Alban kilsələri silsiləsindən-Albaniyada xristianlığın qəbul edilməsi və Kiş alban kilsəsi

17/08/2020 - 12:55 8 194 3   0  

Xristianlığın yayıldığı ilk ölkələr sırasında Alban elinin olması diqqəti çəkir.

Belə ki, yəhudi dini əsasında yaranmış xristianlıq Qüdsdə ortaya çıxandan sonra İsa peyğəmbərin 12 şagirdi sırasında olmuş apostol Faddey bu dini yaymaq üçün Yelisey ilə Ərməniyə ölkəsinə gəlir, lakin burada ərsak soylu Sanaturk tərəfindən öldürülür. Uğursuz missionerlikdən geri qayıdan Yelisey orada müqəddəs Yakovdan yeni tapşırıq alıb, bu dəfə Güney Azərbaycan üzərindən Alban elinə gəlir. Musa Kalankatlının yazdığına görə, Qüdsdən qayıdan Yelisey xristian təbliğinə Çoladan başlayıb Uti bölgəsinə, sonra Kişə gəlib Qafqazda ilk kilsəni burada tikdirir və qansız qurban verir. "Bu yer Şərq kilsələrinin və şəhərlərin başlanğıcıdır. Və biz şərqlilərə xristianlığın qəbul edilməsinin mənbəsidir" (M.Kalankatlu).

Albaniyanın xristianlaşmasının II-ci mərhələsi Urnayrın fəaliyyəti ilə bağlıdır. Alban çarı Urnayr (lV əsr) Sasani şahı ll-ci Şapurun bacısının əri idi. Xristian dinini ilk dəfə dövlət dini elan etmişdir.

Albaniyanın xristianlaşmasının lll-cü mərhələsi Qriqorun nəvəsi, Vardanesin oğlu saksoylu Qriqorisin ( Cərcis) adı ilə bağlıdır. Onun Tsri (?) şəhərində kiçik bir kilsə tikdirdiyi məlumdur. Xristianlaşmanın məhz lll-cü Vaçaqanın (V əsr) dövründə tamamlandığı məlumdur. O, Albaniyada çoxsayli kilsə və monastr tikdirməklə təməli möhkəmlətdi.

Arazdan şimalda şaman - tanrıçılar və bütpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını tamamilə məhv etdirmiş, övladları üçün isə xristian məktəbləri açmışdır. Albaniya və Ərməniyyədə Nestorla bərabər Maninin də lənətləndiyini bildirməkdədir (Kalankatlu.M).

493 - cü ildə alban kilsəsinin təşkilati strukturu və mövqeyini müəyyənləşdirmək üçün lll-cü Vaçaqan Aulen məclisi toplayır. Alban kilsəsinə Bərdədə oturan arxiyeskop başçılıq etməyə başlayır. Ona 8 yepiskopluğun, o cümlədən Bərdə, Şəki, Paytakaran, Amaras və.s.yepiskopları tabe olunur.

527 - ci ildə Dvində Alban, Ərməniyyə və İber kilsələrinin birgə toplantısı keçirilir və hər üç kilsənin xristianlığın monofizit  məzhəbində birləşməsi qərara alınır...

Azərbaycan tarixşünaslığında belə bir yanlış fikir formalaşıb ki, guya albanlar monofizit deyol, difizit olmuşlar. Əlbəttə ki, bu fikir həqiqəti əks etdirmir və "Alban tarixi"nin verdiyi məlumata ziddir.  Belə düşünənlər fikrini əsaslandırmaq üçün "Tarix"in lll-cü kitabının "Albaniya katalikosu mənsəbinə qalxmış Bakur adlı birisinin haqqında" başlıqlı l-ci fəslinə istanad edirlər.

Burada söhbət Albaniyanın diofizitizmi ( xalkedonçuluğu) yaymağa çalışan XIX-cu katalikosu Nerses I Bakurdan gedir. Onun bu hərəkəti ortodoks aləmində ciddi səs-küy yaymışdır. Katalikosluğa çar Varaz Tiridatın  həyat yoldaşı diofizit inancına sahib olan Sparmanın köməyi ilə gəlmişdi. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohan və Amaras yepiskopu Siemon etiraz etdi. Onlar məclis çağırıb, Nersesi lənətlədilər və Ərməyiyə katalikosu l İlyadan kömək istədilər ( VIII əsr). İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi. Xəlifə Nerses l Bakuru katalikosluqdan kənarlaşdırdı.

Musa Kalankatlu bildirir ki, katalikos Nerses Bakur Girdiman kilsə dairəsindəndir. Bu kürsüdə 17 il oturub. Günahlı məfkurəyə malik olub, xalkedon küfrünü qəbul etməklə Albaniya ölkəsini çaşdırmaq istədi. Cismən və ruhən lənətlənərək albanlar və ərmənilər tərəfindən Allahın Oğlunun şərəfindən məhrum edilib kafirlərə hazırlanan ölümə məhkum olundu..

Şahlar Hacıyev