HƏRBİ EKSPERT RƏYİ-"Müharibəni Qarabağa çəkməliyik"

14/07/2020 - 17:23 5 542 1   1  

Kamran Xəlilov: “Bu hadisənin arxasında düşünülmüş təxribat elementləri var və burada Rusiya faktorunu da diqqətdən qaçıra bilmərik”.

Xəbər verildiyi kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmənin bu cəhdinə Azərbaycan silahlı qüvvələri zərbə endirməklə, cavab verib və o, itki verərək geri oturdulub.

Müdafiə Nazirliyi həmin gün düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlunun şəhid olduğunu, 5 hərbçimizin isə yaralandığı barədə məlumat yaysa da, lakin çox təəssüf ki, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlunun da həmin gün gecə saatlarında şəhid olduğu açıqlandı. Yəni həmin gün Azərbaycan ordusu 3 şəhid verdi.

Yeri gəlmişkən, həmin gün Azərbaycan silahlı qüvvələrinin zərbələri nəticəsində düşmən silahlı qüvvələrinin itki verdiyi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən açıqlansa da, ermənilər tərəfdən neçə nəfərin həlak olduğu açıqlanmadı. Lakin bəzi sosial şəbəkə izləyiciləri düşmən tərəfdən 30 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralı olduğunu iddia edirlər.

Ermənilərin döyüş vaxtı xeyli sayda itki verdiyi deyilsə də, xalqımızın narahatlıqla izlədiyi Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində baş verən gərgin döyüşlər iyulun 13-nə keçən gecə ərzində də davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib. Təəssüf ki, döyüşdə Azərbaycan ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun da şəhid olduğu açıqlandı və beləliklə, şəhidlərimizin sayı 4 oldu. Yeri gəlmişkən, nazirliyin açıqlamasında da düşmən tərəfinin itkiləri barədə məlumatları gizlətdiyi qeyd olunur.

Onu da nəzərə çatdıraq ki,  düşmənin həyasızcasına Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsinə baxmayaraq, Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasa zəng edib. O, təmas xəttində baş verən silahlı toqquşmalarla bağlı hərbi blokun Baş katibinə yanlış və heç bir əsası olmayan məlumatlar verib. Zoqrab Mnatsakanyan KTMT-a üzv ölkəyə qarşı bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayıb. “Hazırda KTMT Baş katibi ilə daimi əlaqə saxlanılır”-deyə Ermənistan tərəfinin telefon danışığı ilə bağlı yaydığı məlumatda deyilir.

Əslində, Ermənistanın bu qərəzli addımlarının qarşılığında Azərbaycan da BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etməli, haqq səsimizi dünyaya car çəkməlidir ki, təxribatın düşmən tərəfindən olduğunu dünya ictimaiyyəti də bilsin.

“Ermənistan hazırda beynəlxalq aləmə göstərməyə çalışır ki..”

Düşmənin Tovuz istiqamətində təxribatı ilə bağlı keçmiş Qarabağ döyüşçüsü, hərbi ekspert Kamran Xəlilov  “Hürriyyət”ə deyib ki, bu, ermənilərin növbəti təxribat əməlidir: “Ermənistan hazırda beynəlxalq aləmə göstərməyə çalışır ki, Azərbaycan artıq Qarabağa deyil, Ermənistan-Azərbaycan sərhəddinə hücum edir. Əslində, hücum edən, təxribat törədən özləridir”.

“Biz niyə cavab vermirik?”

Xəlilov üçün də maraqlıdır ki, düşmən təxribat törətmişkən, xalqımız da müharibə tələb etdiyi halda, niyə müharibəyə başlamırıq: “Həqiqətən də dünənki hadisəni ermənilər başladı. Qaraqaya postuna hücum etmələri, o postu götürmələri məlumdur. Bu şərait yarandı. Biz niyə cavab vermirik? “Ermənini geri oturtduq” demək cavabdır ki? Müharibəni niyə Qarabağa çəkmirik? Niyə Qarabağda döyüşlər davam etdirilmir? Niyə işğalda olan torpaqlarımız azad olunmur? Həqiqətən də mənim özüm üçün də maraqlı suallardır, niyə etmirlər? İndi baş verənləri dəqiqliyi ilə bilmirik. O üzdən mən hazırda dəqiq bir şey deyə bilmirəm. Amma proseslərin gedişi və verilən informasiyalar onu ortaya qoyur ki, bu hadisənin arxasında düşünülmüş təxribat elementləri var və burada Rusiya faktorunu da diqqətdən qaçıra bilmərik”.

“İndi hər şey səbr istəyir”

K.Xəlilovun sözlərinə görə, erməni təxribatının kökündə mənfur bir niyyət var: “Yəqin ki, bizim yuxarıdan oturanlar bunu bilir, məlumatlıdırlar, amma zaman gözləyirlər. “Zaman gözləyirlər” deyəndə çəklib yerimizdə oturmamışıq, susqunluq mövqeyində də deyilik. 10-15 dəqiqə öncə aldığım məlumata görə, (dünən səhər – red.) Tovuzda yenə artilleriya atışmaları gedir. Hadisələr baş verən ərazi mənim xidmət etdiyim ərazidir. Mən oranı qarış-qarış tanıyıram. Amma indi hadisələrin içində olmadığım üçün dəqiq bir şey söyləmək çətindir. İndi hər şey səbr istəyir”.

“Bu xalq Qarabağda əliyalın dünya güclərinə, xüsus təyinatlı ordulara qarşı döyüşdü”

Xalqın əhval-ruhiyyəsinin həmişəki kimi yüksək olduğunu qeyd edən K.Xəlilov vurğulayıb ki, vətəndaşlarımız müharibəyə getməyə hazırdır: “Bu xalq qəhrəman xalqdır. Mən bunu söz xatirinə demirəm. Mən döyüşdə olmuşam və bunu öz gözlərimlə görmüşəm. Sadəcə, bir an istəyir ki, xalqımız özünü isbatlasın. Mən bunu dəfələrlə demişəm, bu xalq Qarabağda erməniyə qarşı döyüşmədi, Qarabağda əliyalın dünya güclərinə, xüsus təyinatlı ordulara qarşı döyüşdü. Mən bunun şahidi olmuşam. Ona görə, bu xalq qəhrəman xalqdır. Xalqın əhval-ruhiyyəsi həmişəki kimidir, torpağını işğaldan azad etmək istəyir. Mən xalqımızı alqışlayıram”.

“Qaranlıq qalan məqam odur ki, bu məsələ niyə məhz gecə saat 1-də qəflətən ortaya çıxdı?”

Qaradağda Lökbatan tərəfdə həmin gecə baş verən hadisələri də izlədiyini bildirən K.Xəlilova görə burada bir az qaranlıq məqamlar var: “Amma hər halda vətənpərvərlik üçün müsbət göstəricidir. Qaranlıq qalan məqam odur ki, bu məsələ niyə məhz gecə saat 1-də birdən-birə ortaya çıxdı? Yəni bunu bu şəraitdə başqa cür də etmək olardı. Orada sanki  şüarlar “Qarabağ” olmadı. Mənə elə gəldi ki, bunun bir tərəfində xüsusi təşkil edənlər var idi. Mən həmin vaxtı, polislə, icra başçısı ilə hadisələrin iştirakçıları ilə olan söhbətlərini izlədim. Həmin vaxtı bu vəziyyətdə bu qədər aqressiya ilə olmazdı. Mən özüm onu dəstəkləmirəm. Bunu sabah tezdən təşkil etmək olardı. Qarabağa getmək istəyənin yolu şimala deyil, Qarabağ başqa tərəfdir. Sosial şəbəkədə də öz fikrimi bildirmişəm, orada mənə qarşı gələnlər də var. Başa düşürəm, bəlkə insanların çox bəzi məsələləri qəbul etmək istəmir, amma qəbul edənlər edir. Bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən ictimai rəy formalaşdırıblar. Amma əslində, bu məqamda ölkədə qarışıqlıq yaratmaq doğru deyil. Çünki indiki həssas məqamda hər şey ola bilər. Bu yanda Rusiya, digər yanda da İran var, təsəvvür etmək dəhşətdir.

Dünən gecə yürüşdə “Allahu Əkbər” qışqırırdılar, onun nə aidiyyatı var idi? Yəni qaranlıq məqamlar çoxdur. Çox həssas məqamdır, diqqətli olmaq lazımdır. Bəlkə də 90-cı illərdən bəri bügünkü kimi həssas məqam yaranmayıb. Bu savaş “Aprel savaşı”ndan böyük həcmdə olmalıdır”.

“İnsanlarda ruh düşkünlyü yaratmamaq üçün hər iki tərəf də itkiləri gizlədə bilər”

Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkilərini gizlətməsinə diqqət yetirən K. Xəlilov nəzərə çatdırıb ki, müharibənin öz qanunları var: “Təbii ki, bu da təbliğat xarakterli işlərdir, başqa bir şey deyil. İnsanlarda ruh düşkünlüyü yaratmamaq üçün hər iki tərəf də itkiləri gizlədə bilər. Bu, gözləniləndir, burada qəribə bir şey yoxdur. Hər halda, bizim artileriya yüksək işlədiyinə görə, ermənilərin itkisi bizdən çox olmalıdır”.

Şamo EMİN, Hurriyyet.org