İcra başçısı iclas keçirib, işçilərlə vidalaşdı - FOTO

31/10/2019 - 13:55 8 881 0   0  

Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa verdikdən və Prezident İlham Əliyevin onların bu addımının iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacağını bildirməsindən sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyi gözlənilir.

Suveren.az yeniavaz.com-a istinadən xəbər verir ki, hazırda mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə rəhbərlik edənlər arasında pensiya yaşına çatan yalnız bir nəfər (Səhiyyə naziri Oktay Şirəliyev, 69 yaş) olduğu halda,  yerli icra hakimiyyəti orqanların rəhbərləri arasında penisya yaşını ötənlərin sayı çoxdur. Bu səbəbdən də hər kəs yaxın günlərdə pensiya yaşı çatan İcra başçıları arasında istefa verənlərin olacağını gözləyir.

Son iki gündür mətbuatda və sosial şəbəkələrdə İcra başıları arasında ən yaşlısı olan - Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayev istefa verəcəyi yazılır.

Yeniavaz.com-a rayondakı mənbələrdən daxil olan məlumata görə bu gün Xaçmaz rayon İcra Hakimiyyətində Şəmsəddin Xanbabayevlə vida görüşü keçirilib. Şəmsəddin Xanbabayevin istefası ilə bağlı rəsmi məlumatın yaxın zamanlarda açıqlanacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Ordubad rayonun Aşağı Əndəmic  kəndində anadan olub. 1964-1969-cu illərdə Politexnik İnstitutunu təhsilini davam etdirib.

1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı var.