İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevdən TƏKLİF: "İrəvan Azadlıq Təşkilatı olaraq biz təklif edirik ki, Azərbaycan Respublikasının Ali Sərkərdəsi titulu təsis edilsin və Siz, cənab Ali Baş Komandan, bu titula layiq görüləsiniz"

23/11/2020 - 13:41 4 717 2   0  

Müzəffər Ali Baş Komandan!

İki əsrə yaxın davam edən məğlubiyyət sindromuna Sizin rəhbərliyinizlə son qoyuldu. Çoxdan idi ki, bu məmləkətin və insanlarının üzü gülmürdü, Qələbə yaşamırdı, işğal olunan torpaqlarını qaytara bilmirdi.

Qarabağ problemi ilə bağlı tarixə baxdıqda görürük ki, əvvəlcə İrəvanın siyasi konyunktura görə məcburi şəkildə verilməsi və Ermənistanın paytaxtına çevrilməsi, sonra 1992-1993-cü illərdə Qarabağın işğalı ərazimizin 20 faizinin itirilməsinə səbəb olmuşdu.

2020-ci il sentyabrın 27-dən isə bir başqa Azərbaycan, bir başqa tarix və Ordu var. Sizin rəhbərliyinizlə Azərbaycan iki əsrə yaxın həsrətə son qoydu. Bu, əlbəttə ki, kitablara, dastanlara düşəcək bir tarixdir. Azərbaycan indi öz ərazilərini işğaldan azad edir, xalqın 200 illik sınmış qüruru dirçəlir, məğlubiyyətlər seriyasına son qoyulur.

Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, Sizin erməni işğalçılarına vurduğunuz ağır zərbədir, xalqın qürurunu özünə qaytarmaqdır, üzərindəki işğal ləkəsini təmizləməkdir. Artıq Azərbaycan işğal tarixinə son qoydu və qalibiyyət tarixini qızıl hərflərlə yazdı.

Cənab Ali Baş Komandan, möhtərəm Prezident, Siz Qarabağın azadlıq əfsanəsini yazdınız və bu gün hər bir vətəndaşımız bunun əyani şahididir.

Heç şübhəsiz ki, cənab Ali Baş Komandan, Siz həm səngərdə, həm də diplomatiyada Azərbaycanın Milli Qəhrəmanısınız və ölkəmizin ən ali ordeninə layiqsiniz. Məhz Sizin fəaliyyətiniz nəticəsində bu gün hər birimiz alnıaçıq, başı dik “Qarabağ Azərbaycandır” deyə bilirik.

İrəvan Azadlıq Təşkilatı olaraq biz təklif edirik ki, Azərbaycan Respublikasının Ali Sərkərdəsi titulu təsis edilsin və Siz, cənab Ali Baş Komandan, bu titula layiq görüləsiniz.

Hörmətlə,

Musayev Təbriz, “İrəvan Azadlıq Təşkilatı”nın sədri.

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.