Akkan Suver: "Beynəlxalq təşkilatlar Ermənistana dur deməlidir"

15/09/2020 - 13:31 5 170 0   0  

"Dünya ictimaiyyəti cinayətkarlığı artıq siyasətə çevirən Ermənistana nə zaman dur deyəcək?"

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.

Onun sözlərinə görə, Livan əhalisinin müəyyən hissəsini ermənilər təşkil edir: "Rəsmi Yerevanın Beyrut limanındakı partlayışdan sonra erməniləri Ermənistana dəvət etmək üçün işə başladığı və işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində məskunlaşdıracağı haqqında məlumatlar yayılır. Beynəlxalq hüquqa görə, bir ölkənin torpağını zəbt etmək insanlığa qarşı törədilən cinayətdir. Livan ermənilərinin də Azərbaycanın ayrılmaz parçası olan və 29 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda məskunlaşdırılması heç bir qanunvericiliyə sığmır. Bundan əvvəl də Suriya ermənilərinin həmin torpaqlarda yerləşdirildiyi barədə məlumatlar yayılıb”.

Professor bildirib ki, beynəlxalq təşkilatlar məsələyə həssas yanaşmalı və Ermənistana “dur” deməlidirlər: “Ermənistan BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağa erməniləri yerləşdirməklə həm işğalçılıq siyasətini davam etdirir, həm də cinayət törədirlər. Bu, belə davam edə bilməz. Artıq 370 Livan ermənisinin Ermənistana gəldiyi və onların Dağlıq Qarabağ bölgəsinə köçürülməsi ilə bağlı işlərin aparıldığı bildirilir. Ermənistan Dağlıq Qarabağda ermənilərin sayını artırmağın yollarını axtarır. Təbii ki, biz buna səssiz qala bilmərik, dünya bu ədalətsizliyə və siyasətə dur deməlidir. Beynəlxalq təşkilatlar nə vaxta qədər Ermənistanın cinayətkarlığını davam etdirmək siyasətindən əl çəkməsini gözləyəcək?”