmmalı qalan bəzi məqamlar da olmamış deyil. Belə ki, məsləhətləşmə planının yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılması ilə məhdudlaşacağına dair hər hansı eyham yoxdur. Bu isə Ermənistanın xarici siyasət kursunun da Kremllə "məsləhətləşilə" biləcəyindən şübhələnmək üçün əsas verir.

Ancaq Rusiya xarici işlər nazirinin açıqlamaları reallaşdırılarsa, bu, Kremlin rəsmi Bakı ilə münasibətlərində müəyyən problemlər yarada bilər. Çünki, Rusiyanın Ermənistana hərbi dəstəyinin rəsmi Bakı tərəfindən məmnunluq ilə qarşılanmayacağı qətiyyən şübhə doğurmur. Üstəlik, Kremlin belə davranışlarının Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə uyğun olub-olmadığı da ciddi müzakirə mövzusuna çevrilə bilər.