BİRGƏ TƏLİMLƏR AZƏRBAYCANA NƏ QAZANDIRDI? – “Açıq mesaj verildi ki, Türkiyə Azərbaycanı tək qoymayacaq"

11/08/2020 - 18:31 5 668 1   0  

Avqustun 10-da Azərbaycan-Türkiyə birgə hərbi təlimləri yekunlaşdı. Naxçıvanda, Bakıda, Kürdəmirdə, Gəncədə gerçəkləşdirilən təlimlərdə silahlı qüvvələrin əsas birlikləri döyüş atışını, hücum və müdafiə əməliyyatlarını məşq edib. Hər iki ölkənin Müdafiə Nazirliklərinin vaxtaşırı yaydıqları məlumatda birgə təlimlərin kifayət qədər uğurlu və səmərəli olduğu bildirilib.

Azərbaycanın dövlət sərhədində - Tovuz istiqamətdinə baş verən təxribatlardan sonra Ankaradan Azərbaycanın qətiyyətli dəstəklənməsi, ardınca birgə genişmiqyaslı hərbi təlimlərə start verilməsi bölgədə yeni hərbi-siyasi situasiya yaradıb. Ermənistan və onu hərtərfli dəstəkləyən Rusiyanın yaratdığı balans Türkiyənin tam dəstəyi ilə Azərbaycanın xeyrinə dəyişdi. Bu günə qədər hərbi, iqtisadi baxımdan düşməndən qat-qat güclü olan Azərbaycan, Türkiyənin regionda aktivləşməsi ilə diplomatik, siyasi imkanlarını daha da genişləndirdi.

Hərbi təlimlərin uğurla başa çatdığını deyən politoloq Elxan Şahinoğlu "AzPolitika”-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan və Türkiyə üçün olduqca vacib addım idi. "Türkiyə dünyaya, o cümlədən işğalçı Ermənistana və onun arxasında duran Rusiyaya ciddi mesajlar göndərdi ki, artıq Cənubi Qafqazda mövcuddur. İndi bölgədə təkcə iqtisadi-siyasi cəhətdən yox, həm də hərbi cəhətdən var", -ekspert vurğulayıb.

E.Şahinoğlu Türkiyə rəhbərliyinin "Azərbaycan işğal olunan əraziləri azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, bütün gücü ilə Azərbaycanın yanında olacaq" bəyanatını xatırladaraq vurğulayır ki, dövlət sərhədində təxribatlar baş verərkən, bu, çox ciddi mesaj oldu: "Bu təlimlərin Azərbaycan üçün səmərəsi böyükdür. İşğalçıya və onun arxasında duran güclərə açıq mesaj verildi ki, onun arxasında Türkiyə dayanıb. Azərbaycana kimsə təhlükə yaratmaq barədə düşünməsin, Türkiyə Azərbaycanı tək qoymayacaq".

Hazırda Azərbaycanın yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramov ilk xarici səfərini reallaşdırmaq üçün Türkiyədə rəsmi səfərdədir. Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra verilən bəyanatlardan görünür ki, Bakı və Ankara hərbi, siyasi, iqtisadi əməkdaşlığı, humanitar əlaqələri daha da gücləndirmək niyyətindədirlər. "Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”, - deyə M. Çavuşoğlu bəyan edib.

Elxan Şahinoğlu da düşünür ki, başa çatan hərbi təlimlər Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıdır: "Bir gün onun şahidi olacağıq ki, əvvəlcə Naxçıvanda, sonra Azərbaycanın başqa ərazilərində Türkiyə hərbi bazaları qurulacaq. Bu, iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm faktordur".

Politoloq qeyd edib ki, Xarici İşlər nazirləri görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini müzakirə ediblər: "Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir".