Özündən 1 yaş kiçik qıza sevgi mesajı yazan 16 yaşlı oğlan 4 il sonra həbs olundu... – Məhbusun anası intihar həddindədir

20/12/2019 - 16:53 13 945 0   0  

Füzuli rayonunun Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ müharibəsi veteranı ailəsi, məhbus anası Baxşıyeva Diləfruz Bayram qızı tərəfindən Suveren-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi müraciət edən şikayətçinin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!

Sizə mətbuat yolu ilə müraciət etməkdə məqsədim 1997-ci il doğumlu oğlum Kərimov Elməddin Mehdi oğlunun 2013-cü ildə - 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə, 4 il sonra - 2017-ci ildə, əsassız olaraq  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 150.2.3 maddəsi ilə 5 il həbs cəzasına məhkum edilməsinə və hətta əfv olunmasının da mümkünsüzlüyünə diqqətinizi cəlb edib,  oğlumun əfv olunmasını diləməkdir.

16 yaşlı məktəbli oğlumun “təqsiri” odur ki, 15 yaşlı məktəb yoldaşı qızın “aşkar surətdə yetkinlik yaşına çatmadığını bilərək, ona qarşı seksual xarakterli əxlaqsızlıq edib”!? Birincisi, bu sevənlərin hər ikisi yetkinlik yaşına çatmayıb və aralarında yalnız sevgi mesajlaşması olub.  İkincisi, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qızı 5 dəfə (!) müayinə edib və hamısında bakirəliyin pozulmadığı haqqında rəy verib! Lakin qarşı tərəfin şərləməsi ekspert rəyindən də üstün tutulub və heç bir sübut, fakt, şahid ifadələri olmadan, ana-balanın şər-böhtan izahatları əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən hakim Əlisultan Osmanov ) oğlumu 19.05.2017 tarixli 1 (101)-62 saylı hökmlə CM-in 150.2.3 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsinin 24.07.2017  tarixli hökmü və Ali Məhkəmənin 16.01.2018 tarixli qərarı ilə aşağı instansiyanın hökmü dəyişdirilmədən saxlanılıb. Beləliklə, oğlum Kərimov Elməddin Mehdi oğlu sübut olmadan, saxta ittihamla 2 il 7 aydır məhbəsdə cəza çəkir. Hətta 6 saylı cəzaçəkmə müəssisəsində də şər-böhtançılar oğlumu hədələyir, təhdid edirlər.
Artıq intihar həddindəyəm. Oğlumun işinə yenidən ədalətlə baxılmasını və qərəzli hökm çıxaran hakimlərin cəzalandırılmasını tələb etsəm də, nə prokurorluq protest verir, nə də min manat qarşılığında tutduğumuz vəkil Adəm Məmmədov müvəkkilinin hüquqlarını qorumaq üçün addım atır.
Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!

Sizin mərhəmətinizə, humanistliyinizə ümid edirəm. Əfv etmək Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Prezident yanında Əfv məsələləri komissiyasının katibi isə oğlumun cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsinə yazıb ki,  oğlum əfvə düşmür. Niyə? Bəyəm əfv amnistiya aktıdır ki,  maddə ilə, yaxud cəzanın üçdən ikisini çəkmək şərti ilə verilsin? Mənim oğluma 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə saxta ittihamla ən yuxarı həddə cəza verilib, bu cəzanın yarıdan çoxunu çəkib və 7 il qabaqkı “ilk məhəbbət mesajlaşması”na görə dərin peşimançılıq keçirir. Sizdən intiharın bir addımlığında olan ana kimi oğlum Kərimov Elməddin Mehdi oğlunun işinə yenidən baxılmasını təmin etməyinizi, ya da əfv olunmasını xahiş edirəm”.

Suveren.az
Redaksiyadan: Mövzu ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.