Belarusda etirazlar: Qrodno şəhər hakimiyyəti müxalifətin tərəfinə keçdi VƏ AZ SONRA MÖVQEYİNİ DƏYİŞDİ...

20/08/2020 - 14:24 6 914 0   0  

Belarusun Polşa ilə sərhəd Qrodno şəhərinin hakimiyyəti ölkədə avqustun 9-da keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı çıxan fəalların bütün tələblərini qanuni saydığını bəyan edib.

Virtualaz.org xəbər verir ki, Qrodno şəhər hakimiyyətinin icraiyyə komitəsi avqustun 18-də verdiyi bəyanatda tətil edən zavod fəhlələrinin və həmkarlar təşkilatlarının, müxalifətin namizədi Svetlana Tixanovskayanın qərargahının bütün tələblərini yerinə yetirməyə razılaşıb. Habelə Qrodno şəhər daxili işlər idarəsi bütün saxlanılanlardan publik qaydada üzr istəyib. Bildirilir ki, sanksiyalaşdırılmamış mitinqlərdə saxlanılanların hamısı azadlığa buraxılıb.

Bundan əlavə şəhər icraiyyə komitəsinin saytında “İctimai barışıq şurası”nın yaradılması barədə elan yerləşdirilib. Şuraya prezident Aleksandr Lukaşenkoya qarşı çıxan müxalifətin və ictimai təşkilatların nümayəndələri, habelə yerli icraedici və qanunverici orqanın məmurları daxil olublar.

Şəhər hakimiyyəti bildirib ki, Qrodnonun baş meydanında əvvəlcədən xəbərdarlıq edilməklə kütləvi tədbirlərin keçirilməsinə icazə verilir. Bu zaman mitinqçilərə tibbi yardım, milis müşaiyəti və texniki dəstək təmin ediləcək. Habelə Qrodno vilayət deputatlar Şurası “ictimai qaydanın pozulması hallarına dair işlərə obyektiv baxmaq” barədə prokurorluğa müraciət edib.

Lakin çox keçmədən Qrodno şəhər hakimiyyəti mövqeyini yenidən dəyişib və müxalifətin tələblərindən bir çoxuna əməl etməkdən imtina edib. Belə ki, avqustun 19-da Qrodnonun mərkəzi Lenin meydanında mitinqə toplaşan müxalifətçilərə əngllər yaradılıb, meydanda elektrik kəsilib və onlara səsgücləndirici texnika verilməyib. Habelə xəbərdarlıq edilib ki, müxalifətin mitinqləri qanunsuz hesab olunacaq. Bununla belə əvvəlki aksiyalarda saxlanılanların hamısının buraxıldığı bildirilir.

Mərkəzi hakimiyyətin Qrodnoda baş verənlərə münasibəti məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Belarusun Slovakiyadakı səfiri təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ifrat güc tətbiqinə etiraz olaraq bəyanatla çıxış edib və istefa verib.