Operativ Qərargah koronavirusla bağlı mobil tətbiq yaratdı – FOTO, VİDEO

19/06/2020 - 15:02 4 438 1   0  

Azərbaycanda koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) dəstəyi ilə koronovirus infeksiyasının ölkəmizdə yayılması statistikasını əks etdirən və vətəndaşları mütəmadi olaraq məlumatlandıran “e-Təbib” adlı mobil tətbiq hazırlanıb.

Suveren.az 1news.az-a istinadən xəbər verir ki, mobil tətbiq hazırlanan zaman beynəlxalq təcrübədən geniş istifadə edilib. Böyük Britaniyanın “Covid Symptom Tracker”, Sinqapurun “TraceTogether”, Stanford Universitetinin “Covid Watch”, İsrailin “HaMagen” və digər ölkələrin (Cənubi Koreya, ABŞ, Çin) mobil tətbiqlərinin işləmə texnologiyaları, məlumatlandırma sistemləri və pandemiya dövründə preventiv addımların həyata keçirilməsi imkanları təhlil edilib.

Aparıcı təcürübələrə əsaslanaraq hazırlanan mobil tətbiqin inkişafı bir neçə mərhələni əhatə edir. Mobil tətbiq hazırlanarkən Covid-19 pandemiyasına aid olan bütün mobil tətbiqlərə Google və Apple şirkətləri tərəfindən uyğulanan ciddi prosedur qaydalarına riayət edilib, texniki və təhlükəsizlik tələbləri yüksək səviyyədə həyata keçirilib.

Hazırkı versiyada mobil tətbiq:

- Koronovirus infeksiyasına yoluxmuş, sağalmış və müayinə olmuş şəxslərin gündəlik statistikası ilə yanaşı,

- Nazirlər Kabinetin müəyyənləşdirdiyi qaydaları,

- Operativ Qərargahın xəbərlərini,

- Profilaktik tədbirləri,

- Qaynar xətt nömrələrini,

- Bluetooth texnologiyası vasitəsilə xəstə insan ilə sağlam şəxslər arasında olan əlaqənin müəyyənləşdirilməsini və müvafiq tədbirlərin görülməsini,

- Digər faydalı və zəruri məlumatları gündəlik rejimdə vətəndaşlarımıza təqdim edir.

Bluetooth texnologiyasının imkanlarından istifadə edərək mobil tətbiq istifadəçilərinin ünsiyyətdə olmuş insanlardan biri koronovirusa (COVİD-19) yoluxduğu halda və bu məlumat (testin nəticəsi olaraq) TƏBİB tərəfindən əldə edildikdə, mobil tətbiq istifadəçisi xəbərdalıq (notification) alacaq və testdən keçməyi və ya şəxsi izolasiya rejimini tətbiq etməyə dəvət ediləcək.

İnfeksiyaya yoluxmuş şəxsin adı mobil tətbiq istifadəçilərinə təqdim edilmir. Bütün məlumatlar TƏBİB-in vahid test bazasından götürülür və keçirilmiş testlərə uyğun olaraq vətəndaşlara məlumat göndərilir.

Qeyd edək ki, növbəti həftələr ərzində mobil tətbiq təkmilləşdirilərək, İcbari Tbbi Sığorta üzrə Dövlət Agentliyinin koronovirus üzrə laboratoriya analizləri haqqında məlumatın birbaşa mobil tətbiqə alınmasını nəzərdə tutur. E-Təbib mobil tətbiqində vətəndaş şəxsiyyət vəsiqəsinin FİN-ini və laboratoriya analizinin kodunu daxil etməklə özünə aid nəticələri dərhal əldə edə biləcək.

Tətbiqə necə qoşulmalı?

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

- İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

- Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

- SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

- Bluetooth qurğusunu işə salın.

“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Mobil tətbiqin yüklənmə qaydası ilə burada tanış ola bilərsiniz.