“O görüş indiki daxili gərginlikdə imitasiya xarakteri daşıyır” – İLHAM İSMAYIL

22/07/2020 - 14:27 5 027 0   0  

“Azərbaycan torpağı işğal altında olmuş ölkədir. Bu işin içində olan diplomatlardan biri olsaydı daha yaxşı olardı.”

Bunu Hurriyyet.org-a Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Xarici İşlər Nazirliyində baş verən dəyişiklikdən danışarkən bildirib:

“Hər halda dəyişikliyin özü də müsbət hadisədir. Elmar Məmmədyarovun vaxtında Azərbaycan diplomatiyasının faktiki olaraq heç bir uğurunu görməmişik. Ola bilsin ki, təcrübəli diplomatdı, amma Qarabağ danışıqlarında təəssüf ki, uğur əldə etmədi. Uğur olmadığına görə, dəyişikliyin necə olacağı barədə birbaşa fikir yürütmək çətindir. Ona görə çətindir ki, indiki təyin olunan nazir faktiki olaraq diplomat olmayıb. Azərbaycan rahat ölkə deyil. Torpağı işğal altında olmuş ölkədir. Bu işin içində olan diplomatlardan biri olsaydı daha yaxşı olardı. Yeni təyinatdan tərəddüdümüz varsa, o da diplomatiya sahəsində yeni olmasıdır. Hesab edirəm ki, xüsusi bir uğur olmayacaq”.

O, Elmar Məmmədyarovun vəzifədən azad edilməsinin gecikmiş bir qərar olduğunu deyib:

“Elmar Məmmədyarovun fəaliyyəti ümumiyyətlə qane etmirdi. Qane etsəydi diplomatiyamızda müəyyən uğur əldə edərdik. Elmar Məmmədyarovun vəzifədən azad edilməsi gecikmiş bir qərar idi. Yeni təyin olunan nazirin də yaxşı olacağını arzulaya bilərik”

Ehtiyatda olan polkovnik İlham İsmayıl ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla olan görüşünə də münasibət bildirib. O, görüşün təşkilinin hakimiyyətin özünün yaratdığı gərginliklə bağlı, vəziyyəti bir qədər yumşaltmaq olduğunu qeyd edib:

“O görüş indiki daxili gərginlikdə imitasiya xarakteri daşıyır. Sadecə olaraq, çox kəskin bəyanatlar fonununda və müsbət imicə malik müəyyən insanlarla atılmış addımdır. Bu görüşün baş vermiş hadisələrin fonundan cəmiyyətdə müsbət hal oyadacağına çətin inanıram. Hakimiyyətin özünün yaratdığı gərginliklə bağlı, vəziyyəti bir qədər yumşaltmaqdır. Bu nəyi dəyişəcək? Hamı vəziyyətin nə yerdə olduğunu daha yaxşı başa düşür…”.