“GENERAL DOSTLARINA DEMİŞDİ Kİ...” - Xamenei Cavad Zərifin Qasım Süleymani ilə bağlı səs yazısı haqda

03/05/2021 - 10:18 4 030 0   0  

İranın Ali lideri Ayətullah Əli Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qası Süleymani ilə bağlı yayımlanan son səs yazısına da münasibət bildirib.

APA-nın məlumatına görə, bu mövzuya üstüörtülü toxunan Ayətullah Xamenei deyib ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır: "Məsələn, amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Bu səbəbdən də onu öldürdülər. Qüds briqadası və Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir".

Qüds briqadasının keçmiş komandiri Süleymaniyə qarşı terror edilməsinə toxunaraq Ayətullah Xamenei bildirib ki, onu qətlə yetirəcəkləri ilə bağlı təhdid etmişdilər: “O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var”.

Xatırladaq ki, dünən İranın xarici işlər naziri Məhəmməd Cavad general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə “İnstaqram” səhifəsində üzr istəmişdi: “Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar”.

Onu da qeyd edək ki, daha əvvəl Zərifin 2021-ci ilin mart ayında jurnalist Səid Leylaza verdiyi və səsyazısı hökumət arxivlərinə yerləşdirilmiş müsahibəsinin yayılması geniş müzakirələrə səbəb olub. Müsahibəni aprelin 25-də Londonun “Iran International TV” telekanalı yayımlayıb. Sözügedən müsahibədə Zərif Qasım Süleymanini İranın xarici siyasətinə müdaxilə etməkdə ittiham edib. Zərifin müsahibədə səsləndirdiyi fikirlər ölkənin mühafizəkar dairələrinin reaksiyasına və istefa çağırışlarına səbəb olub.