Ərdoğan nəhəng qaz yatağı tapdıqlarını elan etdi, ruslar narahat oldu - “QAZPROM” TÜRKİYƏ BAZARINI TAMAMİLƏ İTİRƏCƏKMİ?

22/08/2020 - 16:58 7 435 1   0  
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsinin Qara dənizdəki ərazi sularında nəhəng qaz yatağının kəşf edildiyini açıqlayıb.

Ərdoğan bunun Türkiyənin tarixində ən iri ehtiyatlara malik yataq olduğunu deyib. Yataqda onun sözlərinə görə, 320 milyard kubmetrə yaxın təsdiqlənmiş qaz ehtiyatları var.

“Bu kəşf ölkəmizin energetika təhlükəsizliyi baxımından olduqca mühümdür”,-Türkiyə prezidenti bildirib. Maliyyə və xəzinadarlıq naziri Berat Albayrak isə deyib ki, Türkiyənin Qara dənizdə öz qaz ehtiyatlarını kəşf etməsi büdcə kəsirini qapatmağa, profisit iqtisadi göstəricilərə keçməyə imkan verəcək.

Ərdoğanın bəyantı beynəlxalq energetika çevrələrində geniş rezonans doğurub və sahə üzrə ekspertlər Türkiyənin bu qaz yatağını kəşf etməsi ilə bazarda vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar.

Türkiyə prezidenti Qara dənizin Zonquldaq istiqamətində yerləşən  “Tuna-1” yatağının “Fateh” kəşfiyyat gəmisi tərəfindən iyulun 20-dən bəri aparılan seysmik kəşfiyyat işləri nəticəsində tapıldığını bildirir. O, həmin rayonda yeni yataqların da ola biləcəyini, kəşfiyyat işlərinin davam etdiyini deyib.

“Kommersant” qəzeti yazır ki, bu yatağın kəşf edilməsi nəticəsində Rusiyanın “Qazprom” şirkəti ən iri xarici bazarlardan birini-Türkiyəni tamamilə itirə bilər. Türkiyə onsuz da son üç ildə Rusiyadan qaz idxalalını iki dəfə azaldıb, perspektivdə isə “Qazprom”dan qaz alınmasını ümumiyyətlə dayandıra bilər.

 Türkiyə prezidenti yataqdan qaz hasilatının rekord qısa vaxt ərzində-2023-cü ilə qədər başlayacağını elan edib. Hərçənd mütəxəssislər bu müddətin o qədər də real olmadığını,  yataqda hasilatın başlaması üçün 7-8 il vaxt lazım gələ biləcəyini deyirlər.

“Kommersant” qeyd edir ki, istənilən halda “Qazprom” indidən Türkiyəyə satdığı qazın gələcək aqibətini, onun “Türk axını” kəməri ilə Avropaya necə ötürülməsini düşünməlidir.

Türkiyənin qaza tələbatı ildə 45 milyard kubmetrə yaxındır və son illərə qədər bu həcmin az qala üçdə ikisi Rusiyadan alınırdı. Lakin Türkiyə son ilər bahalı Rusiya qazının idxalını azaldıb, onun əvəzinə sıxılmış qaz və Azərbaycan qazının idxalını artırıb. “Qazprom” Türkiyə bazarında mövqelərini xeyli dərəcədə əldən verib.

“Fitch” reytinq agentliyindən Dmitri Marniçenko qeyd edir ki, yataq öz ehtiyatlarına görə doğrudan da böyükdür və nəzəri olaraq Türkiyəyə idxal qazının həcmini əhəmiyyətli ölçüdə azaltmağa imkan verə bilər. Və bu halda Rusiyadan qaz alınması hətta sıfıra enəcək. Belə olan halda Rusiya “Türk axını” kəməri ilə qazın Avropaya ötürülməsini düşünməli olacaq.

“Qazprom”da stuasiyanı hələlik şərh etmirlər. Lakin situasiya ilə tanış olan mənbə deyib ki, “Qazprom”un qorxması üçün hələ tezdir: “Türkiyənin tələbatı fəal şəkildə artır və üstəlik həmin ehtiyatları hələ iqtisadi baxımından effektli şəkildə çıxarmaq lazımdır”.

 “VYGON Consulting” şirkətindən konsultant Yekatrina Kolbikova isə deyir ki, Türkiyə hökumətinin kəşf edildiyi bildirilən yataqda üç ildən də az müddətdə hasilata başlamaq planları olduqca ambisioz görünür. Hətta dəniz şelfində hasilat üzrə lider olan Norveçdə qaz yatağının kəşfindən etibarən hasilata başlamağa qədər olan dövr orta hesabla 15 il təşkil edir. Qara dənizdə isə bu müddət 18 ildən az deyil.

Kolbikovanın fikrincə indiki qaz qiymətlərində Türkiyə hökumətinin həmin yataqdan hasilatın rentabelliyini təmin etməsi də çətin olacaq. Və yataqdan hasilat ən yaxşı halda ildə 6-12 milyard kubmetr təşkil edə bilər.

BOTAŞ şirkətinin qaz idxalı departamentinin keçmiş rəhbəri Ali Arif Aktürk isə “Sözçü” qəzetinə açıqlamasında yatağın açıqlanan ehtiyatlarının “məqbul” olduğunu deyib. Bununla belə Aktürk qeyd edib ki, yataqdan hasilatı təmin etmək üçün azı 5 milyard dollar investisiya tələb oluna bilər.

Enerji məsələləri üzrə ekspert Mehmet Kara da ehtiyatlarının həcminin sevindirici olduğunu deyir, amma hesab edir ki, “Tuna-1” yatağından hasil ediləcək qaz idxal qazdan o qədər də ucuz olmayacaq. Habelə burada yataqdan ildə nə qədər qaz çıxarılacağı da önəmlidir və ekspertə görə açıqlanan həcmi tam hasil etmək üçün 20 il lazım gələ bilər./Virtualaz.org