Tramp İrana görə hamını cəzalandıracaq

02/11/2018 - 21:17 22 600 0   0  

ABŞ Maliyyə Nazirliyi noyabrın 5-də İranın 700-dən çox fiziki və hüquq şəxsinə sanksiya tətbiq edəcək.

Sueveren.az xarici KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ maliyyə naziri Stiven Mnuçin deyib.

“Nazirlik bazar ertəsi məhdudlaşdırıcı tədbirlər təbiq etdiyimiz fiziki və hüquqi şəxslər siyahısına 700-dən artıq ad salacaq. Bunlar arasında daha əvvəl İranla "altılıq" ölkələri arasında imzalanmış Müştərək Əhatəli Plana uyğun olaraq siyahıdan çıxarılmış bir neçə yüz ad, üstəgəl 300-dən artıq yeni ad var”, - deyə o vurğulayıb.

ABŞ dövlət katibi Mayk Pompeo isə enerji sektoruna dair məhdudlaşdırıcı tədbirlərin bərpasına həsr olunan xüsusi telefon brifinqində deyib ki, İran neftinə qarşı tətbiq edəcəkləri sanksiyalar 8 ölkəyə müvəqqəti olaraq şamil edilməyəcək.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: "Bu ölkələrə güzəşt İrandan neft idxalını xeyli azaltdıqlarına və bir çox başqa məsələlərdə əməkdaşlıq etdiklərinə, həmçinin Tehranın neft gəlirlərini sıfıra endirmək üçün əhəmiyyətli addımlar atdıqlarına görə tətbiq edilib. Hətta İrana qarşı enerji sanksiyaları bərpa edilmədən də bu ölkənin gündəlik neft ixracatının xeyli azalmasına nail olmuşuq. Biz hələ sanksiyaların qüvvəyə minməsindən əvvəl İranın xam neft ixracatının 1 milyon barel azalmasını gözləyirik".

Ağ Ev rəsmisi sanksiyaların tətbiqi zamanı müəyyən humanitar istisnalara gedəcəklərini, o cümlədən İranın dava-dərman idxalına mane olmayacaqlarını da diqqətə çatdırıb.

ABŞ Maliyyə Nazirliyinin yuxarıda haqqında söhbət gedən sənədində bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib.

Qeyd olunur ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.

Bundan başqa, sənəddə vurğulanır ki, anti-İran sanksiyaları həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.

Bir daha xatırladaq ki, sözügedən sanksiyalar noyabrın 5-də qüvvəyə minəcək.