Suriya hakim ailəsində parçalanma - Əsəd milyarder qohumunu Putinin tələbi ilə “vurdu”

06/07/2020 - 20:00 6 997 0   0  

Bazar günü paylaşdığı son videosunda kameranın obyektivinə baxan Rami Mahluf, bəzən az qala pıçıldayaraq, çox sakit səslə danışır. Onun saqqalı, əvvəlki illərdə çəkdirilən şəkillərlə müqayisədə ağarıb.

Mahlufun zəngin olduğu dərhal nəzərə çarpır. O, heç vaxt kasıb olmayacaq bir insandır. Bu arada BMT rəqəmlərinə görə, Suriyada əhalinin 80 faizi yoxsulluqda yaşayır, az qala 10 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir, müharibəyə görə əhalinin yarısı ev-eşiyindən didərgin düşüb. Mahluf Suriyadan Beyruta gedən yolun üzərində yerləşən və superzənginlərin məskəni sayılan vadidə yaşayıb.

Kamera qarşısında bahalı görünən italyansayağı pencəkdə oturmuş Mahlufun qarşısında qış üçün zövqlə bir-birinin üstünə yığılmış odunları görmək olar.Mahlufun videolarda dedikləri doğrudursa (bu həftə üçüncü lent yazısı təqdim olunub) o, öz mövqelərini artıq əldən verib. Vaxtilə o, Suriyada hər bir əhəmiyyətli biznes sövdələşməsinə görə faiz almaqla ad çıxarıb və buna görə bəziləri onu hətta “Cənab beş faiz” adlandırır.

Rami Mahluf prezident Bəşər Əsədin dayısı oğludur. Hər ikisi 50 yaşlarındadır və uşaqlıqda dostluq ediblər.Rejimin sadiq tərəfdarı hesab olunan Mahluf öz ailəsi, siyasət və ya biznesi haqqında çox nadir hallarda açıq danışıb. 2011-ci ildə, Suriyada müharibənin qızışdığı zaman, o, “New York Times” qəzetinə verdiyi müsahibədə deyib ki, Suriya elitası - Əsəd, Mahluf və bir sıra yaxın silahdaşları sona qədər mübarizə edəcək: "Onlara məlum olmalıdır ki, əziyyət çəkməli olsaq, onu tək biz çəkməyəcəyik”. Belə görünür, aralarında birlik barədə vədindən başqa onun dedikləri düz çıxıb və bunun təsdiqini sonuncu videolarda da görmək olar. Sosial mediada o, başına gələn ədalətsizliklərə son qoymağı istəyir və rejimi tənqid edir. Belə sözlərə görə suriyalıların çoxu həbs oluna bilərdi.

"Cənab Prezident, təhlükəsizlik orqanları insanların azadlığına hücum etməyə başlayıb. Bunlar sizin xalqınız, tərəfdarlarınızdır," - mayın 3-də yayılan videoda deyilir.

Mahluf neft və inşaat biznesi ilə də məşğul olub, lakin onun əsas gəlir mənbəyi Suriyanın ən iri mobil şəbəkələrinə nəzarətlə bağlıdır. Sahibkarın şirkətləri 180 milyon dollar həcmində vergidən yayınmaqda ittiham olunur.Onun kimi imkanlı insan üçün bu böyük məbləğ sayılmır. Mahlufun Dubayda yaşayan oğlu da milyarder hesab olunur. Onun oğlu “İnstagram”-da təmtəraqlı həyat tərzini nümayiş etdirərkən, Mahluf Facebook-da ödəmədiyi deyilən borcları ilə bağlı yazışmanı paylaşıb. Lakin getdikcə daha çox aydın olur ki, Bəşər Əsədi nisbətən əhəmiyyətsiz vergidən daha çox dayısı oğlunun çoxmilyardlıq biznes imperiyası maraqlandırır. Az qala on il çəkən və ölkənin çoxunu məhv edən müharibədən sonra, Suriyanın dövlət xəzinəsi demək olar ki, tam boşalıb. Bazar günü yayımlanan ən axırıncı videosunda Mahluf öz işçilərindən üzr istəyir. Son həftələr ərzində onun şirkətlərində işləyən ən azı 28 nəfər Suriyanın təhlükəsizlik orqanları tərəfindən həbs olunub. "Xüsusilə, müəmmalı insanlar tərəfindən həbs olunanlarla bağlı əksər hüquqi məsələlər hələlik öz həllini tapmayıb"-deyə o bildirib. Əslində bu insanlar Mahluf üçün müəmmalı olmamalıdır. Çünki onun qardaşı Hafiz rejim əleyhinə daxildən gələn hədələrlə mübarizə üzrə ən qüdrətli qurumun - Baş Kəşfiyyat İdarəsinin rəhbəri olub. Buna görə, o, Suriyanın kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının nəyə qadir olduğunu yaxşı bilir.

Mahlufun süqutu ilə bağlı bir sıra nəzəriyyələr dolaşır. Bəziləri deyir ki, o, həddən ziyadə nüfuzlu və zəngin oldu. Təzyiqin ilk əlamətləri keçən yay üzə çıxdı. O vaxt Mahluf təxminən 20 min nəfərlik silahlı qruplaşma arxasında duran “Bustan” xeyriyyə şəbəkəsini bağlamağa məcbur oldu.Bu, Londonda böyüyən və iri xeyriyyə təşkilatını idarə edən prezidentin xanımı, Əsma Əsədlə əlaqələndirilirdi. Daha bir nəzəriyyə də Kremllə bağlıdır. İddia olunur ki, Suriyadakı korrupsiya halları Bəşər Əsədin ən mühüm müttəfiqi və müdafiəçisi olan prezident Vladimir Putinlə əlaqəli Rusiya KİV-lərində tənqid olunub. Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsi hərbi qarşıdurmanı Əsəd rejiminin xeyrinə çevirdi. Nəzəriyyə əsasən, Bəşər Əsəd Putinin rəğbətini itirməmək naminə - geniş kütlə arasında ölkəni bürüyən korrupsiyanın rəmzi sayılan - Rami Mahlufu qurban vermiş oldu.Güman ki, Putinə yaxın olan rusiyalı sahibkarlar həmçinin Mahlufun nəzarətində olan müqavilələrə də diqqət yetirirlər.

Fakt budur ki, hakim ailədən başqa, bağlı qapılar arxasında nəyin baş verdiyini heç kim dəqiq bilmir.Ölkənin ilk prezidenti və Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə hakimiyyəti tam əlinə alandan sonra, Suriyanı öz ailə biznesinə çevirdi. Hərbi Hava Qüvvələri və “Bəəs” Partiyasının sayəsində yoxsulluqdan yüksəlmiş Hafiz Əsədin xanımı, Anisa Mahluf daha zəngin təbəqəyə aid ailənin övladı idi. Prezidentliyi ələ keçirməyə müvəffəq olan iddialı zabit Hafiz Əsəd hamıya son dərəcə şübhə ilə yanaşırdı və özünü mənsub olduğu Ələvi məzhəbinin üzvləri ilə əhatə etdi. Lakin onun yaratdığı sistemin mərkəzində sırf ailəsi dururdu. Hakim ailə indiyədək dərin parçalanmaların şahidi olub.

Hafiz Əsədin sağ əli olan qardaşı Rifat, ən mühüm tapşırıqları yerinə yetirirdi. O, 1982-ci ildə, minlərlə insanın ölümü ilə nəticələnən “Müsəlman qardaşları” tərəfdarlarının Həma bölgəsindəki qiyamını yatırdı. Bundan bir il sonra isə Hafizin ürəklə bağlı problemi yarananda, hakimiyyəti ələ keçirməyə çalışan Rifat Dəməşqin küçələrinə tanklar yeridir. Lakin onun cəhdi baş tutmur. Rifatın həyatı ölüm və həbsxana ilə nəticələnmədi. O, öz milyonları ilə birlikdə sürgünə göndərildi. Belə görünür ki, bu, Rami Mahluf üçün də ən əlverişli seçim ola bilər. Rami Mahluf vaxtilə mərkəzində durduğu rejim tərəfindən güclü təzyiqə məruz qalır.O, öz işini ictimailəşdirmək üçün “Facebook”-da video və sənədlər paylaşır. Lakin bu, getdikcə daha çox məğlubiyyətə uğrayan döyüşə bənzəyir. (BBC)