QAQB İdarə heyətinin BƏYANATI - Rizvan Talıbov QAQB sədrliyindən kənarlaşdırıldı

11/03/2021 - 10:52 4 171 0   0  

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin İdarə heyətinin, Mərkəzi nəzarət-təftiş komitəsi və Ali məclisinin birgə

BƏYANATI

Bakı şəhəri                                                                    10 mart 2021-ci il

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin ali məşvərət şurasının 200 ziyalı üzvünün adından Talıbov Rizvan Rəşid oğlu Göyçə-Zəngəzur Respublikası yaratdığını elan etmişdir. Özünü Qərbi Azərbaycanlıların çəfakeşi kimi göstərən Talıbov Rizvan Rəşid oğlunun artıq neçənci dəfə olaraq heç kimlə məsləhətləşmədən bu özfəaliyyəti və tərəfindən atdığı belə addımlar, QAQB-nin iradəsini ifadə etməməklə yanaşı, hamımız tərəfindən qəbul edilmiş Nizamnaməyə ziddir. Belə ki, QAQB Nizamnaməsində ali məşvərət şurası deyilən bir qurum nəzərdə tutulmamışdır. Nizamnamədə ancaq və ancaq İdarə heyəti, MNTK və Ali məclis, əlavə olaraq bölgələrdə və xaricdə filial və nümayəndələr nəzərdə tulmuşdur. Pandemiyanın tüğyan etdiyi bir vaxtda görəsən “200 nəfər ziyalı” hara və necə toplanmışdır. 200 nəfərin videogörüntülü toplantını keçirilməsi isə mümkün deyil. Biz bir neçə dəfə QAQB-nin həm idarə heyətini, həm MNTK-nın, həm də Ali Məclisin birgə toplantısını keçirmişik və hər dəfə də 15-20 nəfərdən artıq adam toplanmayıb. Hətta Rizvan Talıbovun sosial şəbəkə üzərindən yaratdığı ali məşvərət şurasında da bu məsələ müzakirə olunmayıb. Maraqlıdır ki, Rizvan Talıbov QAQB-nin bütün whatsapp qruplarındakı inzibatçıları çıxararaq gün ərzində orada müzakirələri dayandırıb. Bu qruplara ancaq özü yazı və ya səs ata bilir.Onu məqsədi nə idi və niyə ona səs verən “200 nəfərlik ziyalı” qrupundan da qorxaraq ali məşvərət şurası qrupunu da bağlayıb ?

Biz, QAQB-nin rəsmi qurumlarının təmsilçiləri olaraq bəyan edirik ki, Rizvan Talıbovun qeyri-qanuni elan etdiyi “dövlət” Qərbi Azərbaycanlılar arasında ayrı-seçkilik salır və indiki Ermənistanın digər ərazilərindən qovulmuş, deportasiya olunmuş, soyqırıma məruz qalmış soydaşlarımızın hüquqlarını pozur və onların tarixi ata-baba yurdlarına dönüşünü əngəlləyir. Artıq yaradılmış İrəvan Türk Cümhuriyyəti indiki Ermənistan respublikası ərazisində yaşamış bütün soydaşlarımızın ora qayıdışı uğurunda mübarizə aparır. Onlar da Azərbaycan Türklərinin tarixi torpaqlarda yerləşdirilməsi, dövlətləşməsi istiqamətində fəaliyyət göstərirlər. Biz Rizvan Talıbovun özünü “prezident” elan edərək yaratdığı bu “dövləti” bizim Qərbi Azərbaycan torpaqlarının erməni terror dövlətindən xilas olması, Qərbi Azərbaycan əhalisinin sivil, dünya xalqlarının tarixən apardığı mübarizə örnəyini əsas tutaraq öz tarixi yurdlarına qayıtması istiqamətində göstərdiyimiz mütəşəkkil fəaliyyətə düşmən qüvvələrin diktəsi ilə kölgə salmaq, parçalanma mifi formalaşdırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasət doktrinlərinə zidd çağırışlar etmək, “ortalığı qarışdırmaq” cəhdi kimi qiymətləndiririk və qətiyyətlə pisləyirik.

Bildiririk ki, QAQB ümumi yığıncağı baş verənləri nəzərə alaraq qərara almışdır:

1.Rizvan Talıbovun Ali Məclis adından heç bir toplantı keçirmədən, növbəti dəfə özbaşına qərar yazıb “dövlət” elan etmə əməli siyasi dələduzluq kimi qiymətləndirilsin və QAQB sədrliyi vəzifəsindən kənarlaşdırılsın. Eyni vaxtda o və oğlu QAQB-nin təsisçiliyindən çıxarılsın

2. Əli Vəliyev müvəqqəti olaraq QAQB İdarə heyətinin sədi seçilsin

3.QAQB-nin yeni Nizamnaməsinin tərtib olunması üçün Nizamnamə komissiyası yaradılsın və ona QAQB-nin yeni Nizamnaməsinin AR Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılsın

QAQB İdarə heyətinin, MNTK və Ali Məclisin növbədənkənar yığıncağı