"Moskva Paşinyanı Qarabağı qaytarmaqla şantaj edir"-Kremldən qəzəbli mesaj

10/07/2020 - 13:39 6 379 0   2  

Moskva-İrəvan münasibətlərində gərginlik qalmaqda və hətta günbəgün artmaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın bu gərginlik fonunda, üstəlik, Kremlə qarşı şantaj siyasəti aparmağa çalışması situasiyaya məxsusi mürəkkəblik qatıb - özü də ən çox elə forpost ölkənin öz ziyanına.

Rusiya telekanallarının Ermənistan ərazisində yayımını faktiki, qadağan edən yeni qanun layihəsi bu xüsusda ikitərəfli münasibətlər üçün növbəti, ciddi bir testə çevrilib. Xəbər verdiyimiz kimi, İrəvandakı Rusiya səfirliyi məsələyə yetərincə sərt etirazını bildirib və diplomatik tərzdə Ermənistanı hədələyib də. Moskvanın bu cür reaksiyası isə düşmən ölkədə anri-Rusiya ovqatının bir az da qızışmasına gətirib. Onu qeyd edək ki, belə bir ovqat müstəsna olaraq, Paşinyana yaxın KİV-lərdə körüklənir ki, bu da Rusiyanın siyasi və ekspert dairələrinin diqqət mərkəzinə gəlib.

“Həqiqətən də, Ermənistanda anti-Rusiya əhvalı mövcuddur və bu ovqat güclənməkdədir. Məsələn, Rusiya televiziya kanalları ilə bağlı qərar qəbul edilib. Bu da Moskvanı əməlli-başlı təəccübləndirir. Niyə? Çünki Rusiya telekanalları heç vaxt antierməni təbliğatı ilə məşğul olmur və həmişə Ermənistandakı hadisələri pozitiv şəkildə işıqlandırır. Rusiya kanallarının digər xarici kanallarla bərabər tutulması həm də ona görə məntiqsiz görünür ki, Rusiya və Ermənistan Avrasiya İqtisadi Birliyi və KTMT-də müttəfiqdirlər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq, bir qayda olaraq ermənipərəst mövqe sərgiləyən Stanislav Tarasov 1in.am-a müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyadan başqa heç kim Ermənistanın təhlükəsizliyinin qarantı deyil.

“Ermənistan olduqca qəliz geosiyasi vəziyyətdədir. O, Türkiyə və Azərbaycanla həmsərhəddir - hansılar ki, Ermənistanı ”çox sevən" ölkələrdir. Bakı Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getmək istəmir və Ankara da Bakının siyasətini dəstəkləyir. Əlbəttə, onlar Ermənistana normal münasibət bəsləyə bilərlər, əgər Ermənistan Qarabağı geri versə. Lakin hələ ki belə meyl yoxdur", - deyə politoloq Ermənistanı və Paşinyan hökumətini faktiki surətdə hədələyib.

Sözünə davam edən analitik deyib: “İkinci vacib məqam: Ermənistan indiki status-kvonu saxlamaq üçün hansı resurslara sahibdir? Minsk Qrupu həmsədrləri arasında yalnız Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Başqa heç bir ölkə - nə ABŞ, nə də Fransa belə bir məsuliyyəti öz üzərinə götürməyib. Ona görə də Ermənistanda anti-Rusiya ovqatı güclənəndə bizdə sual yaranır: ermənilər nə istəyir və ya kim onlara daha yaxşı gələcək vəd edir? Ermənistan üçün parlaq gələcək vəd edən başqa bir ölkə varmı? Əgər varsa, Rusiya bunun əleyhinə deyil, qoy o ölkəyə doğru getsinlər”.

Kremldən İrəvana yeni sürprizlər - “cücələr” oktyabrda sayılacaq

Rusiyalı ekspert hesab edir ki, telekanallar məsələsi də daxil, Ermənistanda anti-Rusiya hisslərinin güclənməsi bir çox sual doğurur: “Paşinyan ”rus kartı" ilə oynayır. O, bizə qarşı kiminlə dostluq edir? Ruslar heç vaxt “erməni kartı”nı türklər və azərbaycanlılarla oynamayıb, o niyə “rus kartı”nı oynayır? Məncə, bununla müəyyən siyasi problemləri həll edir. O hesab edir ki, Ermənistanın keçmiş hakimiyyətləri rusiyayönlüdür və Rusiya onları dəstəkləyir. O isə yenidir".

Tarasov baş verənlərə ayıq başla baxmağı təklif edir. “Biz real mənzərəyə, coğrafiyaya baxmalıyıq. Ermənilər Marsa uça bilməzlər. Xəritəyə baxın. Düzünü desəm, əsl erməni vətənpərvəri Putinin dostu olmalıdır və onunla konfliktə girməməlidir”, - deyə o, bir daha Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyana xəbərdarlıq edib.

“Nikol Paşinyan özünə qarşı Rusiya hakimiyyətinin ən azı, neytral münasibətini qazanmaq üçün yollar axtarmağa davam edir. Paşinyandan ötrü həyati dərəcədə vacibdir ki, Ermənistana böyük iqtisadi və siyasi təsir rıçaqlarına malik bir güc mərkəzi olaraq Rusiya onun hökumətinə münasibətdə laqeyd və ya düşmən mövqedə olmasın”.

Bu fikir isə Politik.am erməni nəşrindəki məqalədəndir.

Nəşr hesab edir ki, Paşinyan öz hədəfinə çatmaq üçün ən səmərəsiz və təhlükəli yol seçib - o, şantaj yolu ilə Moskva ilə münasibətləri normallaşdırmağa çalışır.

“Paşinyan Kremldə inandırmağa çalışır ki, o, Kremlin Qafqazda yeganə dayağı olan və bölgədə yeganə Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanda güclü anti-Rusiya dalğası qaldıra bilər. Bu ismarışlar çoxdan var idi, ancaq indi bu yöndə konkret addımlar atılır”, - deyə məqalədə vurğulanır.

Nəşr daha sonra qeyd edir ki, Ermənistanın baş naziri Rusiya hakimiyyətini, xüsusən də prezident Putini şantajla yanaşı, həm də qorxutmağa çalışır - o Putin ki, daxildəki siyasi proseslər vasitəsilə Paşinyana məhəl qoymur. “Hədəf isə Rusiya hakimiyyətinə Ermənistanda güclü anti-Rusiya siyasi yekdilliyinin olduğunu göstərməkdir. Ancaq Paşinyan bir vacib detalı nəzərə almayıb: hazırkı Rusiya prezidenti KQB məktəbini keçib. Bu, o deməkdir ki, şantaj və hədə-qorxu yolu ilə onunla dil tapmaq mümkün deyil. Bu xüsusda Paşinyanın başlatdığı informasiya şantajı, hər halda, gülüncdür. Bu, nəinki mövcud hakimiyyətə kömək etməyəcək, həm də Ermənistanı məhv edə bilər”, - deyə erməni nəşri sonda qeyd edir.

Əlbəttə, Ermənistanın xəritədən silinməsinin bölgəyə yalnızca faydası dəyərdi. Region, nəhayət, rahat nəfəs ala, sabitliyinə qovuşardı. Çünki Güney Qafqazı qarışdıran, burada daimi sülhü əngəlləyən yeganə faktor - erməni “kartı”dır. Bu “kart” gec-tez oyundan çıxarılmalıdır...

“Yeni Müsavat”