BİZ QARABAĞI NİYƏ İTİRDİK… – Azərbaycan ərazilərinin işğalına səbəb olan geopolitik faktorlar

25/06/2020 - 12:02 6 211 0   0  

Erməni-türk-müsəlman münaqişələrinin tarixi əsrlər öncəyə gedib çıxır. “Erməni məsələsi” ortaya atılmamışdan əvvəl, Osmanlının “sadiq təəbəsi” olan bu toplum heç bir problem yaratmırdılar. Əksinə, onlara verilən üstün milli və dini haqlardan istifadə edərək, türklərin özlərindən belə, yaxşı yaşayırdılar.

Osmanlının parçalanmasında ermənilərin rolu

Şübhəsiz ki, tarixdə erməniləri şirikləndirən və onları öz ağaları üzərinə qaldıran çox ciddi səbəblər olmuşdur. Onlardan birincisi Qərbin müsəlman dünyası içərisində xristian toplum kimi ermənilərdən bir vasitə olaraq istifadə etmək istəyi idi. Hansı ki, bu təklif ermənilər tərəfindən məmnuniyyətlə qəbul edildi. Çünki xidmətləri müqabilində Qərb parçalayacağı Osmanlı torpaqlarından ermənilərə pay ayırmağa söz verirdi. Odur ki, ermənilərin sonarkı addımı min illər boyu mehribancasına, dinc yanaşı yaşadığı qonşuya xəyanətdən başqa bir şey deyildi.

Ermənilər XIX əsrin ikinci yarısında artıq bu xəyanət yolunu tutmuşdular və Osmanlının zəif düşməsini nəinki gözləyir, hətta Qərbə bütün gücləri ilə yardım edirdilər. Ermənilərin toplum halında yaşadıqlan ərazilərdə qeyri-sabitliyin hökm sürməsində maraqlı olan Qərb dövlətləri və Rusiya bölgədə fəaliyyətlərini aktivləşdirmək üçün yeni təşkilatların yaranmasına ehtiyac olduğunu dərk edirdilər. İngiltərənin Van konsulu Çlayton öz ölkəsinə göndərdiyi bir raportda (12 oktyabr 1890) Rusiya Ermənistanından (İrəvan quberniyası nəzərdə tutulur) Türkiyə ermənilərinə silahlar göndərilməsi üçün cəmiyyətlər qurulduğu və bu silahların paylanması üçün casusların olduğunu yazmışdı. Çlayton elə həmin ilin noyabrında göndərdiyi digər bir raportda ermənilərin artıq üsyana hazır olduqlarını, bunu amerikalı bir missionerdən təfsilatı ilə öyrəndiyini qeyd etmişdi.

Böyük Britaniya ərəb qəbilələrini türklərə qarşı qaldırmaq üçün himayə etdikləri “ərəbistanlı Laurensi” ərəb çoğrafiyasını qarışdırmaq və bu coğrafiyanı Osmanlıdan almaq məqsədilə necə iş apardısa, Qərb dövlətləri Osmanlını parçalamaq üçün daha bir cinahdan hücuma keçdi və süni “erməni məsələsini” dizayn etdilər. Çünki Osmanlının Şərqi Roma imperatorluğunu – Bizansı məğlub etməsini heç cür həzm edə bilmir və türklərin bu torpaqlarda hakimiyyətinə son qoymaq üçün “erməni genosidi”, “erməni məsələsi” kimi kartları ortaya atırdılar. Sözsüz ki, onların bu layihələrinə Azərbaycanın torpaqları da qurban verildi.

Əslində nə İrəvanın ermənilərə paytaxt olaraq verilməsi, nə Qarabağ problemi yalnız Azərbaycanın məsələsi deyil. Belə şəkillənmə səhv olardı, məqsəd türk soyunun bu torpaqlardan təmizlənməsi, çoğrafiyanın xristianlaşdırılması, türklərin buradaki varlığına son qoyulması idi.

Qərbin ikili standartı

Bəlı, bir əsrdən çoxdur ki, Şərqi Anadolu və Cənubi Qafqaz regionunda yaşayan insanlar “erməni” adlı mənfur düşmənlə üz-üzədir. Dünya erməniliyi bütün mümkün üsullardan istifadə edərək, öz məqsədinə nail olmaq istəyir. Avropanın, Amerikanın söz sahibi olan ölkə və təşkilatları yüz ildən çoxdur ki, bu başabəla toplumu haqq-nahaqq müdafıə edir.

“Erməni məsələsi” ortaya atılandan günümüzə qədər bölgədə siyasi məqsədlərini həyata keçirmək üçün erməni faktoru bu dövlətlər üçün ən yaxşı vasitə olmuşdur. Və şübhəsiz bu dövlətlərin strateji maraqlarını reallaşdırmaq üçün tarixi Azərbaycan torpaqlarının içərisində yaradılmış Ermənistan dövlətindən istifadə edilməsi hədəflənmişdir. İndiki halda Ermənistan Rusiyanın “forpostudur”, sabah isə digər bir süper gücün “forpostu” olacaq.

Dünya birliyi ermənilərə basqı, təzyiq etmək əvəzinə, bu topluma hər səviyyədə dəstək verir. Məsələn, Amerikanın özü Ermənistana və hətta Dağlıq Qarabağdakı separatçı rejimə yardım göstərir. Özü də bunu hər il edir. Amma Azərbaycan bu humanitar yardımlardan kənarda qalıb. Belə ki, Azadlığı Dəstək Aktına 907-ci düzəliş etməklə, ölkəmizə humanitar yardımlar da qadağan edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günə qədər işğalçı dövlətə heç zaman təzyiq olunmadı. 28 il ərzində ATƏT-in Minsk qrupunun xristian təəssübkeşliyindən vaz keçib, münaqişəni həll edəcəyinə inandıq. Ermənilər ötən illərdən yararlanıb, nəinki Daqlıq Qarabağda, ona aid olmayan 7 rayonda da məskunlaşma işi apardılar. Ancaq biz dünyada, xüsusilə də nüfuzlu KİV-lərdə bu münaqişədə haqlı tərəf olduğumuzun təbliğatını yetərincə qura bilmədik.

Hazırda ermənilər əllərindəki təkcə ingilis dilində olan 33 saytda gecə-gündüz Qarabağ münaqişəsində nə qədər “haqlı” olduqlarını yayımlayırlar. İnformasiya “müharibəsi”ndə bizdən öndədirlər. Oxşar taleni yaşadığımız Ukrayna və Gürcüstan da onların ərazilərini Rusiyanın ilhaq etdiyini nüfuzlu tribunalarda açıq-aşkar bildirsələr də, biz bəzi hallarda haqqımız olanı dilə gətirməkdən də ehtiyat edirik. Doğrudur, belə iddialar var ki, Azərbaycanın yürütdüyü balanslı siyasətin müqabilində Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqil”liyini rəsmi şəkildə tanıdığı kimi Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Amma Moskvanın Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü sözdə qəbul etməsi nəyi dəyişir ki?! Əksinə, hər kəs bilir ki, Ermənistanı hərbi cəhətdən rəsmi və qeyri-rəsmi şəkildə dəstəkləyən birinci ölkə Rusiyadır.

Rus hərbi bazasının maliyyələşdirdiyi erməni saytı

Bir müddət öncə Ermənistanda maraqlı fakt aşkarladılar. Məlum oldu ki, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan saytı Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandanlığı maliyyələşdirir. Məsələn, hərbi baza təkcə 2016-cı ildə erməni saytına 100 min dollar ayırıb. Hansı ki, bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Şübhəsiz, bu, sonrakı illərdə də davam etdirilib. Təkcə bu fakt göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Kremı Ermənistanın Azərbaycan və Türkiyə ilə əbədi düşmən qalmasını istəyir.

Rəsmi Bakı nəyə ümid edir…

Bütün bunlara rəğmən, rəsmi Bakı hesab edir ki, 28 il ərzində “kristallaşmış” Dağlıq Qarabağ məsələsində artıq “diplomatik hərəkətlənmə” müşahidə olunur. 2020-ci ilin 10 iyun tarixində Avropanın siyasi mərkəzində – Brüsseldə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçi Yelena Zavko və Ermənistan üzrə məruzəçi Trayan Baseskunun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılığını təsdiqləyən və Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq üçüncü magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayması bunun bariz nümunəsi kimi göstərilir. Görünür, bu səbəbdən də, Avropanın istəyinə uyğun olaraq, Azərbaycan özünün siyasətində daha sülhpərvər obraz canlandırmağa çalışır. Həmin bəyanatdan sonra Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin azərbaycanlıların gələcəkdə ermənilərlə bir yerdə dinc və sabitlik içində yaşamaq istəyini izhar etməsi və qarşı tərəfi sülhə çağırması heç də təsadüf deyil. Bunun qarşılığında isə, yerli Qarabağ ermənisi olan (əslində isə erməniləşmiş türk olmaq ehtimalı yüksəkdir) Artur Ağacanovun Azərbaycanın tərkibində dinc şəraitdə yaşamağa çağıran videosu yayılmışdı.

Konfliktin həllində Paşinyan faktoru

Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə Qərbin, əsasən də ABŞ-ın dəstəyi ilə gəldi. Amerika Erməni Milli Assambleyası başda olmaqla, dünyanın bir çox erməni diaspora təşkilatları yaşadıqları dövlətlərin siyasi dairələri ilə işləyərək, Paşinyanı qorumaq məqsədilə dayanmadan iş aparırlar. Onların əsas rəqibi isə Rusiya ilə onun dəstək verdiyi “Qarabağ klanı”dır. Çünki Vaşinqton Ermənistanın Rusiya və İrandan asılılığından narazıdır. Odur ki, qarşıda Paşinyan və “Qarabağ klanı”nın, əslində isə ABŞ və Rusiyanın Ermənistan uğrunda mübarizəsi daha aydın görünəcək. Heç şübhəsiz, Paşinaynın Qarabağ konfliktinə münasibəti də bu mübarizənin kimin xeyrinə yeklunlaşmasından asılı olacaq…

ABŞ və Rusiyadan sonra Çin…

Bu arada, Covid-19 pandemiyası səbəbilə Çinin Ermənistana göndərdiyi yardım qutularının üzərində “Dostluğumuz Ağrı dağı qədər uca, Yantszı çayı qədər uzun olsun” sözlərinin yazılmasını da xatırlatmaq yerinə düşər. Bəllidir ki, hazırda “yeni dünya düzənin” konturlarının qurulması prosesi gedir və ermənilər bunu hesaba qatmamış deyillər. Gələcəkdə Rusiyanın dağılması reallaşarsa, onlar ABŞ-ın deyil, Çinin vassallığını qəbul edəcəklər. Çünki Avrasiya regionunda, hətta Afrika qitəsində belə, Türkiyənin əsas rəqibi Çin olacaqdır.

Yeri gəlmişkən, yeni dünya düzəninin qurulması kontekstində Çin-ABŞ-ın rəqabəti fonunda Vaşinqtonun Türkiyəyə yaxınlaşması da hiss olunur. Başqa yol da yoxdur. Çünki hazırda Rusiya Çinin orbitində dövr edir, ABŞ isə bu iki super-dövlətlə rəqabətdə təklənir. Şübhəsiz, qardaş Türkiyənin güclü olması Azərbaycana da öz təsirini göstərəcək və Qarabağ probleminin həlli diplomatik yollar mümkün olmasa da, müharibə olacağı təqdirdə qalibimiyyətimizə heç bir şübhə qalmayacaq!

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu belə bir açıqlama vermişdi: “Türkiyənin keçmiş illərdə kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal olunmasına imkan verməzdi”. Bu fikri bəlkə də qeyri-diplomatik şəkildə belə ifadə etmək olardı ki, əvvəllər Türkiyə hökuməti indiki kimi milli komandadan ibarət olsaydı, qardaş ölkə Azərbaycanın bu vəziyyətə düşməsinə imkan verməzdi.

Qarabağ konflikti Türkiyənin təhlükəsizlik məsələsidir

Yuxarıda da dediyim kimi, Qarabağ zərbəsi yalnız Azərbaycanın deyil, həm də Türkiyənin təhlükəsizlik və güvənlik məsələsidir. Unutmayaq ki, Azərbaycanın yerləşdiyi mövqe Türkiyənin şimal-şərq sərhədlərinin güvənlik qapısıdır.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan zaman dəfələrlə belə bir fikir işlədib ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar. Mühacir Qərbi Azərbaycan İrəvan Respublikası məhz bu zərurətin reallaşma imkanıdır. Ermənilər nahaq yerə bu məsəlnin gündəmə gəlməsindən narahat deyillər. Lakin bu istiqamətdə hüquqi-siyasi müstəvidə xeyli və əsaslı işlər görülməlidir. Azərbaycan ən azı “ikinci aprel savaşı”nı ermənilərə yaşatmalıdır ki, onları sülhə məcbur etmək mümkün olsun.

Ülviyyə ŞÜKÜROVA,

Hurriyyet.org