İKİNCİ QARABAĞ SAVAŞININ QAZİSİ MÜALİCƏ OLUNMAĞA PUL TAPMIR – Göyçay sakinindən Prezidentə müraciət

04/01/2021 - 14:57 5 407 1   0  

Göyçay rayonu, Kürdəmiş kənd sakini, Vətən müharibəsi qazisi Nəzərov Hilal Əlmirzə oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin mövqeyini olduğu kimi dərc edirik:
“Yazaraq Sizə bildirmək istəyirəm ki, mən Göyçay rayon Kürdəmiş kənd sakini, 1994-ci il təvəllüdlü Nəzərov Hilal Əlmirzə oğlu, 21 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətən müharibəsinə yola düşdüm. Öncə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə, sonra Goranboya, daha sonra isə Tərtərə getdik. Təxminən 5 gün sonra “tankist” olaraq Ağdamda gedən döyüşlərə qatıldım.
23 oktyabr tarixdə qızğın döyüşlər anında tankda olduğum zaman düşmənin hədəfinə tuş gəldim. İdarə etdiyim tankı vurdular. Güllədən qopan qəlpə boğazıma və bədənimin digər yerlərinə dəydi.
Orada ilkin tibbi yardımdan sonra, məni Ağdamda yerləşən Saracallı hərbi hospitalına apardılar. Həmin gün boğazımdan təcili əməliyyat olundum. Sonra isə Bakı şəhərində yerləşən “Papanin” hərbi hospitalına göndərdilər. 40 gün orada müalicə olunduqdan sonra, 1 ay müddətinə məzuniyyətə göndərildim.
Hazırda yaşadığım Göyçay rayon, Kürdəmiş kəndindəyəm, ev şəraitində müalicə olunuram. Danışmağa çətinlik çəkirəm, çünki qəlpə boğazıma dəyib. Dərmanlarımı almağa, müalicə olunmağa maddi imkanım yoxdur. Ərizə ilə müraciətlər etdikdən sonra, icra başçısı Mehdi Səlimzadə mənə 100 manat pul və 7 manat qiyməti olan üzqırxan verdi. Mən icra başçısından xahiş etdim ki, müalicəm və dərmanlarım üçün mənə köməklik göstərəsin. “Arxayın ol, yardım edəcəyik” deməsinə baxmayaraq, hələ də heç bir yardımdan söz belə gedə bilməz.
Bildirmək istəyirəm ki, ailəliyəm və bir övladım var. Azyaşlı qızım mən Vətən müharibəsinə getməmişdən öncə də ağır yanıq xəsarəti almışdı. Həm onun, həm də özümün müalicəmiz üçün maddi imkanım yoxdur. Hazırda maddi durumumuz çox aşağıdır. Yaşadığım ev qəzalı vəziyyətdədir. Göyçayın icra başçısı Mehdi Səlimzadə telekanallarda özünü yalandan təriflətdirməklə məşğuldur. Heç bir qaziyə və şəhid ailəsinə diqqət ayırmır. Baxmayaraq ki, onun milyonları var.
Hörmətli president, cənab İlham Əliyev, sizdən xahiş edirəm ki, müalicəm üçün mənə maddi yardım edilməsinə tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.