Sabah ABŞ-da kritik seçkilər olacaq

05/11/2018 - 19:06 23 134 0   0  

Sabah noyabrın 6-da ABŞ-da Konqresə aralıq seçkilər olacaq. Suveren.az virtualaz.org-a istinadla xəbər verir ki, bu kritik seçkilərdə  demokratlar ABŞ Nümayəndələr Palatasında, yaxud Senatda üstünlüyü ələ alarsa, respublikaçı Donald Tramp-ın prezidentliyinin hər bir aspekti dərhal araşdırılacaq – onun vergi hesabatlılığından tutmuş Rusiyayla biznes əlaqələrinə və maraqlar toqquşmasına qədər. Bu haqda “Reuters” agentliyi yazır.

Rəy sorğuları göstərir ki, demokratlar Nümayəndələr Palatasında üstünlüyü ələ ala, Senatda çoxluğu isə əldə saxlaya bilərlər. Agentlikdə konqresdə yardımçılarla müsahibələrə əsasən yazır ki, seçkidən sonra təhqiqat komitələri fəallaşa bilər.

Palatada, yaxud Senatdakı çoxluq partiyası təhqiqatlar üçün azlıq partiyasından daha çox pul və işçi əldə edir. Əsas komitələrə nəzarətin aparıcı demokratlara keçəcəyi gözlənir. Hələlik, Trump-la bağlı araşdırmaları mərkəzləşdirəcək xüsusi müvəqqəti komitənin yaradılmasına dair plan yoxdur.

İkinci addım təhqiqatların miqyasının və sıralamasının müəyyənləşdirilməsi olacaq.

İndilik, impiçmentin gündəmdə olmadığı bildirilir. Demokratların liderləri aydın şəkildə bildiriblər ki, azından xüsusi prokuror Robert Müllerin istintaqının nəticəsi bəlli olmayanadək Trampın impiçmenti məsələsini qaldırmayacaqlar. Müller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsi və Tramp seçki kampaniyasının Moskvayla əlbirliyi iddialarını araşdırır.

Demokratlar həm də Tramp-ın vergi hesabatlarını əldə etməyə çalışacaqlar. Tramp ölkənin son prezidentlərin adətinin əksinə gedərək, vergi hesabatlarını açıqlamaqdan imtina edir.

“The Economist”  isə bu seçkilər ərəfəsində ölkənin son on illərdə ilk dəfə daha parçalanmış və qəzəbli durumda olduğunu yazır. Seçki kampaniyası zamanı siyasətçilər bir-birini dələduz, səfeh, xəyanətkar adlandırmaqdan çəkinməyiblər. Prezident Donald Trampın bir tərəfdaşı isə onun 14 opponentinə bomba göndərib. Yəhudi sinaqoqunda 11 dindar öldürülüb.

“Zəhərli federal siyasət Amerikanın böyük zəifliyidir. Bu, immiqrasiyadan tutmuş rifaha qədər real məsələlərə diqqət ayrılmasını əngəlləyir. Konqres seçkiləri bu irinləməni dayandırmağa, hətta onu düzəltmək kimi çətin işə başlamağa bir fürsətdir”, – məqalədə deyilir.

Jurnal yazır ki, bu həqarəti  Tramp başlamayıb. Amma ona hər kəs kimi böyük həvəslə qucaq açıb və özünəxas şəkildə dərinləşdirib. Bütün siyasətçilər yalan danışırlar. Cənab Trump isə bunu həddən artıq edir. “Washington Post” hesablayıb ki, o, prezident andı içəndən 5 min dəfədən çox yalan danışıb. Onun yalanı o qədər həyasız və effektlidir ki, tərəfdarlarının çoxu onun sözünə tənqidçilərinin dediyindən daha çox inanırlar.

“Bu da cənab Trampa sərf edir, çünki heç kəsə inam yoxsa, o, məsuliyyətə də cəlb edilə bilməz. Ancaq bu, Amerikanı fəlakətə aparır. Məntiqli debatda arqumentlər qalib gələ bilmirsə, demokratiya qüvvəsini itirir”, – məqalədə vurğulanır.