YAP İlqar Məmmədovun namizədliyini açıqlamsını gözləyir? - HAKİM PARTİYADAN CAVAB

21/12/2019 - 13:35 11 905 0   0  

Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də namizədlər siyahısını açıqlamayıb. Gözlənilirdi ki, müxalifət düşərgəsi namizədlərini açıqlayandan sonra YAP-ın da siyahısı bəlli olacaq. Çünki YAP-ın ləngiməsi müxalif düşərgənin namizədlərinin bəlli olmaması ilə izah edilirdi.

Lakin seçkiyə qatılacaq əsas müxalifət partiyaları artıq namizədlər siyahısını açıqlayıb. YAP-ın isə hələ də gözləmə mövqeyində olması ən müxtəlif fərziyyələrə səbəb olub. Əsas ehtimal budur ki, siyahının açıqlanmaması partiyadaxili ziddiyyətlərlə bağlıdır. Daha doğrusu, partiyada parlament seçkilərinə qatılmaq iddiasında olanlar çoxdur və onlardan bəzilərini mövqeyindən çəkindirmək mümkün olmayıb.

Bu baxımdan siyahı hətta YAP-çıların özündən də gizli saxlanılır. Rəhbərlik hesab edir ki, siyahının indi açıqlanması siyahıda adları olmayan iddialı YAP-çıların özfəaliyyətinə səbəb ola və bu da ictimai rəydə hakim partiyada parçalanma kimi qəbul edilə bilər. Ona görə də partiya siyahnı son anda açıqlamaqla gözlənilən təhlükənin qarşısını almağa çalışır.

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov isə bəyan edib ki, YAP-ın namizədlər siyahısını açıqlamamsı onun parlament seçkilərinə qatılması ilə bağlıdır. REAL sədrinin fikrincə, YAP məhz onun namizəd olacağı dairəni müəyyənləşdirmək istəyir.

“YAP, bax, sənin siyahın açıqlanmayınca, hardan namizəd olacağımı bilməyəcəksən. Ordan-burdan öyrənməyə də çalışma. Vacib saydığın namizədinə qarşı gedəcəm. Yüzlərlə insan sənin siyahını gözləyir ki, seçki lotereyası oynasın - onlara əzab vermə. Sənin və mənim işim lotereya deyil axı, siyasətdir. Açıqla siyahını!”, -deyə İlqar Məmmədov bildirib.

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə Yenisabah.az-a açıqlamasında siyahı bağlı səsləndirilən fərziyyələri, həmçinin İlqar Məmmədovun fikirlərini əsassız hesab edib.

“Yeni Azərbaycan Partiyası zamanı gələndə namizədlər siyahısını açıqlayacaq və biz ölkəmizin ən güclü, seçkidə qalib gəlmək ehtimalı yüksək olan şəxslərin siyahısını görəcəyik. Amma bəzilərinin Yeni Azərbaycan Partiyasının nüfuzundan istifadə etmək cəhdlərini seyr edirik. Bilirlər ki, partiyamızın istənilən namizədi onlardan üstün olacaq. Ona görə də indidən qarşıdan gələn seçkilərdə özlərinin məğlubiyyətini sığortalamağa çalışırlar. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və özündə demokratik düşüncəli, ölkənin gələcəyini düşünən, cəmiyyətdə nüfuzu olan insanları birləşdirir. Bu baxımdan kiminsə partiyamızın adına istinad edib belə bəyanatlar verməsinin heç bir əsası yoxdur”./Yenisabah